Əli Kərimlinin qara zolağı: trollar yenə məğlub oldular - Yaxud bir daha "HamamTimes"ın "sorğusu" haqqında...

Əli Kərimlinin qara zolağı: trollar yenə məğlub oldular - Yaxud bir daha "HamamTimes"ın "sorğusu" haqqında...
21:33 19 Oktyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın radikal müxalifət partiyalarının ölkənin siyasi həyatında heç bir rola malik olmadıqları günümüzün inkarolunmaz reallığıdır. İndiyə qədər qatıldıqları bütün seçki marafonlarından boynubükük ayrılan, siyasi sistemin təkmilləşdirilməsi, islahatlar həyata keçirilməsi və ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüs irəli sürməyən, yalnız xarici maraq qruplarından aldıqları maddi dəstək və qeyri-real vədlər qarşılığında partiyaçılıq oynayan radikal ünsürlərin Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi yoxdur. Faktiki olaraq, ictimai faydalı işlə məşğul olmayan, siyasi sistemimizin "qarınaltı yükü"nə çevrilmiş bu azsaylı qrupun fəaliyyəti real müstəvidən virtual aləmə transfer olmaqdadır. Və bu keçid siyasi leksikonumuza yeni ifadə daxil edib: "facebook müxalifəti".

Şübhəsiz ki, müasir şəraitdə sosial şəbəkələr istənilən təşkilat üçün həm kifayət qədər imkanlar vəd edən təşviqat, həm də geniş kütlələrə müraciət platformasıdır. Di gəl ki, bu platformanın hər kəs tərəfindən qəbul olunan əhəmiyyəti heç bir siyasi təşkilata yalnız sosial şəbəkələrdə gün keçirmək etmək üçün əsas vermir. Azərbaycanın "facebook müxalifəti" isə özünün mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışır. AXCP sədri Əli Kərimlinin fəaliyyəti bu mənada xarakterikdir.

"Like", yoxsa "Wow"?

"Facebook" sosial şəbəkəsindəki "HamamTimes" səhifəsində ötən həftənin sonlarında "Əli Kərimli, yoxsa İlqar Məmmədov?" başlıqlı sorğu təşkil olunub. İlk sorğu günündə səhifə adminləri İlqar Məmmədovun lehinə səs vermək üçün "Like" (bəyənmə), Əli Kərimliyə səs verənlər üçün təəccüb anlamını verən "Wow" düyməsini müəyyənləşdirmişdilər. Lakin Əli Kərimli tərəfdarları dərhal cığallığa keçdilər. Onlar belə bir iddia irəli sürdülər ki, insanlar daha çox "Like" işarəsini bilir, həmçinin "Wow" işarəsini tapmaq üçün də əvvəlcə "Like"ı sıxmaq lazımdır. Ona görə də bu sorğunun ədalətli olmayacağını bildirən kərimliçilər işarələrin yerini dəyişdirməyi tələb etdilər. Səhifə idarəçiləri də onların tələblərini nəzərə alaraq bu dəfə Kərimli üçün "Like", İ.Məmmədov üçün "Wow" düyməsi təyin etdilər.

Sosial şəbəkələrdə tez-tez bu kimi sorğuların şahidi oluruq. Nəzərə alsaq ki, sistemə bu və ya başqa şəkildə müdaxilə mümkündür, həmçinin trollar və "saxta profillər" üzərindən həyata keçirilən mexanizmlər də nəticəyə əsaslı təsir edir, onda bu sorğuların nəticələrinin əksər hallarda reallığı ifadə etmədiyini söyləyə bilərik. Elə sonuncunun nəticələrinə münasibətdə də hər iki tərəfin öz yanaşması var. Məqsədimiz heç də bu iki şəxsdən hansının sosial şəbəkə istifadəçiləri arasında daha populyar olduğunu müəyyənləşdirmək deyil. Heç Ə.Kərimlinin 1498, İ.Məmmədovun 3306 dəstək almasının da, zənnimizcə, elə bir xəbər yükü yoxdur. İnsafən, Kərimlinin "trol"ları bu dəfə də qara zolaqdan çıxa bilmədilər və onların saxta profillər üzərindən "like" canfəşanlığı fiasko ilə tamamlandı. Amma bizim üçün əsas diqqətçəkən məqam həmin sorğuya yazılan şərhlərlə bağlıdır. Çünki bu "müzakirə"lər bir çox mətləblərdən xəbər verir.

