Hotellər və Restoranlar Asosiasiyası hələ cari ilin 4 may tarixində Bakı şəhərində Shopping Festival (Ticarət Festivalının) keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. O zaman yaydığımız məlumatda biz ticarət festifallarının dünya miqyasında keçirilməsi təcrübəsindən, bu kimi tədbirlərin hansı potensiala malik olması, turizm sənayesinə verdiyi töhvələr və eyni zamanda layihənin realizə edilməsinin bəzi yollarını açıqlamışdıq. 01 Sentyabr, 2016-ci il tarixində isə bizim təşəbbüsümüz ölkə Prezidentinin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamında öz əksini tapmışdır. Bu Sərəncamla AR Mədəniyyət və Turizm Nazirliyinə Bakı şəhəri İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (shopping festival) hər il keçirilməsi, eyni zamanda 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində ticarət festivallarının keçirilməsi ilə bağlı tələb olunan vəsaitin nəzərdə tutulmasının təmin edilməsi tapşırılmışdır. Eyni tarixli digər sərəncamla isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərində ticarət festivalının keçirilməsinə 400 min manat ayrılmışdır. Qeyd etmək istərdim ki, hələ iyun ayında AR Milli Məclisi tərəfindən Vergi Məcəlləsində müvafiq dəyişikliklər təsdiqlənərək ölkədə Tax Free sistemi tətbiq edilmişdir. Digər sözlə desək, turistlər ölkədə aldıqları mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edən zaman hava limanında geri ala biləcəklər. Bu da parakəndə ticarətin və ticarət festivallarının keçirilməsi üçün əlverişli şərait yaradır.

Əlbətdə ki, təşəbbüsümüzün ölkə başçısının sərəncamı kimi mühüm sənəddə öz əksini tapması məni və həmkarlarımı son dərəcədə sevindirir və gələcəkdə də yeni layihələrin təşəbbüsü ilə cıxış etməyə həvəsləndirir. Turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi xüsusi diqqət və qayğıya görə biz ölkə Prezidenti cənab İlham Əliyevə dərin ehtiramımızı bildiririk. Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin bütün əməkdaşlarına, xüsusilə də nazir cənab Əbülfəs Qarayeva bizim ideyalarımızın və təşəbbüslərimizin ölkə rəhbərliyinə çatdırılmasında və bu təşəbbüslərin realizəsi üçün müvafiq şərait yaradması üçün dərin minnətdarlığımızı bildirirk. Əslində sərəncamlarda bizim digər təşəbbüslərimizdə öz əksini tapmışdırlar, hansılar ki, təşkilatımız tərəfindən turizm və qonaqpərvərlik sənayesi iştirakçıları ilə geniş müzakirələr keçirilərək son illər ərzində müxtəlif informasiya resursları və dövlət qurumlarına müraciətlərimiz vasitəsilə dəfələrlə bəyan edilmişdirlər. Bunlar sırasında bir neçəsini sadalamaq istərdim: prioritet hesab olunan xarici ölkələrdə fəaliyyət göstərən ölkənin diplomatik nümayənəliklərində turizm nümayəndələrinin təyin edilməsi, turizm sahəsində mövcud problemlərin həlli və dövlət qurumlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsini həyata keçirmək məqsədilə Turizm Şurasının yaradılması, əlverişli yeni beynəlxalq uçuşların təşkili, peşə-ixtisas təhsili müəsissələrinin yaradılaması, vergi və gömrük güzəştlərinin tətbiqi, sahibkarlar tərəfindən təqdim edilən investisiya layihələrinin güzəştli kreditləşdirilməsi, ixtisaslaşmış turizm növləri və əyləncə sektorunun inkişafı və s. Qeyd olunan məsələlərin həlli yolunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin də əvəzedilməz rolunu qeyd etmək istərdim. Bu qurum iqtisadiyyatın müxtəlif sektorlarının nümayəndələri ilə bir sıra görüşlər keçirmiş, o cümlədən turizm və qonaqpərvərlik sənayesinin nümayəndələrini toplantılara dəvət edərək, onların təşəbbüslərini və təkliflərini dinləmiş, təhlil aparmışdır. Bu toplantılarda bizim təşkilat da fəal iştirak etmiş və şifahi və yazılı sürətdə təkliflərimizi təqdim etmişdir.

Beləliklə deyə bilərik ki, Bakı şəhərində ilk ticarət festivalı 2017-ci ildə keçiriləcək. Yalnız bunun dəqiq vaxtı və müddəti AR Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən həll ediləcək.

Öz tərəfimizdən əlavə edə bilərik ki, festivalın keçirilməsinin daha da səmərəliyini təmin etmək üçün məntiqi olaraq onun "aşağı mövsüm" zamanı keçirilməsi tərəfdarıyıq. Bu addım mövcud mövsümün uzadılması və bu zaman yerli turizm müəsissələrinin fəaliyyətinin canlandırılması kimi töhvə verə bilər. Yalnız belə bir fikir də var ki, ilk ticarət festivalı mövcud olan tədbirlərə də bağlı ola bilər, misal üçün Formula 1 yarışlarına. Bu addım isə bir neçə faktorla özünü doğrulda bilər - onsuz da tətbiq edilən əyləncə proqramları, güzəştli avia reyslərin fəaliyyəti, geniş reklam və təşviqat kampaniyalarının olması və sair bu kimi tədbirlərin keçirilməsi iqtisadi cəhətdən qənaət gətirə bilər.

Ümümdünya Turizm Təşkilatının (ÜTT) rəyinə istinadən ticarət turizmi son 10 ildə sürətli inkişaf mərhələsini yaşayır. Bu da daha çox alış-veriş məqsədilə səyahət edən beynəlxalq turistlərin sayının artmasına gətirib çıxarır. Turizmin bu istiqamətinin inkişafından bacarıqla istifadə edərək bir sıra ölkələr özlərini ticarət turizmi destinasiyası kimi təbliğ edirlər, ildən ilə sayı artan turistlərin istəklərini təmin etmək məqsədilə müxtəlif üsullardan və iqtisadi alətlərdən istifadə edirlər. Parakəndə satışda isə davamlı artımı nəzərə alsaq, bu sektorun 2018-ci il üçün 5.5% artımı və 28.3 trl. ABŞ dolları həcmində dövriyyəsi proqnozlaşdırılır. Əminliklə demək olar ki, alış-veriş beynəlxalq turizmin mühüm və daha vacib komponentinə çevrilir. Ticarət turistlərin xərcləri sırasında əsas kateqoriyaya çevrilir, nəticə etibarilə isə bir başa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq milli iqtisadiyatın vacib gəlir mənbəyinə çevrilir.

Aparılan təhlillərə görə alış-veriş bu gün dünyada turistlərin üstünlük verdikləri xərclər sırasında 4-cü pillədədir və ümumi turizm fəaliyyətinin 35% təşkil edir.

İlk növbədə, biz prioritet ölkələri müəyyən etməlik ki, hardan turistlərin ticarət festivalına gəlməsini daha çox arzulayırıq. Bildiyimiz kimi bir sıra ölkələrlə bizim artıq asanlaşmış viza rejimimiz işləyir, qonşu dövlətlərin çoxu ilə isə vizasız gediş-gəliş mümkündür. Hesab edirəm ki, biz ilk növbədə məhz bu ölkələri hədəfə götürməliyik. Üstəlik, alış-verişə üstünlük verən turistlərin psixologiyası da təhlil edilməlidir. Əgər digər ölkələr də bu siyahıda əmələ gəlsələr, sözsüz ki, onlarla da asanlaşmış vizaların tətbiqini dövlətdən xahiş etməliyik. Hər halda düşünürəm ki, bunu ticarət festivalı müddətində tətbiq etmək olar. Yalnız bu məsələ, digər məsələrlə yanaşı dövlətin səlahiyyətindədir.

