Bakı, 27 fevral, Günel Əfəndiyeva, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) “Rejissor işi haqqında” kitabının yeni nəşrinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, unudulmaz sənətkarlarımız Mehdi Məmmədov və Zəfər Nemətovun müəllifi olduqları bu kitab ilk dəfə 1956-cı ildə işıq üzü görüb.
Tədbiri açan ATXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov həcmcə kiçik, mənaca böyük olan bu əsərin ona əziz olan, korifey sənətkarların birlikdə yazdıqlarını, çoxlarını rejissorluq sənətinə bağlayan qiymətli bir mənbə olduğunu vurğulayıb və rejissorluq sənətinin əlifbası adlandırıb.
Təqdimatda çıxış edən xalq artisti Hacı İsmayılov belə bir kitabın ərsəyə gəlməsi üçün A.Nemətova təşəkkürünü bildirib və vurğulayıb ki, bu əsərdə müəlliflər tamaşanın hazırlanma prosesinin mərhələlərlə izahına çalışıb, konkret misallarla fikirlərini əyaniləşdiriblər.
Tədbirdə xalq artistləri Canəli Əkbərov, Rasim Balayev, Ağakişi Kazımov, Rafiq Əzimov, İlham Namiq Kamal, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək kitab haqqında fikirlərini bildirib, müəlliflərlə bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, əsər ötən əsrin 50-ci illərində yazıldığına baxmayaraq bu gün də müasirdir və gənc rejissorlar üçün dəyərli dərs vəsaitidir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Fərəh Əliyeva qeyd edib ki, rejissor yalnız görünən hissəni yaratmır, həm də müxtəlif sənət sahələrini bir səhnədə birləşdirərək yeni həyat yaradır. O, ADMİU-da ATXİ ilə birgə gənclərin təcrübəli və görkəmli insanlarla sərbəst mövzularda disskusiyalar aparmaları üçün “Qonaq saatı” adlı layihə hazırlamaq fikrində olduğunu bildirib.
Sonda A.Nemətov kitabın ikinci hissəsi kimi hesab edilən Mehdi Məmmədovun müəllifi olduğu “Rejissor sənəti” kitabının da nəşr olunacağını bildirib.