Liviyada “Kapitan Xəyyam” gəmisində həbs olunan azərbaycanlı dənizçilərin məhkəməsi may ayında keçiriləcək. Bunu ANS PRESS-ə açıqlamasında gəminin məxsus olduğu “Saygi Denizcilik ve Elektrik” şirkətinin nümayəndəsi Murad Karaər deyib.
"Bizim şirkətin bütün kapitanları azərbaycanlıdır".
Onun sözlərinə görə, əvvəl limanın rəhbərliyi gəmiçilərin azadlığa buraxılması üçün 300 min dollar (450 min manat - red.) pul istəyib. O, qeyd edib ki, tələb olunan məbləğ ödənilməyib. "Çünki pulu versək dənizçiləri geri qaytarmayacaqlar. Biz rəsmi olaraq məhkəməyə müraciət etmişik. Artıq məhkəmənin qərarı ilə gəminin azad edilməsi üçün 130 min avro (220 min manat - red.) pul ödəmişik”,- deyə Karaər bildirdi.
O, həmçinin qeyd edib ki, gəmiçilərlə daim əlaqə saxlanılır. “Mən söz verə bilərəm ki, onlar azadlığa çıxacaqlar. Çünki dənizçilərin heç bir günahı yoxdur. Səhətləri yaxşıdır. Ailələri ilə də danışmağa şərait yaradılır. Tək problemləri isə siqaret çəkə bilməmələridir”,- deyə şirkət nümayəndəsi əlavə edib.
Murad Karaər dənizçilər azadlığa çıxdıqdan sonra yenidən öz işlərini davam etdirə biləcəyini də bildirib.

Liviyada itkin düşən azərbaycanlı dənizçilər tapıldı
Azərbaycan vətəndaşları “Kapitan Xəyyam” gəmisinin kapitanı Elinxan Bağırov, matroslar Əliağa Babayev və Elşad Hüseynov da hazırda Tripoli həbsxanasında saxlanılırlar. Əvvəl onların olduğu gəminin hansı istiqamətdə hərəkət etdiyi və nə məqsədlə Liviyaya getdiyi barədə bəzi qeyri – dəqiq məlumatlar yayılırdı. Bu məlumatlara görə, dənizçilərin tankerlərdə artıq yük daşıdıqları üçün həbs olunduqları və ya hər hansı bir silahlı birləşmə tərəfindən girov götürüldüyü bildirilirdi. Uzun müddətdən sonra azərbaycanlılarla bağlı xoş xəbərlər əldə etmək mümkün oldu. Onların sağ-salamat olduğu bildirildi.

Ümumilikdə, son vaxtlar Liviyada həbs olunan azərbaycanlıların sayı artıb. Onların əksəriyyəti qaçaq yük daşımaqda və Liviya sularına qanunsuz daxil olmaqda günahlandırılırlar.
Onlardan Bakı şəhər sakinləri “Kalkanlar 1” gəmisinin heyət üzvüləri Salamov Namik (kapitan), Əliyev Fərid (matros) və adı məlum olmayan motorçu haqqında iki aydan çox müddətdə məlumat almaq mümkün olmayıb.

Bəs azərbaycanlıları qeyri –sabit vəziyyətin yaşandığı Liviyaya niyə və hansı şərtlər altında gedirlər? Bir neçə dəfə Türkiyədən Liviyaya yük aparan dənizçilərdən biri Qəhrəman Babayev ANS PRESS-ə açıqlamasında bildirdi ki, xarici gəmiçilik şirkətləri Azərbaycandakılara nisbətən daha çox maaş təklif edirlər. Onun sözlərinə görə, əksər şirkətlər sığortanı, otel və yemək pulunu da öz üzərinə götürür.

Liviyada daha 2 azərbaycanlı həbs olundu
"Bəzi azərbaycanlılar Türkiyəyə işləməyə gedərkən belə dənizçilik şirkətlərindən dəvət alırlar. Hər bir şirkətin öz maaş təklifi var",-deyə Qəhrəman Babayev bildirdi.
O, qeyd etdi ki, şirkətə işə düzələn hər bir işçiyə müqavilə təqdim edilir. "Qanuni formada tərtib edilən müqavilələrin bir nüsxəsi işçidə, digəri isə şirkətdə qalır. Dənizçilik şirkətləri gəmilərini icarəyə verir. İcarədar şirkətlər isə gəmini istədiyi istiqamətə göndərə bilir. Məsələn, gəmi bir gün Fransaya, digər gün isə Liviyaya səfər edə bilər"-deyə dənizçi əlavə edib.

Dənizçi bildirdi ki, şirkət hər hansı öhtəliyini yerinə yetirmədikdə məhkəməyə müraciət etmək olur. “Londonda dənizçilərin hüquqlarını müdafiə edən təşkilat var. Həmin təşkilat öhtəliklərini yerinə yetirməyən şirkətə təsir etmək imkanına malikdir. İşə düzələrkən də həmin təşkilata müraciət edib, dənizçilik şirkətinin fəaliyyəti ilə bağlı məlumat almaq olur”.

İtkin düşən azərbaycanlılarla bağlı böyük yalan
Məlum olur ki, Azərbaycan vətəndaşları xaricdə yerləşən şirkətlərdə işləməyə gedəndə onlarla qanuni olaraq bütün müqavilələr bağlanır. Amma bəzi hallarda dənizçilik şikətləri məsuliyyətdən yayınmağa çalışırlar. Məsələn, “Gebze Denizçilik” şirkətinə aid olan “Kalkanlar 1” gəmisinin heyət üzvülərinin taleyi ilə bağlı ziddiyətli məlumatlar yayırdı. Gəminin gah Yunanıstanda, gah da Liviyada olduğu deyilirdi. Amma sonradan məlum oldu ki, gəmi Liviya sularına qanunsuz daxil olduğu üçün həbs edilib.
Bu səbəbdən xarici şirkətlərdə işləmək üçün müraciət edərkən mütləq onun fəaliyyətini daha yaxşı araşdırmaq lazımdı. Çünki bəzi hallarda yaxşı maaş təklif edib işçiləri özlərinə cəlb edib uzaq səfərlərə göndərən şirkətlər dənizçilərin taleyinə cavabdeh olmaq istəmirlər. Dənizçilik şirkətləri külli miqdarda pul verib öz gəmilərini xilas etməklə öhtəliklərini bitmiş hesab edirlər. Amma gəminin heyət üzvləri ilə bağlı müqavilələrə əməl etmirlər. Bu isə işləmək üçün uzaq ölkələrə gedən vətəndaşların taleyini sual altında qoyur.