"Bəlkə yağan yağış deyil..." - PAYTAXT KÜÇƏLƏRİNDƏN REPORTAJ

"Bəlkə yağan yağış deyil..." - PAYTAXT KÜÇƏLƏRİNDƏN REPORTAJ
17:09 17 Oktyabr 2016
253 Digər
Ölkə mətbuatı
A- A+

Görüntülər sizi çaşdırmasın. Bura nə Venesiyadır, nə də burada vəziyyət italyansayağıdır. Bura heç Mozambikin hansısa ucqar məhəlləsi də deyil. Sözün doğrusu, bura çatanda lap məşhur filmdəki kimi "Ayravani, ayravani çandrika" deyib, bir anda yuxarıda adlarını sadaladığım nöqtələrdən birinə düşdüyümüzü zənn etdim. 
 
Bura Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsidir. Yağan yağışlar, gördüyünüz kimi, burada ciddi fəsadlara səbəb olub. Yolu su cənginə aldığından, avtomobillərin hərəkətində də çətinliklər yaranıb. Buradakı suyun səviyyəsi mənim dayandığım yerdən də bəllidir.
 
Ərazidə yaşayan sakinlər bu "mənzərəyə" artıq öyrəşdiklərini deyir. Belə ki, payız-qış aylarındakı intensiv yağıntılar zamanı qəsəbənin yolları daha da keçilməz olur. Yaxınlıqda orta məktəbin də yerləşdiyini nəzərə alsaq, bu hal şagirdlər və övladlarını məktəbə aparan valideynlər üçün də problemlərə səbəb olur.
 
Hər dəfə yağışdan sonra bu yolda yaranan acınacaqlı vəziyyət ictimai nəqliyyatın da hərəkətini çətinləşdirir.
 
Yağış sularının yolun hərəkət hissəsinə yığılması nəqliyyat vasitələrinin suyun içərisi ilə hərəkətində çətinlik yaratdığından, bu işdə onların köməyinə evakuatorlar və Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları çatır.
 
Evakuatordan söz düşmüşkən, ərazidə yaşayan vətəndaşlardan birinə məxsus evakuasiya maşını yolda qalan avtomobillərin çıxarılması ilə məşğul idi. Elə həmin evakuator növbəti dəfə su yığılmış ərazidə qalan avtomobili oradan götürməyə gedərkən, bizi də həmin maşının ilişib qaldığı və suyun daha  çox yığıldığı hissəyə  aparmasını xahiş edirik. Evakuatorun üzərindən müşahidə etdiyimiz mənzərə isə vəziyyətin nə qədər ciddi olduğunu bir daha ortaya qoyur.
 
Yağış suları təkcə yola ziyan vurmaqla kifayətlənməyib. Əlillərə Məişət Xidməti cərgəsinin müdiri Qəhrəman Süleymanovun sözlərinə görə, kanalizasiya sisteminin işləməməsi, yağış kollektorlarının olmaması səbəbindən ərazidəki obyektlərə dolan su sakinləri gündəlik çörəkpulundan da məhrum edib: "Mən burada 7-8 ilə yaxındır işləyirəm, hələ belə bir şey görməmişəm. Bu, ikinci dəfədir biz suyun içindən çıxa bilmirik. Hazırda bizim otaqların hərəsinin içərisində bəlkə də yarım metr su var. Əlillərin hərəsinə bəlkə də 100-2000 manat ziyan dəyib".
 
Şikayətçi deyir ki, dəfələrlə buradakı vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, onları sudan quruya çıxaracaq şəxs hələ ki yoxdur.
 
Başqa sözlə desək, qəsəbənin adı Yeni Yasamal olsa da, buradakı kanalizasiya problemi köhnədir.
 
Qəsəbənin Dadaş Bünyadzadə küçəsində yaşayanlar onları sözün əsl mənasında təngə gətirən bu məsələnin tez bir zamanda müsbət həll olunacağını gözləyir. Necə deyərlər, bu hələ kinodur, yağmurlu-şaxtalı günlər isə hələ qarşıdadır. Ümid edirik ki, aidiyyəti qurumlar tezliklə müvafiq tədbirlər görəcək və Yeni Yasamal sakinləri bu köhnə problemlə, nəhayət, birdəfəlik vidalaşacaqlar.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR