"Manchester United"in yeni baş məşqçisi Joze Mourinyo mətbuat konfransı keçirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliylı mütəxəsis sözünə belə başlayıb:
"Bu iş çoxlarının istədiyi, amma az məşqçiyə nəsib olan işdir. Məsuliyyəti, gözləntiləri dərk edirəm. Eyni zamanda klubun ənənəsi, zəngin keçmişi mənə məlumdur. Ser Aleks Ferqyussonun rekordlarına nail olmaq niyyətimi gizlətmirəm. Bu iş karyeramın münasib vaxtında gəldi. Özümü tam hazır, motivasiyalı hiss edirəm. Bir mövsüm Çempionlar Liqasında olmayacağıq. "Manchester United" ÇL klubudur. Hazırda Avropa Liqasının oyunlarını gözləyirik.
- "Manchester United" son 3 ildə istənilən nəticəni göstərə bilmir. Realist yanaşsaq, eni mövsümdə bunun öhdəsindən gəlmək mümkün olacaq?
- Bu, məsələyə yanaşmaq tərzindən asılıdır. Mən söz oyunu oynamaq və oyun fəlsəfəsi arxasında gizlənməyi bacarmıram. Buna çalışmamışam da. Sadəcə qalib gəlmək istəyirik. Bilirəm ki, çoxunun komandanın oyun tərzi ilə bağlı sualları var. Deyə bilərəm ki, yaxşı oynamadan bir neçə görüşdə qalib gəlmək olar, hər hansı turnirdə yox. Yaxşı oynamaq isə mümkün qədər qol vurub, qapıdan az top buraxmaqdan ibarətdir. Azarkeşlərin bizim arxamızda olmasını istəyirəm. Çünki son dəqiqələrdə qələbə, nəticəni qorumaq aktual olacaq.
- Son mövsüm baş verənlərdən sonra "United"də gözləntiləri doğruldacağınıza inanırsınız?
- Bilirisiz, elə məşqçilər var ki sonuncu dəfə 10 il əvvəl İngiltərə çempionluğuna seviniblər. Mən isə buna 1 il əvvəl nail olmuşam. Təbiətimdə özümü ətrafdakılara yox, özümə təsdiqləmək var. Uğur olmadan işləyə bilmərəm. Özümə bəraət qazandırıb turnir cədvəlində 4-cü yerin, İngiltərə kubokunu qazanmağın uğur olduğunu söyləyə bilmərəm. Daha öncə də böyük klublarda çalışmışam. Komandanın yeni mövsümə daha yaxşı çıxış etmək ümidi ilə başlamasını istəmirəm. Çempionatda 4-cü yer uğurlu nəticə deyil. 53 yaşım var, gənc məşqçiyəm. Sınaqları qəbul etməmək yaxşı vəziyyətdə olmamaq deməkdir. Məşqçi fəaliyyətimin son 5 ayında bununla üzləşmişdim. Birinci ay yaxşı, ikinci ay qənaətbəxş idi. Sonrakı aylar isə fəlakət...
- Joze, heyətdə hansı dəyişikliklər gözlənilir?
- Üçüncü transferi rəsmi elan edə bilərik? Yox? Tezliklə bu baş verəcək. Heyətin müəyyən balansa çatması üçün 4 mövqeni gücləndirə biləcək oyunçuların siyahısını tərtib etmişdik. Mənə öz mövqeyinin ustası lazımdır. Düzdür, mövsümün gedişində çətinlikləri aşmaq üçün 2 universal futbolçu da tələb olunur. Yüksək yerlər uğrunda mübarizə aparmaq üçün heyətdə dəyişiklik görmək istəyirəm. 4-cü yeni transfer üçün hamımız çalışırıq. Bu məsələni avqustun 31-ə qədər saxlamaq fikrimiz yoxdur. Mən İspaniyada işləyəndə çempionluq uğrunda 2, İtaliyada 3 mübarizə aparırdı. Premyer Liqa fərqlidir. Bir rəqibə diqqət yetirmək başqa klubların yolunu açır. Hər bir məşqçiyə hörmətim var. Amma öz işimə köklənəcəm.
- Rayan Qiqqsin "Manchester United"dən getməsində əsas səbəb kimi siz göstərilirsiniz. O, yerli gənc futbolçulara üstünlük verdiyi halda bu, sizin iş metodunuz deyil. Bu barədə nə düşünürsüz?
- Mən işlədiyim klublarda akademiyadan əsas komandaya 49 futbolçu gətirmişəm. Onların kim olduğunu bilirsiz? Bəzən bunu məcburiyyətdən edirsən. Heyətdə zədəlilər həddən artıq çox olanda gənc futbolçulara şans verməli olursan. İkincisi, qarşıda böyük hədəflər olmayanda gənclərə güvənmək asandır. Mənim klublarımda zədə səviyyəsi çox aşağı olub. Digər məsələyə qalanda, ötən mövsüm çempionluq hədəfim olmayan yeganə mövsüm idi. Titula görə təzyiq yoxdu deyə gəncləri əsas komandaya cəlb etmişdim. 49 futbolçu az deyil. Onlar içində ÇL qalibləri, Avropa çempionatının iştirakçıları var. Bir yalanı dəfələrlə təkrar edəndə həqiqət kimi görsənə bilər. Adlar lazım olsa, haqlı olduğumu sübut etməyə hazıram. Məsuliyyəti üzərimə götürməkdən qorxmuram. Amma deyə bilərəm ki, Qiqqsin "United"dən getməsində mənim rolum yoxdur. Sadəcə Rayanın istədiyi işi klub rəhbərliyi mənə təklif etdi. O, komandanın baş məşqçisi olmaq istəyirdi. 16 il əvvəl Rayanın planlarını mən qurmuşdum, baş məşqçi olmaq fikrindəydim. Biz köməkçi məşqçi kimi fəaliyyətə başlayırıq və müəyyən vaxt çatır ki, qərar verməli olursan. Qiqqs də qərarını verdi. Ona klubda istənilən vəzifəni verməyə hazırdılar. Buna baxmayaraq cəsarətli seçim etdi. 2000-ci ildə mən də bu mərhələdən keçmişdim. Elə bilirsiz "Barcelona" kimi stabil, böyük klubu tərk edib döyüşə atılmaq mənim üçün asan idi? Rayanın həyatında 25 ilini verdiyi "United"dən getməsi də cəsarət tələb edir. Ona uğurlar arzulayıram. Nə vaxt bura qayıtmaq istəsə, heç vaxt qarşısını almayacam.
- Ueyn Runi yeni mövsümdə hansı mövqedə oynayacaq?
- Bəlkə də, Runinin kəsəri azalıb. Lakin o, heç vaxt rəqib qapısından 40 metr kənarda olmayacaq. Mənim dövrümdə o, "6 nömrəli" futbolçu mövqeyində görünməyəcək.
Mourinyo mətbuat konfransından sonra klubun rəsmi saytına açıqlamasında hücum xətti barədə fikirlərini bölüşüb.
"Bir nöqtəyə diqqət çəmək istəyirəm. Zlatanın 34, Markus Reşfordun 18 yaşı var. 34+18 cəmini 2-ə böləndə futbol üçün ideal yaş alınır. Beləliklə, iki hücumçumuz birlikdə ideal yaşdadır. Fikrimcə, ön xəttdə bir-birini gözəl tamamlayacaqlar. Zlatan elə Zlatandır. Bir neçə ildən sonra qovuşduğumuza sevinirəm. "Manchester United" onun karyerası boyunca ən ciddi sınaqdır. Onun bizə hansı faydalar verəcəyini bilirəm".
Milli.Az