Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən “Xocalı. Soyqırımı və insanlığa qarşı cinayətlər. Cəzasızlığın təntənəsi.” mövzusunda konfrans keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransda Vyetnam ədliyyə nazirinin müavini, Hanoy Hüquq Universitetinin rektoru Prof. Dr. Phan Chi Hieu, Vyetnam Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Tran Dinh Nha, Vyetnam Elmlər Akademiyasının vitse-prezidenti Prof. Dr. Pham Van Duc, Vyetnam Xarici İşlər Nazirliyinin, Kommunist Partiyasının rəsmiləri, Vyetnamın bir sıra ali təhsil ocaqlarının gənc tədqiqatçıları və tələbələri, Hanoyda fəaliyyət göstərən diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Səfir 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalının dinc əhalisi, o cümlədən qadın və uşaqlara qarşı vəhşiliklər törətdiyini, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncə, zülm və təhqirlərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Səfir Xocalıda baş vermiş bu cinayət əməlinə görə Ermənistan dövlətinin, xüsusilə də cinayətin birbaşa iştirakçıları olmuş Ermənistanın hazırkı rəhbərliyinin məsuliyyət daşıdığını vurğuladı. Səfir Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı, bu cinayət hadisəsinə lazımi siyasi və hüquq qiymət verilməli olduğunun vacibliyini xüsusi vurğuladı. Səfir A.İmanov əks halda bunun cəzasızlığın təntənəsi olduğunu və dünyanın bir sıra başqa regionlarında da oxşar cinayət hadisələrinin törədilməsinə zəmin yaratdığını diqqətə çatdırdı.

Çıxışdan sonra Xocalı soyqırımına həsr olunmuş video nümayiş etdirildi və tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Konfransda, həmçinin Vyetnam Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Tran Dinh Nha, Türkiyənin Vyetnamdakı səfiri Ahmet Akif Oktay, Azərbaycan Universitetlərinin Vyetnamlı Məzunları Cəmiyyətinin rəhbəri, Vyetnamın keçmiş elm və texnologiyalar nazirinin müavini Dr. Nghiem Vu Khai, Hanoy Hüquq Universitetinin beynəlxalq hüquq fakültəsinin dekan müavini Dr. Nguyen Kim Ngan, Vyetnam İnsan Hüquqları İnstitunun direktor müavini Dr. Dao Thi Minh Huong, gənc tədqiqatçı, Hanoy Universitetinin tələbəsi, “Mən Azərbaycan haqqında nə bilirəm inşa müsabiqəsi”nin qalibi Phuong Thao Tran Thi çıxış etdilər. Çıxış edənlər, Xocalıda baş vermiş qətliamın insanlığa qarşı yönəlmiş cinayət olduğunu söyləmiş və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyət tərəfindən ədalətli mövqeyin ortaya qoyulmasının vacibliyini vurğuladılar. Çıxışlar zamanı insanların təməl hüququ olan yaşamaq hüququnun Xocalı qətliamı nəticəsində kütləvi şəkildə və kobudcasına pozulduğu qeyd olunduş, xüsusilə də qadınlara və uşaqlara qarşı törədilmiş vəhşiliklərə heç cür bəraət qazandırmağın mümkün olmadığını bildirdilər. Natiqlər uzun illər müharibələrdən əziyyət çəkmiş, soyqırımı və hərbi cinayətlərlə üzləşmiş Vyetnam xalqının Xocalı faciəsini daha yaxşı anladığını və bu cinayəti pislədiyini bildirdilər.

Konfrans zamanı Vyetnam dilinə tərcümə olunmuş Xocalı soyqırımı kitabının, Vyetnam və ingilis dilində www.khojaly.vn saytının təqdimatı keçirildi. Kitab və saytda Xocalı soyqırımının tarixi, faciə barədə müstəqil mənbələrə istinadlar, beynəlxalq mediada dərc olunmuş materiallar, hadisə şahidlərinin ifadələri, soyqırımı qurbanları barədə məhkəmə-tibbi ekspertizasının rəyləri, faciəni əks etdirən şəkillər əksini tapıb.

Konfransda, həmçinin Xocalı soyqırımını əks etdirən foto sərgi nümayiş etdirildi və tədbir iştirakçılarına faciə barədə kitablar, bukletlər paylanıldı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az