İslama şəkk gətirən kafirdir?

İslama şəkk gətirən kafirdir?
09:17 23 Fevral 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

İslam Kərimov 1989-cu ildən bəri Özbəkistana rəhbərlik edir. Onun 77 yaşda olması isə ölkədə hakimiyyət varisliyi məsələsini aktuallaşdırıb. Martda keçiriləcək prezident seçkiləri ərəfəsində rəsmi Daşkənd Moskva ilə yanaşı, Vaşinqtonun da dəstəyini almağa çalışır.
 
Özbəkistan indi siyasətçilərin "elektoral dövr" adlandırdıqları növbəti mərhələdədir. Ölkə parlamenti olan "Oli Majlis"ə seçkilərin bu yaxınlarda başa çatdığını, prezident seçkilərinə isə az qaldığını nəzərə alan İslam Kərimov çox ehtiyatlı və düşünülmüş siyasət yürütməyə çalışır. Təbii ki, o, ölkədə süni fəaliyyət görüntüsü yaradan çoxsaylı partiya və partiyacıqların marionetka namizədlərindən əsla çəkinmir. Sözün düzü, həmin namizədlər arasında fərqi heç yerli siyasi şərhçilər də görmürlər.


 
Lakin İslam Kərimovun hakimiyyətdə qalmasına həm Moskva, həm də Vaşinqton mane ola bilərlər.
Birləşmiş Ştatların variantı Daşkənddə "Maydan" ssenarisinin reallaşmasıdır ki, səbəb kimi də hərbi bazanın icarəsi problematikası göstərilə bilər.
ABŞ Özbəkistanda bir neçə "cib" müxalifət liderini də idarə edir ki, onlar da ölkədə inqilabın "qaçılmazlığı" barədə süst çıxışlar edir, müsahibələr verirlər.
 
Avrasiya İqtisadi Birliyi formatında Özbəkistanla vahid iqtisadi məkan yaratmış Rusiya və Qazaxıstanla ticari, iqtisadi və maliyyə əlaqələri Daşkənd üçün olduqca əhəmiyyətlidir. Üstəlik, Vaşinqtonla müqayisədə Moskva özbəklərə daha güclü və ciddi təsir rıçaqlarna malikdir. Rusiyada çalışan və sayı milyonlarla olan, ekstremist "skinhed"lərlə müqayisədə özbək məmurlara daha çox nifrət edən özbək miqrantların özü elə Moskvanın əlində çox ciddi arqumentdir.
Rusiyada yaşayan və orada çalışan özbək miqrantlar İslam Kərimova rəğbət bəsləmirlər.
 
İslam Kərimovun da bu adamlara münasibəti məhrəm deyil. Özbəkistan prezidenti müsahibələrindən birində həmin miqrantları "ölkəni rüsvay edən tənbəllər" adlandırmışdı.
Özbəkistanda keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiyadan həmin miqrantları kütləvi şəkildə vətənlərinə deportasiya etməyə başlarsa, nələr olacağını təsəvvür etmək çətin deyil.


 
Rusiya prezidenti Vladimir Putinin də Özbəkistana son səfəri göstərdi ki, Moskva Daşkəndə sərt təzyiqlər etmək niyyətində deyil. Bununla belə, Özbəkistan ərazisində ABŞ-ın hərbi bazasının olması rəsmi Moskvanı çılğına döndərə bilər. Belə şəraitdə İslam Kərimov sayıq, sərvaxt davranmalı, dediklərinə və etdiklərinə kontrolu artırmalı, ötən ilin sonlarında Avrasiya İqtisadi Birliyi ideyasının absurd olması ilə bağlı çıxışlarının məcrasında açıqlamalar verməməlidir.
İslam Kərimov da artıq belə davranmağa başlayıb.
 
Bununla belə o, ABŞ-ın Dövlət Departamenti ilə əlaqələri də kəsmir, əksinə, daha da inkişaf etdirir. Qırğızıstanın hakimiyyət dairələri Moskvanın sərt təzyiqlərinə, hədələrinə dözməyərək "Manas" aviabazasının qapılarını amerikalı hərbçilərin üzlərinə bağlayandan sonra Vaşinqton Özbəkistanda baza yaratmağa çalışır. Çünki Orta Asiyada təsir imkanlarını qorumaq üçün Özbəkistan regionun bütün dövlətləri ilə sərhədləri olan ölkə qismində amerikalılar üçün olduqca əlverişli məkan, rahat variantdır.
 
Ötən il ABŞ-ın yüksək rütbəli məmur, hərbçi və diplomatlarının Daşkəndə səfərləri, o cümlədən dövlət katibinin müavini Börns, mərkəzi komandanlığın rəisi, general Ostinin vizitləri göstərir ki, amerikalıların İslam Kərimovla apardıqları danışıqlar yetərincə konkret olub.


 
Vaşinqton bazaya qiyməti də müəyyənləşdirib və Daşkəndə 1 milyard dollar təklif edib. Bu məbləğə ölkə ərazisində xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini yasaqlayan qanunvericilikdə zəruri dəyişikliklərin edilməsi zərurəti də daxildi.
 
Ötən ilin payızında bir sıra beynəlxalq təşkilatlar və xüsusilə də ABŞ-dakı qeyri-hökumət qurumlarının Özbəkistanda pambıq toplanması zamanı uşaq əməyindən istifadə edilməsi, habelə ölkədəki rüşvətxorluq və korrupsiyanın dözülməz həddə çatması barədə hesabatları açıqlaması isə Vaşinqtonla Daşkənd arasındakı münasibətlərin normallaşmaqdan hələ çox uzaq olduğunu göstərir.
 