Adətən ticarət festivalları və digər iri miqyaslı tədbirlərin keçirilməsi üçün dövlət bəzi "qurbanlar" verir, hansılar kı, yuxarıdakı rəqəmləri nəzərə alsaq, özünü artıqlaması ilə doğruldur. Mən vergi, gömrük və digər imtiyazları nəzərdə tuturam. Bunların tətbiqi ilə ticarətin və digər sektorların dövriyyəsi artır və təbii ki, nəticə etibarilə ölkə bundan qazanc əldə edir.

Digər alətlərdən və mexanizmlardan danışaraq, dünya təcrübəsi göstərir ki, bu kimi tədbirlər zamanı ölkəyə hava uçuşları, otellərin qiymətləri, mədəniyyət ocaqlarına giriş imkanları və sairlərində güzəştlər tətbiq edilirlər və bununla turizm destinasiyası turistlər üçün daha da cəlb edici olur. Misal üçün, qeyd etmək olar ki, avia şirkətlər yeni tranzit reyslər tətbiq edərək sərnişinlərə fərqli səyahət paketləri təklif edə bilərlər və bunların daxilində ölkədə qaldıqları müddətdə turistlərə endirimli qiymətlərlə və yaxud hətta ödənişsiz bir neçə gecə otellərdə qalmaq imkanları təklif edirlər. Hər halda müxtəlif turizm texnologiyalarından istifadə edərək turistlərin tələblərinin qarşılanması üçün və tədbirdə iştirak etmələrinin daha da cəlb edici olmalarına istiqamətlənməliyik. Yalnız burda yerli şirkətlərin, otellərin, avia şirkətlərin, parakəndə ticarət obyektlərinin və digərlərinin marağlarını da unutmaq olmaz. Tədbirin daha da səmərəli və ölkə üçün əlverişli olmasını təmin etmək məqsədilə biz mütləq xarici təcrübəni təhlil edib və düşünülmüş iqtisadi alətlərdən istifadə etməliyik. Əminəm ki, ticarət turizminin bu gün dünya miqyasında trendə çevrilməsindən bacarıqla istifadə edib ölkənin turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirə bilərik, turizm məhsullarının diversifikasiyası və yeni rəqabətə dözümlü turizm xidmətlərinin tətbiqinə nail ola bilərik.

Ticarət festivallarının xarici ölkələrdə ki təcrübəsinə istinad etsək, məlum olur ki, onlar ölkə iqtisadiyyatına və onun müxtəlif sektorlarına xeyli miqdarda mənfəət gətirirlər. Birləşmiş Ərəb Əmirliyinin Turizm Nazirliyinin ticarət festivalları keçirən Agentliyinin və Honq Konq ticarət festivalının təşkilatçılarının bəyanətlərində göstərilir ki, onlar ildə 2.5-4.5 mlrd ABŞ dolları həçmində gəlir əldə edirlər. Yalnız biz hələ ki, Bakı şəhərini bu şəhərlərin imkanları və infrastrukturu ilə müqaisə edə bilmərik. Burada festivala qatılan otellərin ümumi nömrə fondu, şəhərin nəqliyyat infrastrukturu, ticarət mərkəzlərinin sayı, hava nəqliyyatı və hava limanının sərnişin dövriyyəsi imkanları və sair amillər nəzərə alınmalıdırlar.

Təbii ki, bir sual da ortaya çıxır. Ticarət Festivalları zamanı hansı mallar satılırlar? Hansı mallara üstünlük verilir və nə kimi üsullardan parakəndə ticarət sektorunda istifadə edilir?

Adətən ticarət festivalları zamanı keçirildiyi məkanda fəaliyyət göstərən bütün parakəndə ticarət obyektləri və onlarla yanaşı digər ticarət müəsissələri də kütləvi şəkildə endirimlər tətbiq edirlər. Satılan mallardan və əşyalardan asılı olaraq endirimlər 20-95% arası ola bilərlər. Burada ticarət mərkəzlərində fəaliyyət göstərən brend geyim, ayaqqabı, aksesuarlar dükanları, avtomobil, məişət avadanlığı, mebel, qab-qacaq, suvenir, saat, zinnət əşyaları və digər malların ticarətini edən şirkətlərin adını çəkmək olar. Digər tərəfdən hər bir dövlət yerli istehsalata aid olan mallara da üstünlük verirlər. Bizim halda bu mallar kəlağai, yerli dizaynerlərin geyimləri, müxtəlif əl işləri, milli musiqi alətləri, xalçalar, balıq kürüsü, şərablar və sair bu kimi nadir məhsullarımız ola bilərlər. Bir məsələni də unutmamalıyıq ki, festivalın keçirilməsi yalnız ticarətin intensiv işləməsi deyil, eyni zamanda şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürməlidir. Bu da müxtəlif konsertlərin, əyləncə proqramlarının, defile- moda nümaişi, idmançıların çıxışları, folklor ansamblarınn çıxışları və sair bu kimi tədbirlərlə müşahidə olunur.

Bir məsələyə də toxunmaq istərdim. Hər növ kütləvi tədbirlərin keçirilməsində təklif edilən xidmətlərin və imkanların hədəfə götürülmüş xarici ölkələrdə reklamı və təşviqi ümumi hazırlıq proseslərinin ayrılmaz və mühüm bir hissəsidir. Ticarət Festivalının ilk dəfə Bakıda keçirilməsini isə nəzərə alsaq, demək olar ki, biz mütləq iri miqyaslı reklam-təşviqat kampaniyası həyata keçirməliyik. Yalnız ilk növbədə biz təklif edə biləcəyimiz xidmətləri, yeni turizm məhsullarını müəyyən etməliyik. Bu işin həyata keçirilməsi üçün hesab edirəm ki, büdcədən ayrılan vəsaitlər yardımçı olacaqlar. Eyni zamanda diplomatik korpusun, diaspora təşkilatlarının, xaricdəki müxtəlif nümayəndəliklərimizin və Ümümdünya Turizm Təşkilatı kimi beynəlxalq təşkilatların dəstəyi kimi üsullara dayağlanmamızın etimalı var.

Təşkilatımızın fəalları hesab edirlər ki, Ticarət Festivalının keçirilməsinin təşəbbüsü və onun realizə edilməsi bütün turizm və qonaqpərvərlik sənayesinin uğrudur. Layihənin realizə edilməsində ən mütərəqqi və səmərəli üsullardan istifadə edərək, dövlət və özəl sektora aid olan iqtisadi alətlərdən istifadə olunması yollarını araşdıraraq ilk festivalın keçirilməsi və onun hər il keçirilən ənənəvi tədbirə çevrilməsi üçün biz əldə etdiyimiz təcrübəni və məlumatları hər kəslə bölüşməyə hazırıq. Və əgər dövlət bu tədbirin keçirilməsində təşkilatımıza hər hansı işi tapşırarsa, onun öhdəsindən gəlməyə hazırlığımızı bildiririk və bizə göstərilən etimadın döğrulması üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edərək turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən hər bir müəssisə və peşəkarları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ətrafında birləşməyə çağırırıq. Festivalın uğurlu realizəsi bütün qüvvələrin konsolidasiyası, illər ərzində əldə edilmiş bilik və bacarıqların bir araya gəlməsini tələb edir.

Samir Dübəndi
İdarə Heyətinin Sədri
DAİR Hotellər və Restoranlar Assosiasiyası

Shopping Festivalın keçirilməsi ölkəmizə millionlar gəlir gətirəcək - FOTO
Shopping Festivalın keçirilməsi ölkəmizə millionlar gəlir gətirəcək - FOTO
Shopping Festivalın keçirilməsi ölkəmizə millionlar gəlir gətirəcək - FOTO