Bəstəkar Eldar Mansurovla “Həyat dərsi”

Bəstəkar Eldar Mansurovla “Həyat dərsi”
12:54 12 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

...Mənə elə gəlir ki, hər bir insan, hər bir adam tərbiyəni evində alır. Gözümüzü açandan ana görmüşük, ata görmüşük, böyüdükcə də ata-ananın bir-birinə olan münasibətləri, övladlarına, ətrafdakılara olan münasibətləri... Hamısını görüb-götürmüşük. Bu, sırf ailə içindən başlanan bir tərbiyədir. İkinci tərbiyə, deyərdim ki, məktəbdir. Məktəb, mütləq, olmalıdır. Düzdür, evdə biz, məsələn, ədəb-ərkan, sözə baxmaq, nəyi eləmək və ya demək  olar, nəyi olmaz, bu şeyləri öyrənmişiksə, digər şeyləri- yazı-pozudur, savaddır, bilik almaqdır, bunların hamısını məktəbdən öyrənmişik. Məktəbdə oxuyarkən biz daha bir biliyə yiyələnmişik- insanlarla ünsiyyətdə olmaq. Burada tək yaşamırsan. Evdə məsələn, ailədə bacın, qardaşın, atan, anan var, ancaq evin içidir. Amma məktəbdə bir balaca cəmiyyət arasına çıxırsan, onlarla davranmaq qaydalarını öyrənirsən. Gələcəkdə məktəbdəki tərbiyə evdəki tərbiyənin üstünə gəlir, məktəbi də qurtarandan sonra instituta ki ayaq açırsan, tərbiyənin, deyərdim, 3-cü mərhələsi başlanır. Bu, uşaqlıqla orta yaş arasında bir mərhələdir. Həmin o mərhələdə gördüklərinin hamısı cəmləşir. 4-cü mərhələ, deyərdim ki, ömrünün sonuna qədər aldığın həyat dərsidir. Yəni əvvəllərdə nə götürmüsən, necə öyrənmisən, nəyi qavramısan, onları xırda-xırda ömrünün sonuna qədər xərcləyirsən.
 
