Bakının Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsi, daha dəqiqi prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 m-lik hissəsi yüksək keyfiyyətlə təmir edilərək istifadəyə verilib.
"Azəravtoyol" ASC-dən Milli.Az-a bildiriblər ki, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa, Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunub.
Hazırda Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri həyata keçirilir. Bu üzdən prospektin Nəsimi küçəsi ilə kəsişməsindən sözügedən dairəyə doğru avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.
Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami Rayon İcra Hakimiyyətinin qarşısından keçən, uzunluğu 715 m, eni 11 m olan köməkçi yolunda da təmir işləri bitib. Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (metronun "Neftçilər" stansiyası) arasında yerləşən uzunluğu 750 m, eni 12 m olan köməkçi yolda isə təmir işləri davam etdirilir.
Pünhan Mirzə
Milli.Az