Səbəb bəlli: Daşkənd amerikalılarla sıx əlaqələr quraraq Moskvanı qıcıqlandırmaq, daha doğrusu, qəzəbləndirmək istəmir.
İslam Kərimov 2005-ci ildəki Əndican olaylarında amerikalıların tutduqları mövqeləri də unutmayıb. Həmin dövrdə Birləşmiş Ştatlar Daşkənddəki rejimin devriləcəyinə ümid edərək kütləvi etirazlar dalğasını dəstəkləməyə çalışırdılar.


 
İslam Kərimov onu da gözəl bilir ki, ölkə ərazisində amerikalıların hərbi bazasının yaradılmasına icazə verərsə, Özbəkistana amerikalı hərbçilərdən sonra Birləşmiş Ştatların üzdəniraq "soft power"inin bütün infrastrukturu, o cümlədən "bütün dünyada azadlıq və demokratiya" uğrunda mübarizə aparan strukturlarla ən müxtəlif beynəlxalq təşkilatlar və qeyri-hökumət qurumlarının mənsubları axışacaqlar.
 
Özbəkistan prezidenti Rusiyanın postsovet məkanındakı inteqrasiya proseslərini gücləndirməsini "Moskvanın neoimper ambisiyaları" adlandırır və Daşkəndin bu proseslərə əsla qatılmayacağını deyir, hələ Qırğızıstana təbii qaz verilməsini dayandırırdı da. Lakin ötən ilin ortalarından bəri qoca Kərimov siyasətini dəyişməyə və Moskvanı dilə tutmağa başlayıb. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçirilmiş sammitində İ.Kərimov Rusiya prezidenti Vladimir Putinə təriflər yağdırmış, sonra da onunla sıx tərəfdaşlığa meylli olduğunu demişdi.


 
MDB ölkələrinin dövlət başçılarının Minsk toplantısında İslam Əbdüqəniyeviçin Ukrayna prezidenti Pyotr Poroşenkonun ünvanına dediklərini xatırlasaq, deyəsən, Daşkəndlə Moskva artıq "barışıq" ərəfəsindədir.
 
Təsadüfi deyil ki, İslam Kərimovun belə "etiraf"ından sonra Rusiya Özbəkistanın borclarının 825 milyon dollarını bağışladı.
Amma Birləşmiş Ştatlar durumla barışmadı. Ötən ilin dekabrın sonlarında Özbəkistan parlamentinə həmişə olduğu kimi, heç nəyi həll etməyən və dəyişməyən seçkilər keçirildi.
 
Seçkilər prosesi ABŞ-da yumşaq desək, narazılıq yaratdığından bu ilin yanvarın sonlarından bəri İslam Kərimov yenə "SSRİ-nin bərpasının mümkünsüzlüyü və Özbəkistanın postsovet məkanındakı inteqrasiya strukturlarına qatılmayacağı"ndan danışmağa başladı.

Bir qədər də keçdi, ABŞ Daşkəndə Əfqanıstanda istifadə olunmuş 300 zirehli avtomobili hədiyyə etdi.
 
İndi İslam Kərimovun qarşısında duran vəzifələr arasında qonşu dövlətlərlə normal əlaqələr qurmaq, Tacikistanı müharibə hədələri ilə qorxutmaqdan vaz keçmək, Qırğızıstanın sərhədçiləri ilə atışmalara son qoymaq və ən önəmlisi - varis məsələsini həll etməkdir.
 
Hakimiyyətin varisə ötürülməsi prosesi normal və mülayim keçərsə, yəni İslam Kərimov tələsmədən, ahəstə şəkildə postundan uzaqlaşmağa başlayaraq ölkənin idarəetmə rıçaqlarını seçdiyi adama verərsə, Daşkənddəki siyasi elita müxtəlif klanları və düşərgələri təmin edəcək ortaq fiquru seçəcək.
Amma problem ondadır ki, İslam Kərimov yalnız ona əsaslanan sistem qurub. Tərsinə çevrilmiş piramidanı xatırladan sistemin dayağı yoxa çıxarsa, konstruksiya çökəcək və Özbəkistanla yanaşı, bütün Orta Asiyada olduqca ciddi problemlər yaranacaq.


 
... Özbəkistan unitar dövlət olsa da, bir zamanlar Buxara əmirliyi ilə Kokand və Xivə xanlıqlarının birləşdirilməsindən yaranıb. Ölkədə radikal islamçılığın güclü olduğu Fərqanə vadisi, çoxlu millətlərin yaşadığı Buxara və Səmərqənd vilayətləri, Qaraqalpakıstan Respublikası təki hər an partlaya biləcək potensial separatçılıq məkanı kimi problemlər var.
 
İslam Kərimov qocalıb. Ondan sonra ölkəni idarə edəcək şəxs klanlar və qruplar arasındakı didişməyə əsla yol verməmək məcburiyyəti ilə qarşılaşasıdır.
Ukraynadakı Maydan və separatçılıq, Tacikistandakı vətəndaş müharibəsi, Qırğızıstanda iki dövlət çevrilişi - bütün bunlar Daşkənd üçün dərs olmalıdır.
Dərslər isə yalnız "İslama şəkk gətirən kafirdir" anlamının ortadan qalxmasından sonra əxz edilə bilər.
 
Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/326049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR