"Milli Televiziya və Radio Şurası (MTRŞ) əvvəlki
dövrlərdə aşağı səviyyəli yumorla, "qara yumor"la bağlı dəfələrlə
kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma
təəssüf ki, hazırda bu kimi hallar yenidən ortaya
çıxır".
Bunu MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, bu məsələlər şuranın nəzarətindədir: "Bu, daha
çox yaradıcılıq məsələsidir, əslində, MTRŞ yayımçıların yaradıcılıq
işinə qarışmır. Amma hər halda kanallar da bundan istifadə edib,
reytinq xatirinə efiri səviyyəsiz materiallarla
doldurmamalıdır".
Şöbə müdiri bildirib ki, o, şəxsən “Bozbash pictures”in ATV-də
yayımlanmasını başa düşmür:"Bəlkə də yaxşı reytinq gətirir, ona
görə. Yumoristik layihələrdə, seriallarda Azərbaycan mentalitetinə
zidd davranışlar, zarafatlar, şitlik mövcuddur. Belə davam etsə,
yəqin ki, yenidən bu məsələlərin ciddi monitorinqlərinə start
veriləcək". (Report)