...Açığı, deyim ki, biz hələ uşaq olan vaxtda atam əlimizdən tuturdu, hərdən çıxıb gəzirdik. Məsələn, İçərişəhərə gələndə atam göstərərdi ki, bax, bu, bizim evimizdir, mən burada yaşamışam, yəni inqilabdan əvvəl, 20-ci ilə qədər o evdə yaşayıb, uşaqlığı orada keçib. Sonra deyirdi ki, şəhərin müxtəlif yerlərində bizim mülklərimiz çox olub. Bakıda, gəzəndə hərdən atam danışırdı ki, bax, babanın evi burada da olub. Onda biz hələ anlamırdıq ki, bunlar bəy nəsli olublar, varlı nəsil olublar. Bu şeyləri bilmirdik, uşaq idik, məktəbdə oxuyurduq. Bu şeyləri yavaş-yavaş o vaxt atam bizə anlatdı. Belə oldu ki, illər keçəndən sonra mən özüm ata oldum. Mənim uşaqlarım da bir gün məktəbdən gəldilər ki, ata, deyirlər, biz bakılıyıq, dedim hə, başladım bunlara danışmağa. Gördüm, o qədər mən sual verirlər, bunlara cavab verməkdən, açığı, yoruldum. Mən də atam kimi bunların əlindən tutdum başladım gəzdirməyə, atam mənə göstərən mülkləri, evləri göstərdim dedim, bax, bu, babanızın olub, bu da babanızın olub. Sonra gördüm bunların sualları tükənmir, dedim, ay uşaq, əl çəkin məndən. Mən bildiklərimin hamısından  bir kitab yazaram, orada oxuyarsınız. Başladım şəcərə ilə maraqlanmağa. Evdə atamdan kağızlar, sənədlər qalmışdı. Atam rəhmətə gedəndən sonra mən o kağızların hamısını götürdüm baxdım. Birinci dəfə o qədər də dərinə getməmişdim, amma saxlamışdım kağızları. Sonra ki bu kitab məsələsi çıxdı, başladım həmin bu yazıları yavaş-yavaş dərindən oxumağa. Getdim arxivlərə, muzeylərə. Mansurovlara aid nə var, nə yox, hamısını başladım araşdırmağa. Sonra başladım qohumlarla tez-tez görüşməyə ki, hərəsindən bir şey soruşum, kim nə bilir mənim babamdan, ulu babamdan. Hərə bir şey danışırdı. Rusların qəşəng bir sözü var, iştah yemək zamanı gəlir. Mənim də iştaham gəldi həmin vaxt və başladım bu işlə məşğul olmağa. Mən bu işlə düz 33 il məşğul oldum, başladım öyrənməyə, yazmağa. 5 dəfə, 6 dəfə kitabı yazıb qurtarmışdım çapa verirdim, təzə materiallar tapılırdı, çapını saxlayırdım, təzədən düzəldirdim. Bax belə-belə mən bu şəcərə məsələsi ilə məşğul oldum. Ömrümdə ağlıma gəlməzdi ki, “7 oğul istərəm” kinosunda deyir - “ay oğul, mən hara, proletarları hara”, mən də heç vaxt fikirləşə bilməzdim ki, mən-bəstəkar Eldar Mansurov oturub nəslin şəcərəsi, tarixi ilə məşğul olacağam. Amma indi belə baxıram, görürəm, üstündən neçə illər keçib, hərdən oturub fikirləşirəm ki, bunu mən yazmışam? Həmin o illəri yadıma salıram, düşünürəm, bu arxivlərdə, muzeylərdə necə işləmişəm? Müxtəlif şəhərin arxivləri ilə məktublaşırdım. Mən bunların hamısını necə oturmuşam, öyrənmişəm, oxumuşam, dərk eləmişəm yazmışam, bir balaca, açığı, özüm özümdən qorxmağa başlayıram ki, doğrudanmı mən bu yolu keçmişəm?.. Amma indi baxıram, doğrudan da, sevinirəm ki, məndən sonra Mansurovların gələcək nəsli üçün nə isə qaldı. Heç olmasa, mən hara qədər bilirdim o tarixi mən tapdım, canlandırdım. Çox tarixi kitablar oxumuşam. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”ini oxumuşam. Dəfələrlə oxumuşam. Təkcə o demək deyil ki, mən oturmuşam, elə ancaq Mansurov sözünü axtarmışam. Mən Bakının həmin o mühitinə baxmışam, kimlər olub, nələr olub, nə ilə məşğul olublar, hamısını bilmək istəmişəm. Mən istər-istəməz bütün Bakının tarixi ilə məşğul olmuşam. Çünki bu adamlar o dövrdə yaşayıblar və həmin o adamlar o dövrün tarixinə aid olublar. Onlar haqqında yazmaq üçün də mən, gərək, həmin o dövrü biləydim. İnanırsınız, mən hərdən yuxuda, özümdən asılı olmayaraq, elə bil ki, gedib düşürdüm həmin o dövrə. Elə bil, həmin o dövrdə yaşayırdım. Babam haqqında yazmaq üçün, deyərdim ki, bir növ babamın həyatını, özümünküləşdirdim. Yəni, elə bil ki, özüm o dövrdə yaşamışam.
 
...Hərdən hansısa şair bir söz verir mənə, məsələn, yazır ki, sevgidən ölürəm, yıxılıram dərdindən-filan, mən yazmalıyam. Mən, açığı, bir var, boğaza qədər, bir var boğazdan yuxarı. Hərdən elə şeylər olur ki, görürəm, şeir mənə aid deyil, mən onu yazıram, amma hiss edirəm ki, boğazdan yuxarıdır. Bir də elə bir şey yazırsan ki, o, sənin özünə aiddir. Yəni o şey ürəkdən gəlirsə, o sənin özününküdür. Mən həmişə deyirəm ki, bəstəkardır, rəssamdır, heykəltəraşdır, hətta kinorejissordur, hər bir sahənin adamı, nə ki yaradır ha, orada, o əsərdə  o adamın özünü görmək olar. Çünki hərə özünü yazır. Hər hansı bir şair, məsələn, otursun Lermontovdan yazsın. Lermontovun həyatını, onun tarixini nə qədər qəşəng bilsə də,  o ora, heç kim görürsən bilmir, özü də, məsələn, bilmir, amma o şeyi sonradan tutur ki, yəni özünün xasiyyətində olan balaca bir şeyi əsərə salır. Görürsən, Lermontov axırda buna oxşayır. Nəyə görə? Keçmiş Sovet dövründə yaşamışıq. Yadınıza gəlirsə, Sovet dövründə hər yerdə Leninin şəkillərini vururdular. Mən, vaxtilə, marka toplamışam, kolleksioner idim, filatelist idim, indiyəcən də filatelistəm. Baxırdım monqol markalarında Lenin monqola oxşayırdı. Baxırdım, məsələn, Avropada-Almaniya Demokratik Respublikası, Rumıniya, Polşa, onların hər biri Leninin şəklini çəkəndə Lenin o millətlərə oxşayırdı. Azərbaycanda, Qafqazda çəkəndə, ermənilər, gürcülər, bizimkilər, markada çəkəndə görürdün ki, Lenin qafqazlıya oxşayır. Yəni onu hansı rəssam çəkir-çəksin, hərə orada özünü də əks etdirir. Musiqi də elə bir şeydir. Mən nə yazsam, lap Avropa üslubunda da musiqi yazsam, orada mənim bir hissəm var. Özümdən asılı olmayaraq, mən əgər, Baxı təqlid etsəm də, orada Eldar Mansurovdan, azərbaycanlı, müsəlman obrazından nə isə olacaq.
 
...Mənə həmişə atam deyərdi ki, familiyanızla fəxr edin. Hamı bilir ki, biz necə adamıq. Məsələn, hətta repressiya dövründə, 17-ci ildə Rusiyada inqilab oldu, sonra gəldi Bakıya çıxdı, bizimkilərə toxunmamışdılar. Nəyə görə toxunmamışdılar? Atama həmişə sual verirdik ki, nə əcəb, bolşeviklər gələndə bizə heç nə eləmədilər, sonra 37-ci ildə bizə toxunmadılar, deyirdi ki, bizim üstümüzdə möhür var. Deyəndə nə möhürü, deyirdi, “kefkom Mansurovlar”. Biz Mansurovlar ömür-billah yeyib-içmişik, yaxşı məclislər keçirmişik. Özü də hamı bilirdi ki, bizim nəsildə hamı musiqi ilə, bir də  xeyirxahlıqla məşğul olur. Elə o vaxtdan həmin o yolu da tutmuşuq, o yolla da gedirik. Mən də özümə əsas o yolu tutmuşam, atam da o yolu tutdu, belə başa düşdüm babam da o yolla gedib, indi övladlarım da həmin o yolla gedir. Yəni ki, nə işdə istəyirsən işlə, harada, nə istəyirsən elə, o familiya elə-belə verilmir insana. Bu familiya ilə sənin nəslini də təyin edirlər ki, sən kimsən. Elə familiyalar var ki, məsələn, mənə elə gəlir ki, Napoleonun familiyası olan yerdə hamı bilir ki, napoleonlar kimlər olublar. Və yaxud Hitlerin adı gələndə bilirlər ki, Hitlerin nəslindən kimlər də olsa, bunlar ancaq dağıdıblar. Mansurovları da, belə baxanda, familiyasına görə tanıyanların əksəriyyəti bilir ki, mənim nəslimdə hamı təmiz, özü də sənətlə məşğul olan adam olub. Heç kimə nə pislik ediblər, nə ev yıxıblar, nə kiminsə dalınca danışıblar, yəni bu işlərlə məşğul olmayıblar. Başlarını aşağı salıb savadlarını, biliklərini artırıblar, evdə aldıqları tərbiyə ilə də öz həyatlarına davam ediblər.
 
...Mansurov soyadı həmişə mənə kömək edib. Nəyə görə? Çünki, açığı, mən əvvəllər, doğrudan, həmişə fəxr edirdim ki, hara getsəm, deyirdilər Bəhramın, Bəhram Mansurovun oğludur. Amma çox maraqlı bir şeyə rast gəlirik. 15-20 ilin söhbətidir, bir dəfə bir nəfərlə otaqda oturmuşduq. Həmin o adam, guya mənə yaxşılıq etmək istəyirdi, bir jurnalisti çağırıb tapşırdı ki, Bəhram Mansurov haqqında bir məqalə yaz, yubileyi yaxınlaşır. Qız xeylağı idi, dedi: “Baş üstə”. Durdu, gedəndə birdən dayandı. Soruşdu ki, bağışlayın, Bəhram Mansurov kimdir? Beləcə, bir-birimizin üzünə baxdıq. Bilirsiniz necədir, bu, bir dövrdür. Müəyyən bir dövrdə adamlar yaşayırlar. Vaxt var idi məni, qardaşlarımı atama görə tanıyırdılar. Amma indi, mənə elə gəlir ki, mənim özümün tanınmağım atamın yaddan çıxmamasına kömək edir. Mən bax buna çalışıram ki, tək mən yox, mənim övladlarım da məndən sonra, indi düzdür, mən atalarıyam, məni, babalarını yaddan çıxarmasınlar, bilsinlər ki, kök haradan gəlir. Hər bir insan kökünü bilməli, qorumalıdır.
 
...Valideynin kölgəsindən çıxmaq məsələsi, belədir də...Deyəndə ki, bəs Bəhramın oğludur, bilirdilər kimik, nəçiyik. Hər halda atamdan xoşu gələn adamlar çox idi. Həm familiyaya, həm atamın özünə, sənətinə, şəxsiyyətinə hörmət edirdilər, o cür hörmətlə də bizə yanaşırdılar. Amma insan hamının xoşuna gələ bilməz ki... Elə bir cəmiyyətdə yaşayırıq, elə bir planetdə yaşayırıq ki, orada qanunlar var. Yəni 5 barmağın hamısı eyni cür olmur, ayrı-ayrıdırlar. Adam var xoşu gəlmirdi, acığını çıxırdı bizdən.
 
...Mən həyatı heç vaxt dördbucaq, üçbucaq şəklində görmürəm, ancaq dairə şəklində görürəm. Çünki dairədə demək olmaz ki, nöqtə buradadır. Nöqtə orada da ola bilər, burada da ola bilər. Bunun əvvəli, axırı bilinmir haradadır. Haradan başlasaq, gəlib orada da qurtaracağıq. 30, 35, 40 illərlə dostluq etdiyim adamları həyatda itirmişəm. İndi baxıram, “uf” da demirəm.  Elələri var ki, sevinirəm ki, bu adamları mən itirmişəm. Elə insanlar da var, Allah səni xasiyyətinə, təbiətinə və gördüyün işlərə uyğun lazımi insanlarla yaxınlaşdırır və lazım olmayanları uzaqlaşdırır. Mən fatalistəm, belə şeylərə inanıram. İndi ətrafımda elə adamlar var, elə bil, uşaqlıqdan mən bu insanlarla oturub-durmuşam, dostluq, yoldaşlıq eləmişəm. Amma 20, 30, 40 il dostluq elədiyim adamlar olub ki, ola bilər, iç üzlərini bilməmişəm, hiss etməmişəm, onlar mənim yolumdan uzaqlaşıb.
 
...Yaxşılıq edərsənsə, yaxşılıq, pislik edərsənsə, pislik çıxar qarşına. Məni indiyə qədər, elə insanlar var, görəndə deyirlər: “Allah atana rəhmət eləsin”. Bu mənə çox xoş gəlir ki, atam hələ də onların yadındadır, çünki o ancaq yaxşılıq edib. Neçə il bundan qabaq Kürdəxanıdan bir nəfər zəng elədi. Ha fikirləşdim, tanımadım. Dedi ki, sənin atan mənim atamla yaxın olub, sənin atanı mənim atam toyuma dəvət eləmişdi. İndi öz oğlumu evləndirirəm və istəyirəm mənim də oğlumun toyunda sən olasan. Bu hamısı əməllərdən gəlir. Atamla dostluq ediblər, yaxşı münasibətləri olub. Bu adam da unutmayıb ki, Mansurovlarla münasibətimiz olub. Çalışmaq lazımdır ki, adamlara ancaq yaxşılıq edəsən. Pislik edənə yaxşılıq edə bilmirsən, pislik də eləmə. Göydə Allah var, yerdə heç nə elə-belə qalmır. Nə əkirsən, onu da biçirsən.
 
... Bizi uşaqlıqda evdən bayıra çıxmağa çox qoymurdular. Mən marka toplayırdım, qardaşım döş nişanları toplayırdı, başımızı qatırdıq. Məndə tarixə o vaxtdan maraq oyanmağa başladı ki, insan gərək hər şeydən xəbərdar olsun. Təkcə bir sahəni tutub o sahənin alimi olmaq düzgün deyil. Sonra belə oldu ki, dayım AZTV-də işləyirdi, o bizə uşaqlıqdan şəkil çəkməyə həvəs oyatmışdı. Fotoaparatdır, plyonkalardır, bunların hamısını öyrətmişdi. Müəyyən bir vaxt mən fotoqraf oldum. Bir arada Nəriman dayımın yanında assistent kimi də işlədim. İndiyə kimi qardaşım Aydın operatordur. Mənə elə gəlir ki, musiqiçi olmasaydım, fotoqraf, ya da kinooperator olardım. Bəlkə də tarixçi olardım, tarixi, doğurdan, çox sevirəm. Tarixi, Coğrafiyanı və Ədəbiyyatı sevirdim. Riyaziyyat, Həndəsə, Cəbr, Kimy- bunlardan uzaq idim. A. Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra Konservatoriyaya girməyə ixtiyarım yox idi, çünki, gərək rayonda 2 il işləyəydim. Rayona getmədim, dedim, İncəsənət İnstitutuna girim. 2 il orada oxudum. Rəhmətlik Rahib Hüseynov məni buraxmırdı. Atam dedi yox, bu, bunun sahəsi deyil. İncəsənət İnstitutunda 3-cü kursa keçmişdim, sənədlərimi geri aldım, daha bilmirdim Konservatoriyaya girəcəyəm, ya yox, çıxıb sənədlərimi verdim bura. Vaxtında lazımi addımı atdım. İndi fikirləşirəm ki, İncəsənət İnstitutundan çıxmasaydım və Konservatoriyaya daxil olmasaydım, bəstəkar olmasaydım, mən indi nə edəcəkdim. Bəlkə də həyatda öz yerimi tapa bilməyəcəkdim. Mən ömür boyu özümə tənqidi yanaşmışam. Hərdən deyirlər ki, Eldarın xasiyyəti pisdir. Mən özümə tələbkar olmasam, başqasına qarşı da tələbkar ola bilmərəm. Özümü tənqid edə bilməsəm, başqasını tənqid edə bilmərəm. Çox vaxt münsiflər heyətinin üzvü olmaqdan imtina edirəm. Çünki, oturursansa, deməlisən sənin səsin yoxdur, bacarmırsan. Bu adam hələ dərk etmir ki, səsi yoxdur. Buna deməyin də təhəri var. Bəzən yumşaq formada başa salıram ki, hələ tezdir və s. görürəm, acıq edir. Sonra deyirəm, mən qarışmıram. Həyat, onsuz da, onu  öz yerinə qoyacaq. Mən, əgər vaxtında anlaşaydım ki, məndən bəstəkar alınmayacaq, mənim ona gücüm çatardı ki, bu işlə məşğul olmayım. Hər adam cəmiyyətdə öz yerini bilməlidir.
 
...İnsana nəyə görə hörmət edirlər? Həm tərbiyəsinə  həm də sənətinin yiyəsi olduğuna görə. Hərdən görürsən ki, yerində oturmayan adamlar olur, insanların o adama hörməti olmur. Bilirlər ki, kiməsə və ya nəyəsə görə orada oturub. O adam ki, öz nüfuzunu şəxsiyyəti, sənəti ilə qazanıb o adamların yeri başqadır. Əvvəllər deyirdilər həvəskar bəstəkar. İndi onu da demirlər. Hamı olub peşəkar. Mən özüm özümə bəstəkar deməklə deyil, əgər camaat mənə bəstəkar deyirsə, deməli mən bunu qazanmışam. Mən bunu savadımla, Allahdan verilən istedadımla qazanmışam. Heç kim həvəskar həkim olmaq istəmir.
 
... Bu saat həvəskar mühəndislər doludur. Gedirəm öz bölgələrimizə baxıram, evlər tikilib... Bakı şəhərində, İçəri şəhərdə də evlər tikilib. Keçmişdə bənnalar peşəkar idilər. Onlar həmin yerin coğrafiyasına baxırdılar. İşıq haradan düşür, külək haradan əsir, hara nəmişlikdir. Onların tikdiyi evlərə baxırsan ki, yayda sərindir, qışda isti. Yunanıstanda belə evlər daha çoxdur, bizdə çoxunu söküblər. Məsələn, hal-hazırda yaşadığım evi götürək. Bütün günü günün altında qalıram, məcburam pərdələri çəkim. Çünki ev qızır. Yəni hər işdə gərək peşəkar olasan. Evlərin özü yerində tikilmir. Əgər 3 mərtəbəli ev idi isə, söküb yerində 20 mərtəbəli ev tikirlər.
 
...Əgər sən insanın daxilini bilməsən, onu necə əməliyyat edə bilərsən?.. Musiqidən anlayışın yoxdursa, necə musiqini yarada bilərsən?... Çox vaxt Sovet hökumətini söyürlər. Mən imperiya görməmişəm. İndi keçmişi söymək dəbdir. Keçmişdə o qədər yaxşı şeylər olub ki... Sovet hökuməti vaxtı orta məktəbi qurtarmayan adam yox idi. Hamı məcbur oxumalı idi. Ən aşağısı instituta girə bilməyən texnikumu qurtarırdı. Texnikuma girmək də şərəf sayılırdı. Çünki səviyyəsi aşağı deyildi. Texnikumda professorlar dərs deyirdi. Məktəb uşağı məktəbliyə oxşayar. İndi məktəb uşağı, elə bil, diskotekaya gəlib. Bizim vaxtı oğlan və qızların məktəbli paltarı var idi. Həmişə çalışıram hər şeyin yaxşı tərəfini götürüm. Pis şeylər, onsuz da var, çalışıram, bizdən yan keçsin. Pis şeyləri ürəyə saldıqca, ömür də qısalır.
 
... Bu gün baxırsan zaman da yaxşıdır. Şəhər, doğurdan da, gözəlləşib. Adam daha çox yaşamaq istəyir. 50 il sonra təxmin edirəm Bakı necə olacaq. Mənim ulu babam Məşədi Məlik, Bakıda ilk dəfə muğam məclislərini yaradıb. Şamaxıda və Şuşada da muğam məclisləri var idi. Azərbaycanın hər yerindən musiqiçilər bu məclislərdə iştirak etməyə gəlirdilər. Çünki Bakı paytaxt idi. Necə indi Bakıya böyük axın var, keçmişdə də elə olub. Qarabağ məktəbinin də, Şamaxı məktəbinin də nümayəndələri gəlirdilər Bakıya özlərini göstərirdilər. Mən özümə böyük şərəf sayıram ki, Mansurovlar nəslindənəm. Tarixdə də belə qalıb ki, Mansurovların evində muğam məclisləri olub. O məktəbin çoxlu yetirmələri olub. Atamın əmisi Mirzə Mansur, atamın atası Məşədi Süleyman özlərindən sonra böyük irs qoyublar. Xatirələr yazıblar. Məşədi Süleyman özü sonralar Bakı məclislərinin rəhbəri olub. Bu gün Mansurovların musiqiçilər nəslinin ənənələrini mən və qardaşım Elxan davam etdiririk. Uşaqlar da bəlkə oldular, nəvə və nəticələr də, onu artıq deyə bilmərəm.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR