Bakı, 23 fevral, AzərTAc
Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3.6, Ağstafaçay su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini keçib.
Bu barədə AzərTAc-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3.5, Birinci Şahsevəndə 3.4, Bəhramtəpədə isə 3.8 dəfə yol verilən qatılıq həddini keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejiminin bütün məntəqələrdə 6.15-7.47 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.