Azərbaycan lobbisinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin bizlər qarşısında qoyduğu vəsiyyətidir.

Tarix boyu mövcud olmuş və türk adına bağlı dövlət və imperiyalar öz qüdrəti və ədalətli idarəçiliyi ilə digərlərindən köklü surətdə fərqlənmişlər. Hətta türklərin böyük qüdrətindən qorunmaq üçün Çin kimi nəhəng dövət "Böyük Çin Divarı"nı - dünyanın yeddi möcüzəsindən birini inşa etdilər. Bu səbəbdən də deyə bilərik ki, türklərin hansısa dövlətə qarşı gizli təşkilatlanmaq, məxfi əməkdaşlıq və digər örtülü fəaliyyətlər aparmaq marağı heç vaxt gündəmdə olmamışdır. Lakin tarix bəzən dövrün tələbləri ilə ayaqlaşmağa məcbur olur. Hər bir dövrün öz gerçək reallıqları olduğu kimi, müasir dövrümüzün də özünəməxsus reallıqları vardır. Belə ki müasir dövrdə hər bir dövlətin dövlət olaraq öz müstəqilliyini, mövcudluğunu qoruması üçün hərbi, siyasi gücü ilə bərabər xarici lobbi və diaspor fəaliyyətini də gücləndirməsi labüd və vacibdir. Son 100 ilin tarixi proseslərindən çıxan nəticələr bunu deməyə əsas verir. Elə 1918-ci ildə böyük çətinliklər bahasıına yaradılmış Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəblərindən biri də dünya düzənini müəyyən edən aparıcı dövlətlərdə heç bir siyasi və mədəni təşkilatlanmanın - diaspor fəaliyyətinin olmaması idi. Azərbaycanın ilk diaspor təşkilatlanmasını İkinci Cahan savaşı dönəmində mühacirət hökümətinin fəalları tərəfindən Almaniyada formalaşdırılmış mühacir hökumətinin fəaliyyəti ilə bağlamaq olar. Lakin burada da beynəlxalq durumu nəzərə alıb düzgün istiqamət götürə bilməmək və zəif əlaqələr bu təşkilatlanmanın da irəli getməsinə mane olmuşdu.

Azərbaycan xalqı ikinci dəfə - 1991-ci ildə özünün tarixi müstəqilliyini qazandıqdan sonra hər tərəfdən düşmən dövlətlərin və onların illər uzunu xaricdə formalaşdırılmış diaspor və lobbi təşkilatlarının hücumlarına məruz qaldığından, beynəlxalq arenada öz haqq səsini deməkdə böyük çətinliklər çəkirdi. Əleyhimizə formalaşmış informasiya blokadasını heç cür yara bilmirdik. Bu durumu 1993-cü ildə xalqın təkidilə hakimiyyətə gələn ulu öndər, həqiqət carçısı Heydər Əliyev xalqımızın xeyrinə dəyişdi. O, dünyaya "inanılmaz" Azərbaycan həqiqətlərini həzm etdirdi. Lakin bu işdə güclü və təşkilatlanmış diaspor və lobbiçilik fəaliyyətləri lazım idi ki, işlər davamlı olaraq axsamadan getsin. Buna görə də ulu öndər Heydər Əliyev xarici dövlətlərə səfərlərinin hər birində Azərbaycan diasporunun formalaşdırılması məsələsini xaricdə yaşayan azərbaycanlılar qaşısında prioritet məsələ kimi qoyurdu və buna sona kimi nəzarət edirdi.

Müasir diasporumuzun yaranma tarixi Naxçıvan MR Ali Məclisinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında 1991-ci ilin 16 dekabr tarixli qərarı və həmin qərarı imzalamış Heydər Əliyevin adı ilə bağlıdır. Qərarın məntiqi nəticəsi olaraq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi və bu xaricdə yaşayan, Azərbaycanla bağlılığı olan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Bundan sonra qarşıda duran əsas məsələ dünya azərbaycanılılarının vahid mərkəzdən koordinasiya olunması məsələsi idi.

Ümummilli lider Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına ilk səfəri zamanı Azərbaycan diasporu barədə belə bir tarixi söz demişdir: "Mən xarici ölkələrə səfərim zamanı diaspor üzvlərini bir yerə toplamağa cəhd göstərirəm. Bunu Amerikada da həyata keçirmək istədim. Çikaqoda toplantıya cəmi 35 nəfər gəldi. Eləcə də, Parisdə və Londonda da toplantıya əksəriyyəti İran azərbaycanlıları olan 35-40 nəfər qatıldı. Bu diaspordurmu?... Baxın, torpaqları işğal edilən biz, şəhid verən biz, illərdir vətənsiz yaşayan biz, ancaq günahkar olan da bizik. Bunun səbəbi aydındır. Amerikada 250 milyon insan yaşayır. Bunun 1 milyonu ermənidir. Sayları çox azdır. Ancaq mövqeləri, vəzifələri etibarilə ictimai fikri öz məqsədləri ətrafında birləşdirə bilirlər. Biz mübarizəmizdə haqlı olduğumuzu kəskin şəkildə sübut etməliyik. Unutmayın, ermənilərə silah verənlər və maddi yardım göstərənlər qədər bizə yardım edən yoxdur... Biz lobbimizi bütün dünyada qurmalıyıq".

Ulu öndərin dediklərindən 20 ildən çox müddət keçmişdir. Bu müddət ərzində mühüm qərar və qanunların qəbul edilməsi, eləcə də Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri, onların tövsiyə və məsləhətləri xarici ölkələrdə diasporumuzun mütəşəkkil cəmiyyət kimi formalaşmasına və inkişafına xüsusi təkan vermişdir. Bakıda Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı təşəbbüs 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəy tərəfindən irəli sürülsə də, qurultayının çağırılması məlum siyasi problemlərə görə baş tutmamışdır. Azərbaycanda hərbi-siyasi, iqtisadi durum yaxşılaşdıqdan sonra 9-10 noyabr 2001-ci il tarixdə Bakıda, Respublika Sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə 36 ölkədən gəlmiş 200-dən çox təşkilatı təmsil edən 403 nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının I Qurultayı baş tutmuşdur. Bu qurultayda dünya azərbaycanlıları qarşısında böyük məsələlər qoyuldu. Qoyulmuş məsələlərin həlli beş ildən bir Bakıda keçirilən növbəti qurultaylarda hesabat formasında dinlənilir.

Hazırda dünyada yaşayan azərbaycanılarının sayı təxminən 60 milyona yaxındır və diasporumuzun Rusiya Federasiyasında 65, Almaniyada 37, Türkiyədə 22, ABŞ-da 20, Ukraynada 17, İsveçdə 11, Böyük Britaniyada 7, Fransada 7, Kanadada 6 və digər ölkələrdə çoxsaylı Azərbaycan Milli Mədəniyyət Mərkəzləri və cəmiyyətləri fəaliyyət göstərir. Diasporumuz tərəfindən xarici ölkələrdə 3 televiziya və 60-dan çox adda qəzet və jurnallar nəşr etdirilir.

Lakin Azərbaycan diasporu ilə müqayisədə Azərbaycan lobbisi yox dərəcəsindədir. Bunun nəticəsidir ki, ABŞ prezidentliyinə namizəd Barak Obamanın seçkiqabağı bəyan etdiyi "...Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə Türkiyə-Azərbaycan dövrəsinin təsirinin aradan qaldırılması, ABŞ üçün əsas olan və Amerika xalqı tərəfindən qəbul olunan demokratiya, öz müqəddaratını təyin etmək prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin tərəflər üçün qəbulolunan şərtlərlə aradan qaldırılması istiqamətində səylərini davam etdirəcəyəm", - deyə bildirmişdir.

Erməni lobbisinin gücü hansı mənbələrdən qaynaqlanır və bu barədə mifik təsəvvürlər hansı səbəbdən yaranır? Erməni mənbələrinə görə, ermənilərin dünya ölkələrində sayı 8-9 milyondur (Ermənistanda 3 milyon!?, Rusiyada 1,13 milyon, Fransada 500 min, İranda 400 min, ABŞ-da 1 milyon, Kanadada 70 min, Suriyada 200 min, Livanda 150 min, Dağlıq Qarabağda 100 min, Argentinada 130 min, Türkiyədə 50 min və sair). Belə olan halda ABŞ və Kanadada ermənilərin 20 tədris və tədqiqat təşkilatları, ictimai və mədəni tədbirlər keçirmək üçün 20 mərkəzin, 9 özəl xəstəxananın, 20 sosial xidmət sisteminin, 60 mədəni, 4 tərbiyə, 40 tələbə təşkilatının fəaliyyət göstərdiyini, eyni zamanda 20 qəzet və jurnalın çap olunmasını və 15 radioproqram verilişləri yayımlanmasını (həmçinin Türkiyədə 18 erməni məktəbi var) necə izah etmək olar? Nəzərə alsaq ki, 1980-ci il tarixə olan məlumatda Amerikada erməni diasporunu cəmi 81 min erməni təmsil etmişdir. Onda sual olunur ki, 15-20 il ərzində nə baş vermişdir ki, erməni lobbisi belə irəliləyişə nail olmuşdur?

Təkcə onu qeyd etmək kifayətdir ki, Kaliforniya ştatının qubernatoru iki müddət, yəni 8 il ərzində erməni Corc Dukmedcyan olmuşdur. Kaliforniyanın Ali Məhkəməsinin 7 hakimindən ikisi - Armen Arabyan və Marvin Bekstver (Dazatyan) erməni idi.

Belə faktları və erməni lobbisinin "nailiyyətlərini" sadalamaq niyyətimiz olmadığından, Azərbaycan lobbisinin zəifliyinin səbəbləri və inkişafına təsir edə biləcək amilləri nəzərdən keçirək.

Lobbiçilik anlayışı müstəqil Azərbaycan Respublikası üçün yenidir. Maraqların lobbiləşdirilməsi dövlət hakimiyyətinin formalaşdırılması ilə paralel olaraq qaçılmaz bir amil kimi meydana çıxmışdır. "Lobbi", "lobbiçi", "lobbiçilik" anlayışları hələ orta əsrlərdən latın dilindən ingilis dili siyasi leksikonuna daxil olmuşdur. İlkin olaraq, "lobbi" anlayışı qalereya və kilsələrə aparan keçidləri əhatə edirdi. XVII əsrdən başlayaraq Britaniya parlamenti binasında olan vestibül (ictimai binaların içəri girəcəyində geniş yer) və iclas zalına sağ və sol tərəfdən insanların daxil olması üçün nəzərdə tutulan dəhlizlər lobbi (ing. Lobbuism - kuluar) adlandırılmağa başlanılmışdır.

Amerika tarixinə əsasən isə "lobbi" anlayışı siyasi mənada birinci dəfə konqresin 10-cu çağırışında tərtib olunmuş protokollarda öz əksini tapmışdır. Sonrakı mərhələlərdə isə "lobbi" sözündən "lobbiçi", "lobbiçilik" sözləri meydana gəlmiş və Amerika siyasətçilərinin leksikonunda geniş istifadə olunmağa başlamışdır. 1789-cu ildən, yəni Amerika Konstitusiyasına birinci dəyişiklikdən etibarən ABŞ-da lobbiçilik fəaliyyəti - vətəndaşların rəsmi dövlət orqanlarına şikayətlə müraciət hüququnun rəsmiləşdirilməsindən sonra həyata keçirilməyə başladı. 1876-cı ildə lobbiçilik fəaliyyətini əhatə edən qanun qəbul edildi. Bu qanuna əsasən, lobbiçilik fəaliyyətini həyata keçirən hər bir şəxs özü və fəaliyyəti barədə məlumatları rəsmi olaraq Senatın aşağı palatasında - nümayəndələr palatasında klerk xidməti adlandırılan katibliyində qeydiyyata aldırmalı idi. Bu onunla əlaqədar idi ki, uzun müddət ABŞ-da lobbiçilik fəaliyyəti yalnız müəyyən xarici-siyasi maraqların təmin edilməsi ilə əlaqələndirilmiş və bu mənada 1938-ci ildə qəbul edilmiş "Xarici agentlərin qeydiyyatı haqqında" qanunla rəsmiləşdirilmişdir. Qanunun zəruriliyini, həmçinin "faşist" və "kommunist" ideyalarının təbliğinin qarşısının alınmasına cəhd kimi əlaqələndirənlər də olmuşdur. 1946-cı ildə lobbiçilik fəaliyyətinin tənzimlənməsi haqqında xüsusi qanunda "peşəkar lobbiçi" anlayışı və bütün peşəkar lobbiçilərin qeydiyyata alınmasının zəruriliyi öz əksini tapmışdır. Yalnız 1996-cı ildə həmin qanuna əlavə və dəyişikliklər edilməklə təbliğat anlayışı siyasi və iqtisadi fəaliyyət kimi rəsmiləşdirildi. Lobbiçiliyin mahiyyətini araşdıran nəzəriyyəçilərdən biri plüralizmin (kainatın və onun hadisələrinin əsasını bir çox müstəqil mənəvi əsasların təşkil etdiyini iddia edən idealist fəlsəfi cərəyan) əsasını qoyan Bentli Artur (1870-1957) "qrup maraqlarını" siyasi proseslərin izahının vasitəsi kimi xarakterizə etmişdir. Onun fikrinə görə, qruplar arasında rəqabət və öz maraqlarının lobbiçiliyi hər hansı bir "sosial maraqlar", "ictimai maraqlar" və "ümumi rifah" konsepsiyalarına əsaslanmadan azadlığın və ədalətin təminatı kimi şərtləndirilirdi. Rus tədqiqatçıları V.A.Lepexin və A.A.Neşadın araşdırmalarında lobbiçiliyi cəmiyyətdə sosial, siyasi və iqtisadi məsələlərin həllində zəruri tənzimləyici element kimi qəbul edirdilər. Onların fikrincə, demokratik proseslərin sabit inkişafının qiymətləndirilməsi lobbiçiliyin sosal maraqlar nöqteyi-nəzərdən tanınması və hüquqi baxımdan tənzimlənməsi ilə şərtləndirilir.

Nəzəriyyəçilər və araşdırmaçılar qəbul edirlər ki, lobbiçilik demokratik siyasi sistemin labüd ictimai təzahürüdür. Həmin səbəbdən, istənilən cəmiyyətdə, dövlətdə (hətta totalitar rejimlərdə belə) bu və ya digər şəkildə lobbiçilik mövcuddur. Lakin lobbiçiliyin inkişaf dərəcəsi cəmiyyətin və dövlətin siyasi sistemin durumundan, müasirliyindən, siyasi mədəniyyətindən, tarixi adət-ənənələrindən asılıdır.

Araşdırmaçılar və nəzəriyyəçilər arasında lobbiçiliyin mahiyyətinə dair fikir ayrılığı yaranmır. Belə ki, harada demokratik siyasi sistem şəraitində bazar münasibətləri mövcuddursa, cəmiyyət münasibətlərin mürəkkəbləşdirilməsinə meylli olur və nəticədə iqtisadi, siyasi maraqlardan çıxış edən müxtəlif mütəşəkkil qruplaşmanın yaranması qaçılmaz olur. Beləliklə lobbiçilik, geniş mənada hər hansı bir insan qrupu və ya fərdi şəxslər tərəfindən hər hansı bir dövlətin qanunverici orqanında öz dövlətinin və xalqının əleyhinə bir qanunun qəbul edilib-edilməməsi məqsədilə müxtəlif üsullarla təsir göstərməklə maraqlarının təmin edilməsinə yönəldilmiş hərəkətlər kimi səciyyələndirilir.

Lobbiçilik təkcə hər hansı bir təşkilatın dövlətlə münasibəti ilə məhdudlaşmır, həmçinin hər bir təşkilatın öz içərisində, qruplar arasında da mövcudluğunu saxlayır.

Kimlər lobbiçilər və ya lobbi qrupları hesab olunur? İqtisadi, sosial və siyasi maraqlarını təmin etməyə çalışan "sifarişçinin" (dövlətin, cəmiyyətin, hər hansı bir fərdin və s.) mövqeyinin möhkəmləndirilməsinə və ya bərpasına yönəldilmiş hərəkətləri yerinə yetirən (icraçı) hər bir fərdi şəxs lobbiçi, insan qrupları isə lobbiçilər, onların birləşdiyi cəmiyyət isə lobbi təşkilatı adlandırılır. Bu halda "sifarişçinin" və ya "icraçının" maraqlarının eynilik təşkil etməsi və ya etməməsi istisna olunmur.

Hər bir konkret halda lobbiçilik fəaliyyətinin həyata keçirilməsi layihə əlamətlərinə malik hərəkətlərin məcmusudur. Buraya konkret problemin vəziyyətinin araşdırılması (lobbi təşkilatının quruluşu, sayı və s.), məqsədin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, şəraitə uyğun lobbiçilik vasitələri və obyekti müəyyənləşdirilməli, konkret planın işlənib hazırlanması, məqsədin həyata keçirilməsi üçün qərargahın yaradılması və fəaliyyətə nəzarət mexanizminin nəzərdə tutulması daxildir.

Lobbiçilik fəaliyyəti birbaşa və dolayı yollarla aşağıdakı şəkildə həyata keçirilməlidir:

1. Məşhurlaşdırma və reklam tədbirləri;

2. Seçki tədbirləri (səs çoxluğunu qazanmaq məqsədilə maliyyə dəstəyi və s.);

3. Kiməsə və ya hansı hərəkatasa dəstək tədbirləri (maliyyə və s.);

4. Məlumatlandırma və maarifləndirmə tədbirləri (ictimaiyyətin fikrini müəyyən problemə yönəltmək məqsədilə);

5. Etiraz tədbirləri;

6. Hüquqların qorunması tədbirləri;

7. İctimai maraqların təmini tədbirləri (yeni qanunun qəbul edilməsi və ya ləğv edilməsi tələbləri);

8. Dini tədbirlər (dünyagörüşü formalaşdırmaq üçün tərəfdaşları cəlb etmək məqsədilə).

Hər bir halda təsir obyekti kimi dövlətin qanunverici, icra və məhkəmə orqanları çıxış edir.

Lobbiçiliyin qanunvericiliklə necə tənzimlənməsi proseslərinə bəzi müasir ölkələrin qanunvericiliyi daxilində nəzər yetirək:

Kanadada "Lobbiçilik fəaliyyətinin tənzimlənməsi haqqında" Qanun 1988-ci ildə qəbul olunmuşdur. Qanuna əsasən, lobbiçilər belə qruplaşdırılır: 1. Müəyyən haqq müqabilində istənilən təşkilatın və ya fiziki şəxsin maraqları çərçivəsində fəaliyyət göstərən məsləhətçi lobbiçilər; 2. Muzdlu işə götürülmüş peşəkarların müəyyən təşkilat və cəmiyyətlərin və ya fiziki şəxslərin maraqları çərçivəsində fəaliyyət göstərən koorporativ lobbiçilər; 3. Müəyyən cəmiyyət və təşkilatın üzvləri olmaqla həmin qurumların maraqları çərçivəsində fəaliyyət göstərən təşkilati lobbiçilər;

Böyük Britaniyada lobbiçilik fəaliyyəti barədə konkret qanun olmasa da belə, fəaliyyət çoxsaylı qanunlar və kodekslərlə dolayı yolla, dövlət qulluqçularının maraq dairələri bir olan qruplarla münasibətlərinin tənzimlənməsi yolu ilə həyata keçirilir.

İlk əvvəllər Fransada "dövlət yalnız ümummilli maraqlarda çıxış etməlidir" baxımından lobbiçilik fəaliyyəti qadağan edilmişdir. Yalnız 1958-ci ildən Fransa Konstitusiyasının müddəaları əsasında "iqtisadi və sosial qanun layihələri üzrə hökumətə rəy verən" peşəkarlardan ibarət "Sosial-iqtisadi Şura" yaradılmışdır ki, bu Şura da "Parlamentdə lobbiçilik" kimi qiymətləndirilir. (Belə lobbiçilik sistemi Avstriya və Hollandiyada da mövcuddur).

Azərbaycan diasporunun formalaşmasında nəzərə alınmalı təkliflər

Mürəkkəb tarixi taleyinə, məskunlaşdığı ölkələrdə hüquqi, siyasi, sosial və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan diasporu böyük daxili qüvvəyə və inkişaf imkanlarına malikdir. Həmin səbəbdən də o, beynəlxalq və iqtisadi əlaqələr sistemində öz layiqli yerini tutmalı və tutacaqdır. Belə olan halda Azərbaycan Respublikası xarici iqtisadi və siyasi məsələlərdə, eləcə də dünya ölkələri və xalqları ilə daha sıx əməli əlaqələrin qurulmasına nail ola bilər.

Beləliklə, Azərbaycan lobbisinin inkişafına nələr mane olur sualına cavab tapmağa çalışaq.

Diasporun formalaşma mərhələsində ilkin olaraq dilin, dinin, mədəniyyətin, doğma ata-baba yurdu ilə hər hansı bir şəkildə əlaqənin və son nəticədə fiziki mövcudluğun qorunub saxlanılması naminə etnik əlamətlərə əsasən yaxınlaşma, səyləri birləşdirmə prosesi baş verir. Etnik birliyə mənsubluq diaspor üzvlərindən hər kəsin öz seçimi əsasında həyata keçir. Bu prosesdə "milli şüurun daşıyıcıları" diasporun "möhkəmləndirici əsası" kimi çıxış edirlər.

Beləliklə, diaspor - etnik birliyin hər hansı bir hissəsinin və ya bir dinə məxsus insanların mənşə etibarilə mənsub olduğu vətəndən kənarda daimi yaşamasıdır.

Vətəndən kənarda yaşayan soydaşlarımıza dövlət dəstəyinin verilməsi daha vacib şərtlərdəndir. 27 dekabr 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qəbul olunmuş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanunun qəbulu Azərbaycan diasporunun inkişafına önəmli təkan verdi. Həmin Qanunun 6.3.-cü maddəsində "Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsədləri üçün xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı edən fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi, gömrük güzəştləri və digər güzəştlər verilə bilər" və qanunun 9.3.-cü maddəsində "xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardım edilməsi məqsədilə dövlətin, fiziki və hüquqi şəxslərin ödəmələri hesabına təşkil olunan dövlət və ya ictimai fondlar yaradıla bilər" sözləri ilə diaspor dövlət qayğısının olduğu əyani göstərilir.

Sovet Azərbaycanının vətəndaşları olmuş azərbaycanlılarla, Sovet Azərbaycanı ilə tarixi əlaqələri olmayan İran və Türkiyə azərbaycanlıları arasında ayırıcı xəttin mövcudluğu Azərbaycan diasporunun ilkin formalaşma mərhələsində olması ilə əlaqələndirilir. Dünya Azərbaycanlıları Konqresinin də ikiyə parçalanmış formada olması hələ diaspor təşkilatlanmasında müəyyən qüsurları (ən çox da şəxsi maraqların) olmasından irəli gəlir.

Biz diaspor üzvlərini bəzən azərbaycanlılar adlandırırıq. Lakin "beşinci kolon" vahiməsindən uzaq olaraq onları "həmvətənlərimiz", "soydaşlarımız" adlandırmalı və bu sözləri siyasi leksikonumuza və qanunvericiliyimizə daxil etməliyik. Xaricdə yaşayan soydaşlarımızın respublikamıza sərbəst gəlib-getməsini təmin etmək məqsədilə "Ölkəyə gəlmə, ölkədən getmə və pasportlar haqqında" Qanuna dəyişiklik edilməlidir. Xaricdə yaşayan azərbaycanlılarla, digər əcnəbi vətəndaşların ölkə universitetlərində təhsil almaları eyni tutulmamalıdır. Onlara bir çox güzəştlərin edilməsi vacibdir. Çünki Azərbaycanda təhsil alıb yaşadığı ölkəyə dönən kadr potensial diaspor üzvü kimi Azərbaycanın real durumunu, xaricdə təhsil alan, ürəyi Azərbaycanla döyünən digər diaspor üzvündən daha dəqiq biləcək.

Diasporun işgüzar üzvlərinin daimi məlumatlandırılması məqsədilə onların respublikanın dövlət və ictimai təşkilatlarının nümayəndələri ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səmərəli vasitələr yaradılmalıdır. Diasporumuzun işgüzar və imkanlı üzvlərinin imkanlarından istifadə edərək sosial müdafiəsiz diaspor üzvlərinin təminatının ödənilməsi məqsədilə xaricdə xeyriyyəçilik tədbirlərinin, respublikamızda hərracların və s. tədbirlərin həyata keçirilməsinə nail olmalıyıq.

Televiziya proqramlarında diaspor üzvlərinin iştirakı ilə "dəyirmi masa"ların keçirilməsinə, diaspor üzvlərinin həyat və fəaliyyətinə dair verilişlərin hazırlanıb efirə verilməsinə təşəbbüs göstərilməlidir. Diaspor üzvlərinin daimi təmasda olmaları üçün tele-körpülər, internet saytının yaradılması üzərində işlər aparılmalıdır. Diaspor üzvlərinin məlumat bazasının yaradılması təşkil edilməlidir.

Vətənpərvərlik hisslərinin inkişafı üçün fundamental təhsil mərhələmizi Bismarkın "Fransa-Almaniya müharibsəinin qalibi orta məktəb müəllimidir" kəlamına uyğun qurmağa çalışmalıyıq. Universitetlərdə ənənəvi beynəlmiləl modellərdən imtina edərək, tələbələrə təşkilatlanma, diaspor fəaliyyəti haqqında fənlərin tədrisinə nail olunmalıdır.

Əminliklə söyləyə bilərik ki, artıq dünyada mifləşdirilmiş erməni lobbisinə layiqli rəqib qismində Amerika və Avropa ali məktəblərində təhsil almiş və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəstəyi ilə müasir dünyəvi təsəvvürlərin daşıyıcıları olan neçə-neçə gənc vətənpərvər azərbaycanlının yaratdıqları diaspor təşkilatları vardır. Artıq Azərbaycan diaspor təşkilatları qardaş türk respublikaları və dost dövlətlərin diaspor və lobbi təşkilatları ilə ümumi və milli maraqlar baxımından birləşə və ya orta mövqeyə gələ bilirlər. Bu isə artıq Azərbaycana bağlı lobbi və diaspor təşkilatlarının fəaliyyətinin, təşkilatlanmasının sözdə deyil, əməldə güclənmiş göstəricisinin bariz nümunəsidir.

Yusif Alı Afşar, fəlsəfə doktoru

Milli.Az