Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahin Əliyev və Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Ş.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib, E.Bağırov barəsində isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
"Dağlar" MTK-nın sədri Şahin Əliyev vəzifə saxtakarlığı törədib, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla onlara qarşı dələduzluq etməkdə, etibardan sui-istifadə etməklə əmlaklarını ələ keçirməkdə, bir mənzili təkrarən 6 nəfərə satmaqda ittiham olunur.
Ş.Əliyev barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq müəyyən edib ki, Elçin Bağırov "Dağlar" MTK-nın sədri Ş.Əliyevlə əlbir olaraq cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq edib. O, Ş.Əliyevin sədri olduğu MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi 63 ünvanında yerləşən, Vera Volkovaya satılmış mənzili Yaqub Həbibəyliyə göstərərək 148 min dollara satıb. Əldə olunan məbləği Ş.Əliyevlə öz aralarında bölməklə Yaqub Həbibəyliyə qarşı dələduzluq edib.
Milli.Az