"Azərbaycan dünya ölkələri üçün nümunə ola bilər"

"Azərbaycan dünya ölkələri üçün nümunə ola bilər"
16:47 12 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Mixael Link ilə görüşüb.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət müstəqilliyi günü ərəfəsində Bakıya gələn DTİHB rəhbərini salamlayan vitse-spiker qonağa məlumat verib ki, bu il Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsinin 25 ili tamam olur.

B.Muradova bildirib ki, müstəqillik dövründə mühüm yol qət etmiş ölkəmizdə zamanın çağırışları nəzərə alınır, Azərbaycan rəhbərliyi ən ciddi islahatlara belə getməyə hazırdır: "Yaxın günlərdə keçirilmiş referendum dediklərimizə bariz nümunədir. Konstitusiya islahatları sahəsində atılan o mühüm addım xalqla ölkə rəhbərliyinin birliyini aydın göstərdi. Bunu seçkiləri izləmiş beynəlxalq qurumların, o cümlədən ATƏT-in müşahidə missiyasının yekun qənaətləri də təsdiqlədi".

Milli Məclis Sədrinin müavini B.Muradova nəzərə çatdırıb ki, Azərbaycan ATƏT-in bütün qurumları ilə qarşılıqlı hörmət və etimada əsaslanan bərabərhüquqlu əməkdaşlığı genişləndirmək niyyətindədir.

Azərbaycanda müstəqilliyin bərpasını yüksək dəyərləndirən DTİHB-in rəhbəri M.Link ölkəmizin bir çox üstünlüklərindən söz açıb. O qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə Avropanı Şərqlə birləşdirən ölkə kimi mühüm əhəmiyyət daşıyır: "Burada mövcud olan tolerantlıq, dinlər arası xoş münasibət, müxtəlif inanclara etiqad bəsləyən insanların dinc birgəyaşayışı, yəhudilərə bəslənən gözəl münasibət dünyanın bir çox ölkələri üçün nümunə ola bilər. Çünki yəhudilərin məskunlaşdığı digər ölkələrdə antisemitizm durmadan inkişaf edir, nəticədə yəhudilərin yaşayışını çətinləşdirir".

Bakıda dinlərarası dialoqa həsr olunmuş tədbirdə iştirak etdiyini, Qubada yaşayan dağ yəhudilərini ziyarət edərək onlar üçün yaradılmış şəraitə heyran qaldığını vurğulayan qonaq bildirib ki, Azərbaycan getdikcə beynəlxalq tədbirlərin keçirildiyi böyük bir məkana çevrilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR