Yığmamızın sabiq baş məşqçisi oğlunun intihar etməsindən danışdı

Yığmamızın sabiq baş məşqçisi oğlunun intihar etməsindən danışdı
12:05 12 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda yaxşı qazancım oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Salih Bora deyib.

2011-2012-ci ildə yığmamızı çalışdıran təcrübəli mütəxəssis Bakıdakı günlərini xatırlayıb. Türkiyəli mütəxəssis vətənində verdiyi müsahibəsində ölkəmizdə kifayət qədər yüksək məvacib aldığını da açıqlayıb: "Azərbaycanda 1 ildə əldə etdiyim pulu Türkiyədə 32 ildə qazanmamışdım. Çünki orada oturuşmuş sistem var. Azərbaycan güləşinə pul üçün getdiyimi düşünmürəm. Mən sadəcə zəhmətimizin qarşılığından söz açıram. Milli komandada məşqçilik müqəddəs vəzifədir".
 
Türkiyə yığmalarında iş təcrübəsi 37 il olan Bora Azərbaycana gəlişini də xatırlayıb. O bildirib ki, yerli federasiyada rəhbərlik dəyişikliyindən sonra işsiz qaldığı üçün millimizi çalışdırıb: "2011-ci ildə bizi dünya çempionatı gözləyirdi. Mundiala 2,5 ay qalmış Güləş Federasiyasında rəhbərlik dəyişdi və bizimlə yolları ayırdılar. "Belə etməyin, çempionatdan sonra gedərik", - desək də başa sala bilmədik. Çempionat zamanı isə Azərbaycandan təklif gəldi və mən də getdim".
 
Hazırda yenidən "ay-ulduzlular"ın "sükanı arxasında" olan məşqçi London Yay Olimpiya Oyunlarında Azərbaycan və Türkiyə güləşçilərinin görüşü zamanı keçirdiyi hissləri də xatırlayıb: "Qarışıq hisslər idi. Xalçaya çıxan pəhləvanların hər ikisi tələbəm idi. Nə edə bilərdim ki? Xalçanın kənarına çıxmadım. İdmançıma taktiki göstərişlər vermədim və azarkeşlər kimi izlədim. Mənim üçün çətin təcrübə oldu".
 
Bora bildirib ki, Azərbaycandan məhz ailəsindən uzaqda tək yaşaya bilmədiyi üçün ayrılıb və 2,5 il işsiz olub.
 
Türkiyə güləşinin əfsanələrindən olan Həmzə Yerlikayanın 11 yaşından məşqçisi olan mütəxəssis yetirməsinin sonradan onu "saymamasına" da münasibət bildirib. Boranın sözlərinə görə, Güləş Federasiyasının prezidenti olan idmançının onunla incikliyinin səbəbini bilmir: "Mənim Həmzə ilə hansısa problemim yoxdur, onun varsa, bilmirəm. Aramızda hansısa mübahisə də olmayıb. Nə üçün belə etdiyini bilmirəm. 11 yaşından onu yetişdirdim. Ata-oğul kimiydik, amma indi yox. 2,5 ildir görüşmürük. Məncə, Həmzə gəncliyinə, hirsinə və emosiyasına yenildi".
 
Londonda yığmamıza 1 gümüş və 1 bürünc medal qazandıran Bora oğlu Nedimin 32 yaşında intihar etməsinə də toxunub: "Necə oldu, biz də anlamadıq. Ölümündən iki həftə öncə psixologiyasında dəyişiklik olmuşdu. Səssizliyə çəkilirdi, özünə qapanmışdı. Tez-tez yanıma gəlib, danışmaq istəyirdi. Danışırdıq da... Sonra yenidən öz dünyasına çəkilirdi. Biz də həkimə aparmağa qərar verdik. Anası ilə bərabər üçümüz həkimə getdik. O, anası ilə otaqda həkimi gözləyərkən mən iş üçün aşağı düşdüm. Həmin vaxt birdən özünü pəncərədən aşağı atıb. Üçüncü mərtəbə idi, çox yüksək də deyildi. Amma həyatını xilas edə bilmədik. Həmin anda bütün dünya başıma fırlandı. Allah heç kimə belə bir dərd verməsin. Bir qızım, bir oğlum vardı. Təbii ki, Həmzəni də oğlum kimi görürdüm. Yəni, 2 oğlumu da itirdim".
 
Boranın sözlərinə görə, həmin vaxtdan həyat yoldaşı ilə özlərinə gələ bilmirlər: "Evin hər tərəfində şəkilləri var. Onlara baxıb, anası ilə birgə ağlayırıq. Psixoloqa da getdik, depressiyadan çıxmaq üçün hər şeyə əl atdıq. Beləcə birtəhər ayaqda dururuq".
 
Qeyd edək ki, Boranı millimizdə iranlı Cəmşid Xeyrabadi əvəzləyib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR