Bakı, 26 fevral, Arzu Rəcəbova, AZƏRTAC
Fevralın 26-da “Nizami” Kino Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar sənədli filmlərin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Xocalı soyqırımından söz açaraq bildirib ki, bu faciə ermənilərin təcavüzkar və cinayətkar siyasətinin nəticəsidir. Ə.Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasını yüksək qiymətləndirib.
Rejissor Şamil Nəcəfzadə çəkdiyi “Müharibə uşaqları” filmindən söz açaraq vurğulayıb ki, filmdə Qarabağ müharibəsində günahsız insanların yaşadığı dəhşətlər göstərilib.
Sonra “Yaddaş” studiyasının istehsalı olan, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr edilən “Müharibə uşaqları” filminin nümayişi olub.
Tədbirdə rejissor Könül Kərimovanın Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr etdiyi “Biz qayıdacağıq “ sənədli filmi də nümayiş etdirilib.
Kinobaxışda mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.