Azərbaycan BP-ni alır

Azərbaycan BP-ni alır
09:56 23 Fevral 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan dövləti ölkədə xarici şirkətlər üçün normal iş şəraiti yaradıb. Amma ölkədə fəaliyyət göstərən əksər transmilli şirkətlərdə çalışan əcnəbi və yerli işçilərə münasibətdə fərqlilik mövcuddur və bu, cəmiyyətdə birmənalı qarşılanmır.

Belə ki, xarici şirkətdə işləyən əcnəbilərə daha yüksək, yerli işçilərə isə az maaş ödənilməsi, işə götürmə zamanı ayrı-seçkiliyə yol verilməsi və. s məsələlər dəfələrlə geniş müzakirələrə səbəb olub və müxtəlif fikirlər səsləndirilib.

Ekspertlərin fikrincə, xarici şirkətlər ölkə vətəndaşlarına qarşı ayrı-seçkilik tətbiq etməməlidir. Azərbaycanlı işçilər də əcnəbi fəhlə və mühəndislər qədər əmək haqqı almalı, onların da istirahət hüququ təmin edilməlidir. Azərbaycanlı fəhlələr də əcnəbilərə tətbiq olunan güzəştlərdən bəhrələnməlidir.

Ümumiyyətlə, hazırda vəziyyət necədir, Azərbaycan vətəndaşlarının işlə təminatında dəyişiklik varmı, bu sahədə hansısa yeniliklər mövcuddur?

ANS PRESS-in araşdırmasına görə, ölkəmizdə ən böyük transmilli şirkət olan “bp-Azərbaycan” şirkətində çalışan vətəndaşlarımızın sayı 3 min nəfərə çatıb. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təqribən 86%-ni yerli mütəxəssislər təşkil edir və bunların çoxu rəhbər vəzifələrdə çalışır.

Şirkətin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İndi ixtisası olmayan işçilərin 100%-i yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

BP-dən bildirilib ki, ötən ildə şirkət yerli mütəxəssislərə təlimlərin keçirilməsini diqqətdə saxlamağa, o cümlədən Səngəçaldakı Xəzər texniki təlim mərkəzində (XTTM) yerli texniklərin hazırlanmasına davam edib. Mövcud olduğu 10 il ərzində XTTM BP-nin əməliyyatçısı olduğu obyektlər üçün təqribən 900 yerli texnikə təlim keçib. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayırlar.

Şirkət həmçinin yerli mühəndislər üçün dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nı (NİMTP) uğurla həyata keçirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

Bundan əlavə, ötən il ərzində BP və onun tərəfdaşları təkcə Azərbaycanda davamlı inkişaf layihələrinə 5,87 milyon dollar xərcləyib. Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcək.

BP ARDNŞ ilə həm də yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edir. Bu iki şirkət nef-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlər aparır. Bu öhdəlik çərçivəsində BP şirkəti Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 90-a yaxın yerli icma nümayəndərlərinin peşə və texniki təliminə dəstək verir.

Ekspertlər son vaxtlar ölkəmizdə fəaliyyət göstərən şirkətlərdə yerli mütəxəssislərlə bağlı problemin əvvəlki illərə nisbətən xeyli azaldığını bildirirlər. Onların fikrincə, bu, çox faydalıdır. İndi kadrların, mütəxəssislərin xaricdən gətirilməsi sərfəli deyil. Çünki son dövrlərdə dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar dünyada, eləcə də Avropada iqtisadi böhran əlavə xərclərin qarşısının alınmasına ehtiyac yaradır. Belə olan halda xaricdən yüksək maaşla mütəxəssiz, kadr, işçi gətirmək sərfəli deyil.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=19&nid=326997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR