Hanoy, 26 fevral, AzərTAc
“Hazırda dünyanın bır sıra bölgələrində müharibələrin baş verdiyini nəzərə alsaq, soyqırımı cinayətləri əleyhinə tədbirlərin görülməsi vacibdir. Xocalıda baş vermiş qətliam haqqında əldə etdiyim ətraflı məlumat məni təsirləndirdi”. Bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində Vyetnam ədliyyə nazirinin müavini, Hanoy Hüquq Universitetinin rektoru, professor Phan Chi Hieu deyib.
Azərbaycanın Vyetnamdakı səfirliyinin “Xocalı. Soyqırımı və insanlığa qarşı cinayətlər. Cəzasızlığın təntənəsi” mövzusunda Hanoyda keçirdiyi konfransı yüksək qiymətləndirən nazir müavini tədbir zamanı müzakirə olunan məsələlərin gələcəkdə soyqırımı cinayətlərinin törədilməsi hallarının qarşısının alınması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Phan Chi Hieu deyib: “Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün güclü potensialının olmasına rəğmən, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli istiqamətində səylərini alqışlayıram. İnanıram ki, münaqişənin həlli ilə bağlı münasib sülh mexanizmi tapılacaq”.
Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Hanoy