Küveyt dövlətinin Azərbaycanın işğal olunmuş
ərazilərində müsəlmanlara qarşı qətliam törədən ermənilərə yardımı
ortaya çıxıb.
Publika.az xəbər verir ki, Küveyt və Ermənistan mediasında
bu haqda məlumatlar yayılıb.
Məlumatlara görə, 2016-cı ilin avqust ayında Ermənistanın sosial
təminat naziri Ardem Asaturyanla Küveytin bu ölkədəki səfiri Bəssam
əl-Qəbəndi arasında saziş imzalanıb. Sazişə əsasən,Küveyt
Ermənistana qocalar evlərinin, ahıllar üçün reabilitasiya və
sağlamlıq mərkəzlərinin təşkil olunması məqsədi ilə 1,5 milyon ABŞ
dolları vəsait ayırıb.
Hər iki ölkənin mediası bunu “Küveytin Ermənistan xalqına olan
hörmətinin nümunəsi” kimi təqdim ediblər.
Ən maraqlı məqam odur ki, ahıllar üçün reabilitasiya və sağlamlıq
mərkəzlərinin təşkili layihəsinin əvvəlcə Azərbaycanda həyata
keçirilməsi nəzərdə tutulub. Belə ki, 2016-cı ildə Küveyt
Dövlətində bu ölkənin xeyriyyə təşkilatı olan Beynəlxalq İslam
Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası arasında birgə fəaliyyət haqqında Memorandum
imzalanıbdır.
Memorandum əsasında tərəflər Azərbaycanda müxtəlif sahələri əhatə
edən layihələrin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında
razılıq əldə ediblər. Belə layihələrdən biri də Bakı şəhərində
ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin tikintisinin
həyata keçirilməsi olub.
Lakin Küveyt bu layihənin Ermənistanda həyata keçirilməsi üçün
yardım ayırıb.
20 ildir Azərbaycanla sıx əməkdaşlıq edən, İslam Əməkdaşlıq
Təşkilatında birgə təmsil olunan, ən əsası da müsəlman ölkəsi olan
Küveytin bu addımı təəssüf doğurur.
Qeyd edək ki, Küveyt bundan əvvəl Suriyadan qaçaraq Ermənistana
gələnlərə yardım etmək niyyətində olduğunu də açıqlamışdı.
Asif