Xocavənd rayonundan olan məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılır

18:48 21 Fevral 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


Beyləqan, 21 fevral, AzərTAc
Ərazisi işğal altında olan Xocavənd rayonunun azərbaycanlı əhalisi respublikanın 36 şəhər və rayonunda məskunlaşıb. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində yerləşən Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı qəsəbələrində, Ağcabədi rayonu ərazisində salınmış massivdə yaşayırlar. Bu il Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınan 320 evdən ibarət qəsəbə istifadəyə verilib.
AzərTAc xəbər verir ki, bu barədə Xocavənd rayonu üzrə 2014-cü ilin yekunlarına həsr olunan yığıncaqda bildirilib.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi önünə gül dəstələri qoyub, ötən il görülən işləri əks etdirən stendlərə baxıblar.
Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində və çıxışlarda Xocavəndin sosial-iqtisadi göstəriciləri təhlil olunub, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ötən il Xocavənd qəsəbəsinin daxili yolları təmir edilib, 91 gənc ailə mənzillə təmin olunub, qəsəbənin abadlaşdırılması, Bayraq Meydanının, idman zalının tikintisi, telefon xətlərinin çəkilişi davam etdirilib. İl ərzində qəsəbələrdə yaşıllaşdırma işləri çərçivəsində 2560 ədəd ağac əkilib.
Qeyd olunub ki, 2014-cü ildə rayonun təsərrüfatlarında 1966 baş mal-qara, 14 min 15 baş qoyun və keçi olub. Yığıncaqda aqrar sahədə əldə olunan nəticələrdən danışılıb, iqtisadi göstəricilər diqqətə çatdırılıb.
Xocavəndli gənclərin uğurlarından danışılarkən məlumat verilib ki, Bakı şəhərində keçirilən VKC karate idman növü üzrə Azərbaycan çempionatında 3 idmançı birinci, 2 nəfər ikinci yerə, Ağcabədi şəhərində keçirilən respublika şahmat turnirində isə 2 şahmatçı ikinci yerə layiq görülüb.
Ötən il rayonun təhsil həyatında da yaddaqalan olub. Rayon məktəblərini bitirən 101 məzundan 35 nəfəri ali məktəblərə, 7 nəfər orta ixtisas məktəblərinə qəbul edilib. Xocavənd rayonu 2 nömrəli tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocavend_rayonundan_olan_mecburi_kochkunlerin_heyat_seraiti_yaxsilasdirilir-833985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR