Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.

Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, idmançımız ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib.

Ağır çəki dərəcəsində çıxış edən boksçumuz "Riqa Arena"da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Zamiq 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.

Təmsilçimiz qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb: "Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu, bir sürpriz idi".

Milli.Az