Səhv başa düşülən test

Səhv başa düşülən test
10:19 21 Oktyabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu şəhərdə mənim hərəkət marşurutlarım elədir ki, gündə ən azı 3-4 universitetin qarşısından keçirəm.  Saysız-hesabsız tələbələrlə qarşılaşıram. Mənə elə gəlir ki,  indiki zamanda  tələbələrin  nə  nağılı var, nə  hekayəsi.  Testlə imtahan vermək hamsının üstündən xətt çəkib. İnşa yazılar, rabitəli nitqin inkişafı test üsulunun heç bir variantında yoxdur. Hər tələbə bir kəlmədən ibərətdir. O da ya “hə”dir, ya da “yox” . Lap qabaqlar tələbələrin nitqində  uzun  bir hekayə  var idi,  danışırdı, danışa bilirdi, indiki tələbələr danışa bilmir, müəyyən bir fikri ifadə etməkdə çətinlik çəkirlər.

 

Mən  günahı  test imtahanların üstə  yıxmaq istəmirəm. Test  bilikləri yoxlayır və dünyəvi bir imtahan formasıdır. Bəla orasındadır ki, il boyu  öyrədilən biliklər   test üsulu ilə  olur. Sanki  uşaqlar dərsə yox, testə hazırlaşırlar. Belə olmamalıdır. Müəllimlər şagirdlərə  il boyu test  üsul-idarəsi üçün  təlim-tərbiyə verməməlidirlər. Bütün nöqsanlar ondadır ki, Azərbaycan tədrisi metodikası və əlavə  hazırlıq kursları – hamısı testin “hakimiyyəti” altındadır. 

 

Dayanacaqdayam. Ətrafım tələbə ilə dolu. Nitqlərinə fikir verirəm;  hamısı xırda, qısa cümlələr. Sanki Azərbaycan dilini  indi-indi öyrənirlər.  Qulağım çalır ki, yanımdakı tələbələrin  biri bu il test imtahanından  630  bal toplayıb. Xırda-xırda danışır. Dilində bir dənə də olsun uzun cümləsi yoxdur. Maraq məni götürür.   Tanış oluram. Təbrik etdikdən sonra  ilk sualım gecikmir.

 

- Testi  üsulu  Azərbaycanda ilk dəfə hansı  prezidentin dövründə tətbiq olunub?

 

Çaşıb qalır. Üzünü gah göyə tutur, gah yerə baxır. Ayağının birinin götürüb birini qoyur. Azca yırğalanır. Şəhadət  barmağını dodağının üstə qoyub uzun-uzadı fikirləşir. Sonra qayıdıb mənə deyir: 

 

- Siz onu kağız üzərində test kimi versəniz, mən ona  variant tapa bilərəm.

 

Birdən-birə həmin uşaq mənim gözlərimdə  ancaq bir kəlmə zəif söz kimi göründü. Nə mübtədası vardı, nə də xəbəri.

 

Öyrəndim ki, humanitar fənlər üzrə çalışıb. Keçdim növbəti suala.

 

- M. Füzulunun “Leyli və Məcnun“ poemasında  sufizm hansı detallarla özünü göstərir. Yenə fikirləşir. Yenə göyə, yerə baxır. Ayaqları və əlləri bir yerdə dayanmır.  Beynində nəyisə hesablayır. Sonra deyir:

 

- Müəllim, bu sualın  test variantı sizdə varsa,  verin mənə, düz variantını  tapım.

 

İndi də  mən yerə-göyə baxıram. Ayağımın birini götürüb, birini qoyuram. Əllərimi cibimə salıb çıxardıram.

 

Gör, test  uşaqları nə günə qoyub. Axırda bunlar adi məişət  detallarını da  testin variantaları ilə tapacaqlar. Hətta gələcəkdə ailə quracaqları qızı da testin variantları ilə  müəyyən edəcəklər.  Test uşaqların nitqini öldürüb. Onlarda danışıq, təhkiyə, mühakimə, analtik təhlil qaydalarını  məhv edib. Daha bu uşaqların nağılları, hekayələri, folklor, lətifələri yoxdur.

 

Həyəcanlanıram. Nöbəti suala keçirəm. Kaş cavabı  söz şəklində adi sadə cümlə ilə mənə  deyə biləydi.

 

- Xəqani  Şirvaninin  “Qəsideyi–Şinyəsi” nədən  bəhs edir və  hansı  Azərbaycan şairi  bu əsərə nəzirə yazıb? Yenə oğlanın gözləri  gah yerə, gah göyə dikilir. Bilmir neyləsin? Utansınmı, qızarsınmı və ya sadəcə əllərini mənə “eh” deyib, yelləyib getsinmi?

 

Test təhkiyəni, mühakiməni, inşanı, yazı qabiliyyətini əlimizdən alıb.   Gərək verilən biliklər  testə uyğun olmasın, yəni il boyu  müəlimlər  öz dərslərini normal şəkildə keçsinlər.  Öz dərslərini  test üsul – idarəsinə uyğunlaşdırmasınlar.  Sonra  dərs ilinin sonunda test imtahanları şagirdlərin həqiqi biliklərini doğru – düzgün müəyyən edəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR