Mərkəzi ofisi Vaşinqtonda yerləşən və ABŞ-da yetərincə tanınan “Al Monitor” portalı gizli şəkildə qurulmuş Türkiyə-İsrail-Azərbaycan hərbi blokundan bəhs edib.
ANS PRESS-in məlumatına görə, “The Washington Times”a yaxın olan və Yaxın Şərq problemləri üzrə izxtisaslaşmış portalda türkiyəli köşə yazarı Pınar Trembli tərəfindən yazılmış məqalədə iddia edilir ki, aprel döyüşlərində Azərbaycanın qələbəsində İsrailin “Harop” pilotsuz uçuş aparatlarının böyük rolu olub.
2015-ci ildə Türkiyədə Azərbaycanı dost sayanların payı 37,2% olubsa, 2016-cı ildə keçirilmiş sorğuda bu, 59,3%-ə qalxıb.
Müəllif dediklərini isbatlamaq üçün İrəvanda fəaliyyət göstərən erməni ekspert Riçard Kirakosyanın fikirlərini dərc edib. Kirakosyan Azərbaycanın hərbi himayəçisi rolunun Türkiyədən İsrailə keçdiyini, 2012-ci ildə bağlanmış müqavilə əsasında Azərbaycanın İsraildən 1,6 milyard dollarlıq pilotsuz uçuş aparatları və zenit-raket sistemləri aldığını bildirib.
Erməni mətbuatı tərəfindən də geniş tirajlanan məqalədə iddia edilir ki, Türkiyə tərəfi əvvəlcə Azərbaycanla İsrailin arasında əməkdaşlıq səviyyəsini aşağı salmağa çalışıb. Amma sonradan mövqeyini dəyişib və «Əgər kiməsə qalib gələ bilmirsənsə, ona qoşul» devizinə əməl edib. Məqalədə aprel döyüşlərindən sonra Türkiyədə Azərbaycana və İsrailə qarşı münasibətin dəyişdiyi də bildirilib, bu məsələdə qeyri-hökumət təşkilatlarından birinin həyata keçirdiyi sorğuya əsaslanıb. Sorğuya görə, əgər 2015-ci ildə Türkiyədə Azərbaycanı dost sayanların payı 37,2% olubsa, 2016-cı ildə keçirilmiş sorğuda bu, 59,3%-a qalxıb. Həmçinin İsraili düşmən sayanların da sayı azalıb, 2015-ci ildə 42,6%-ə bərabər olan rəqəm, 2016-cı ildə 26%-ə düşüb.

Hərbi-siyasi icmalçı, «AzeriDefence» jurnalının redaktoru Ramil Məmmədli ANS PRESS-ə müsahibəsində «Al Monitor»un gizli Türkiyə-İsrail-Azərbaycan hərbi bloku barədə dediklərini əsassız sayıb: "İsraillə Azərbaycan arasında yalnız hökumətlər arası çoxtərəfli əməkdaşlıq sazişi var və iqtisadi münasibətlər bu saziş çərçivəsində qurulur. Yəni iki ölkə arasında hərbi əməkdaşlıq sazişi belə yoxdur. İsrailin Bakıdakı səfirliyində hərbi attaşe belə fəaliyyət göstərmir".
Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan İsrail silahlarını bu ölkənin müdafiə nazirliyinin beynəlxalq ixrac idarəsindən alıb:
"İsraillə Azərbaycan arasında münasibətlər yalnız hökumətlərarası çoxtərəfli saziş çərçivəsində qurulur”.
"Sözügedən idarə Azərbaycanın sifarişlərinə baxaraq qəbul edib, Ermənistanın sifarişlərini isə qəbul etməyib. Ermənistanla İsrail arasında münasibətlər ümumiyyətlə zəifdir, bu ölkələrin bir-birində səfirliyi belə yoxdur. Buna görə də, ermənilərin Azərbaycanın uğurlarını İsrailin adına yazması ermənilərin ənənəvi olaraq yəhudilərə bəslədikləri düşmən münasibətdən qaynaqlanır. Azərbaycan isə münasibətlərini nifrət yox, bir çox ölkələrlə balanslaşmış əməkdaşlıq əsasında qurur".
Tarix göstərir ki, yəhudilərlə türk xalqlarının arasında heç bir düşmənçilik olmayıb, əksinə Azərbaycan dövlətçiliyinin əsasında durmuş Xəzər xaqanlığında yəhudilər xüsusi imtiyazlara malik olublar. 4-cü əsrdə Bakı yaxınlığındakı Bələncər və Saray məntəqələrindən başlamış, ərazisi Şimali Qafqaza və Həmədəna kimi uzanmış bu türk dövlətində son xaqanlar hətta yəhudi dinini qəbul ediblər.
1491-ci ildə İspaniyada yəhudilərə qarşı soyqırım başlayanda və yəhudilər ölkədən çıxarılanda Osmanlı imperatoru öz gəmilərini göndərərək onları Atlantik okeanının sularından xilas edib və öz ərazilərində yerləşdirib. Yəni Türkiyədə yəhudilərə qarşı münasibətin yumşalması heç də aprel müharibəsi ilə bağlı deyil və ənənəvi türk-yəhudi münasibətlərindən qaynaqlanır.

Azərbaycan ordusunun güclənməsi heç də erməni ekspert Riçard Kirakosyanın iddia etdiyi kimi 2012-ci ildə İsraillə bağlanmış hansısa müqavilə deyil. Erməni ekspertlər hələ bir neçə il qabaq da Ermənistanın Azərbaycanla müharibə aparmaq iqtidarında olmadığını vurğulayırdılar.
Məsələn, Avropa oyunları ərəfəsində erməni şərhçi Aqasi Yenokyan Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın müharibəyə başlamaq barədə çağırışlarına cavab vermişdi: «Azərbaycanın indiki silahlanması şəraitində indiki təhlükəsizlik zolağı yetərli deyil. Deyilənlərdən belə anlaşılır ki, bizim silahlı qüvvələr yeni ərazilər işğal etməlidir, yəni müharibə qaçılmazdır. Təbii ki, müharibəyə başlamaq istəyini bəyan etməklə Ermənistan bu müharibədə qalib gələcəyini ehtimal edir. Amma əsas problem odur ki, Ermənistan qələbə çala bilməyəcək».
David Tonoyan hələ bir neçə il öncə Ermənistanın Bakı-Tbilisi-Ceyhan kimi magistral neft kəmərlərini tutmasının vacibliyini vurğulayırdı. Aprel döyüşlərində Ermənistan bu niyyətini həyata keçirmək istədi və uğursuzluğa düçar oldu, əlində olan bir neçə strateji mövqeyi itirdi. Bu məsələdə Azərbaycana yalnız İsrailin «Harop» pilotsuz uçuş aparatları deyil, həmçinin «Azerspase» peyki vasitəsilə aparılan kəşfiyyat, Türkiyədən və Rusiyadan alınmış hərbi texnika, həmçinin Azərbaycan hərbçilərinin peşəkarlığı böyük dəstək verdi. Yəni bu uğuru bir ölkə ilə əməkdaşlığın ayağına yazmaq olmaz.