Əvvəla, bu "Like" yarışmasında siyasi palitramızın autsayderi sayılan təşkilatların təmsilçilərinin mənəvi cəhətdən nə qədər ciddi aşınmaya məruz qaldıqları növbəti dəfə ortaya çıxdı. Ona görə də sosial şəbəkələrdə nüfuzları yoxlanılan bu iki şəxsin tərəfdarlarının sorğunun "baş rol oyunçuları" haqqında yazdıqları şərhlərin üzərində dayanmağa ehtiyac var.

Əli Kərimli öz adının yanında digər bir müxalifətçinin adının keçməsindən depressiyaya düşür

Bu günə qədər Əli Kərimlinin sosial şəbəkələrdə saxladığı muzdlu "trol" və "saxta profil" dəstəsi haqqında dəfələrlə yazılıb, hətta ona yaxın adamlar mətbuata açıqlamalarında bununla bağlı maraqlı məlumatlar veriblər. Bu profillərdən Kərimlinin guya böyük ictimai nüfuza və güclü dəstəyə malik siyasətçi olması haqqında rəy yaratmaq üçün istifadə olunur. Sözügedən sorğuda Kərimli tərəfdarlarının yazdıqları şərhlərdə də bu fikir əsas tezis kimi ortaya çıxır.

Təbii ki, həm sosial şəbəkələrin, həm də xəbər saytlarının şərhlər bölməsində "saxta profil"lərin Əli Kərimlinin ünvanına yazdıqları təriflərlə onun əsl xislətini gizlətmək mümkün deyil. Ən azından radikal düşərgədə "lövbər" salanların özləri Əli Kərimlinin hansı yolu keçdiyini, hansı oyunlardan çıxaraq AXCP-də hakimi-mütləqə çevrildiyini, qondarma "Milli şura"nı hansı manevrlərlə özününküləşdirdiyini yaxşı bilirlər. AXCP sədrinin bütün "karyerası" boyu müxalifətdəki rəqiblərinə badalaq gələrək onları sıradan çıxarmaq üçün hansı "tədbirləri gördüyü" də yaddaşlarda təzədir. Və bütün bunların səbəbi çox sadədir: Əli Kərimli despot, antidemokrat mahiyyətlidir, çevrəsində özünə rəqib ola biləcək kiminsə olmasını istəmir. O, təkcə AXCP-də deyil, bütövlükdə radikal düşərgədə yetənə yetir, yetməyənə də bir daş atır. Sözügedən sorğuda "cəbhəçi" trolların canfəşanlığını da bu səbəblə izah etmək mümkündür. Bəyəm, vaxtilə özünə lider hesab etdiyi mərhum Əbülfəz Elçibəyə qarşı mətbuata kompromat ötürən, yaxud onun ölümündən sonra müxalifətdə "bığ çıxaran" hər kəsin üstünə "qılınc çəkən", təmsil olunduğu düşərgədə "dedovşina"nın çiçəklənməsini təmin edən Ə.Kərimli deyildimi? AXCP sədrinin "muzdluları"nın təhqirlərinə məruz qalan onlarla müxalifətçinin adını birnəfəsə söyləmək mümkündür. Ə.Kərimli bu gün də müxalif düşərgənin "çirkin mülkədar"ı olmaq missiyasını davam etdirir. Ona görə də hətta sosial şəbəkədə təşkil olunan bir sorğuda belə adının yanında kimlərinsə adının yazılmasından depressiyaya düşür, buna dözməyə belə taqəti çatmır. İ.Məmmədov burada şərti subyektdir, problem Ə.Kərimlinin sadistliyində, tirançı mahiyyətində, yarış və rəqabət anlayışlarına qüsurlu yanaşmasındadır. Bu səbədən də AXCP sədrinin "söyüş maşını" istənilən məkanda istənilən adamı hədəf seçə bilər, subyektin adının nə olmasının elə bir fərqi yoxdur. "HamamTimes"ın sorğusunda Kərimlinin "kisəçiləri"ni əl-ayağa salan da bax elə budur. Üstəlik, bu prosesə Kərimli ən etibarlı adamlarını – köhnə qvardiyaçıları qoşub: Alı Rza, Aqil Əli Məhərrəm, Ruslan Nəsirli, Nurəddin Məmmədli, Vüqar Niftiyev Kərimlinin artıq xeyli təcrübəli hesab olunan "like"çıları və "linç briqadası"nın üzvləridir. Onların yazdıqları şərhlərdə İlqar Məmmədova qarşı aşağılayıcı münasibət hər addımda özünü göstərir, onun hətta ciddi bir siyasi fiqur kimi qəbul olunmamasına eyham vurulur. Məsələn, AXCP-nin Ali Məclisinin Rəyasət Heyəti üzvü Aqil Əli Məhərrəm yazır: "Bu qədər insan İlqar Məmmədovu real olaraq dəstəkləyir, niyə təkan verib REAL-ı partiya edib, prosesin önündə aparmırlar? Bu qədər dəstək realdırsa, nədən REAL bu qədər insanla işləməkdə maraqlı deyil? İki həbslə kampaniyanı dayandıranda bu qədər insan nədən demədi ki, dayandırmayın, biz o iki nəfəri əvəz edərik? Ölkənin taleyi kütləvi mitinqlərdən keçir. Burada olan trol şəbəkəsi ilə mitinq etmək olmur. Real insanlar, ölkənin taleyi üçün çalışanlar meydanda olan insanlardır".

Yeri gəlmişkən, bir məqam da diqqətimizdən qaçmadı. Əli Kərimlinin virtual "savaşçıları"nın siyasi təşkilatın gücü ilə bağlı ölçü meyarları mitinqlərdir. Onlar hesab edirlər ki, əgər kimsə mitinq keçirirsə, bu, artıq onun güclü olmasından xəbər verir. Mitinq keçirmirsə, deməli o, ümumiyyətlə, siyasətlə məşğul olmur. AXCP Gənclər komitəsinin sədri İlham Hüseynin yazdığından da bu nəticə hasil olur: "HamamTimes" səhifəsinin bu formada sorğu keçirməsi növbəti saxtakarlıq kimi qiymətləndirilməlidir. Bu səhifənin hamam suyu ilə özünə dost tutmaq istəməsini başa düşmək olar, amma bunu ədalətli şəkildə etmək olardı. Bu ölkədə real gücün kimliyi hər addımda sübut olunur, ən əsası da meydanlarda. Ədalətli olun, cənablar, kiminsə tərəfini tutarkən çalışın öz imicinizin bir tərəfini korlamayın".

Alı Rza isə belə yazır: "Belə foto-illustrasiya ilə camaatı yönəltməkdənsə, açıq yazardınız ki, İlqar Məmmədovu virtual aləmin prezidentliyə namizədi eləmək istəyirsiniz, elə "cəbhəçi"lər də basıb sizə kömək edərdi də, daha bu düşüklük nəyə lazım idi?".

Əlbəttə, şərhləri seçərkən maksimum diqqətli davranmağa çalışdıq. Çünki xüsusilə, Kərimli tərəfdarlarının yazdıqları əksər şərhlərdə bütün etik baryerlər aşılmış, qarşı tərəfin ünvanına ən ağır söyüş və təhqirlər yağdırılmışdır. Biz, təbii olaraq, etika naminə o şərhləri burada təqdim edə bilmirik. Amma onların sözügedən səhifədə hələ qaldığını da qeyd edirik.

Kərimlini tənqid edən hər kəs "trol"dur?

Əli Kərimli və ətrafındakı azlığın ən çox istinad etdiyi digər "tezis" bundan ibarətdir ki, bu antimilli ünsürlərin fəaliyyəti haqqında sosial şəbəkələrdə yer alan tənqidi fikirlərin müəllifləri ya "saxta profil" sahibləri, ya da "trol"lardır. Hərçənd ki, sosial şəbəkələrdə bu qəbildən olan fikir və rəylər əsas etibarilə cəmiyyətimizdəki əhval – ruhiyyəni ifadə etməklə yanaşı, AXCP sədrinə ictimai münasibətlə eyniyyət təşkil edir. Belə olduğu halda, Kərimlinin özünə qarşı tənqidi fikirləri bu cür bəhanələrlə neytrallaşdırmağa çalışması ciddi qəbul olunmur.

Məsələn, kərimliçilərin mövqeyini dəstəkləyən Sabir Hüseynov adlı profil sahibi REAL tərəfdarlarını trolluqda ittiham edərək yazır: "İlqar Məmmədovu "like" edənlərin sayı qədər heç REAL-ın üzvləri yoxdur". Prinsipcə, doğrudur və burada etiraz olunası heç bir səbəb yoxdur. Amma məsələ burasındadır ki, qarşı tərəfin də bununla bağlı iradları kifayət qədər əsaslıdır. Nərgiz İsmayılova adlı sosial şəbəkə istifadəçisi yazıb: "Mən də həmişə onu demişəm ki, Əli Kərimlinin səhifəsini bəyənənlərin sayı 200 mini keçir, ancaq mitinqlərə heç 3000 adam toplanmır. Demək ki, Əli Kərimlinin səhifəsini bəyənənlərin 90 faizdən çoxu "trol"dur. Mitinqlər bunun əyani sübutudur".

Yaxud vaxtilə "Azadlıq" qəzetinin əməkdaşı olmuş Zöhrab İsmayıl, AXCP-nin mətbəxinə yaxından bələd olan şəxs kimi, Əli Kərimlinin facebook-dakı səhifəsini 100 mindən çox profilin bəyəndiyinə işarə vuraraq kinayə ilə yazır: "100 minin 5%-ni səfərbər edin "like" düyməsinə bassınlar, nə problem var ki? 100% orda (AXCP-də - müəllif) 1 nömrəli hazırlıq vəziyyətidir".

Doğrudanmı, bu dəccallar özlərini bu qədər əhəmiyyətli hesab edirlər?

Burada, sadəcə, 6 şərhi misal gətirdik. Əslində, bir-birlərinin ünvanına "trol" yarlığının yapışdırıldığı onlarla belə şərhlər var, hətta AXCP-çilər masştabı genişləndirərək üçüncü tərəfin də tapşırıqlarını yerinə yetirən "trol" axtarışına çıxırlar. Çox maraqlı bir situasiya yaranıb: bir şəxs nə qədər özündənrazı, nə qədər müştəbeh, eqoist ola bilər ki, hər kəsin onu sevdiyini düşünsün. Hətta müqəddəslər belə bu iddiaya düşmədiyi halda, Kərimlinin, əstağfurillah, bu "allahlıq" arzusu haradan yaranıb? İnsan yalnız çox ağır depressiya içərisində olanda sərsəmləmə zamanlarında bütün həqiqətlərin onun beynində və vücudunda cəmləndiyini düşünə bilər. Görünür, Əli Kərimli də belə bir problemlə üz-üzə qalıb. Sanki hamı bunlardan icazə almalıdır? Nəyi yazmaq lazımdır, nəyi olmaz, nə layihə keçirmək mümkündür, nə deyil, hamısının lisenziyası şəxsən Əli Kərimlidən alınmalıdır?! Doğrudanmı, bu dəccallar özlərini bu qədər əhəmiyyətli hesab edirlər? Əgər belədirsə, onda Allah şəfa versin!

P.S. Son zamanlar Ə.Kərimlinin virtual “troll” siyasəti də iflasa uğrayıb. Artıq neçənci dəfədir ki, AXCP sədri böyük əhəmiyyət verdiyi məsələlərin sosial şəbəkələrdə təbliğində fiaskoya uğrayır. "HamamTimes" "yarışması" bu sırada növbəti həlqəni təşkil edir. İndiyə qədər o və muzdlu "facebook dəstəsi" əsas etibarilə vətənpərvər, dövlətini düşünən gənclər qarşısında aciz durumda qalırdısa, bu dəfə ictimaiyyət arasında heç bir nüfuzu olmayan, siyasətçi kimi özünü təsdiqləməyi bacarmamış İlqar Məmmədovun azsaylı dəstəkçiləri qarşısında rəzil məğlubiyyətlə üzləşib. Məncə, bu, artıq Əli Kərimli üçün "SOS" deməkdir. Ya papağını önünə qoyub düşünməli və düşdüyü böhrandan ağıllı bir çıxış yolu tapmalı, ya da zamanın ağır zirehləri altında birdəfəlik məhv olmalıdır.

Aqşin ŞAHİNOĞLU


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR