Mən vaxtilə Sovet İttifaqının Daxili Qoşunlarında xidmət etmişəm. Özüm də serjant olmuşam. Çünki hərbi kafedra olmadığı üçün bizi zabit kimi qəbul etmədilər. Lakin xidmətimi kişi kimi, günə-gün çəkmişəm.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Regional və Mədəniyyət komitələrinin üzvü Fəzail İbrahimli deyib.

Millət vəkili hərbi xidmətə yollanmağının qısa tarixçəsini də danışıb: "O vaxt, yəni 1977-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasında əyani oxuyurdum. Ona qədər əyani aspirantlar hərbi xidmətdən azad edilirdi. Lakin mən aspiranturaya qəbul olunan il qərar qəbul olundu ki, əyani aspirantlar da hərbi xidmətə getməlidir. Mən də, təbii ki, bu qərara uyğun olaraq hərbi xidmətə yollandım və Sovet İttifaqının Moskva vilayətindəki hərbi hissələrinin birində xidmət elədim. Ali təhsilli olduğum üçün il yarım xidmət elədim. Digərləri üçün isə xidmət 2 il idi".

F.İbrahimli hərbi xidmətlə bağlı Azərbaycan gənclərinə belə tövsiyə edib: "Hesab edirəm ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olan hər bir kişi, hər bir oğul hərbi xidmətdə olmalı, Vətənə xidmət borcunu şərəflə yerinə yetirməlidır. Nəzərə alsaq ki, ölkəmiz həm də məcburən müharibəyə cəlb olunub, torpaqları işğal edilib, onda bu, bizim hər birimizin müqəddəs borcumuz olmalıdır".

İlkin İzzət
Milli.Az