Belarusda böyük azərbaycanlı haqqında kiçik kitab hazırlanıb - FOTO

Belarusda böyük azərbaycanlı haqqında kiçik kitab hazırlanıb - FOTO
15:05 28 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və cüdo ustası Natiq Bağırov haqqında kitabın təqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, İradə Əliyevanın "Natiq Bağırov - idman onun həyatıdır" adlı miniatür kitab Belarus Respublikasının Milli Kitabxanasında ictimaiyyətə təqdim olunub.

Azərbaycanın əməkdar mədəniyyət xadimi, Miniatür kitab müzeyinin direktoru Zərifə Salahovanın aparıcılığı ilə keçən təqdimat mərasimində Belarus Respublikasının Azərbaycandakı birinci səfiri Nikolay Patskeviç, Belarusun əməkdar idman ustası Vladimir Yaprinçev və başqaları çıxış ediblər. Çıxış edənlər sambo və cüdo üzrə 4 dəfə dünya, 5 dəfə Avropa cempionu, Belarusun əməkdar idman ustası Natiq Bağırovun idmançı karyerasından, Belarusda idmanın inkişafına veridiyi töhfələrdən danışıblar. Çıxışlarda idmanda qazandığı uğurlarla yanaşı, Natiq Bağırovun diaspor sahəsindəki fəaliyyətindən də bəhs edilib. Qeyd olunub ki, 30 ilə yaxındır Minskdə yaşayan soydaşımız həm bir idmançı, həm də diaspor rəhbəri kimi Azərbaycanı tanıdır və təbliğ edir. Tədbirin sonunda "Sarı gəlin" rəqs qrupu çıxış edib.

Qeyd edək ki, Bakıda dünyaya gələn 53 yaşlı idmançı Belarus İdman Komitəsinin dəvətilə 1987-ci ildə Minskə köçüb və orada idmançı, məşqçi kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə İtaliya və Xorvatiyada da çalışan idman ustası hazırda Belarusun cüdo üzrə milli komandasına rəhbərlik edir. Eyni zamanda diaspor sahəsində də fəaliyyət göstərən Natiq Bağırov 1997-ci ildə Minskdə "Qobustan" Mədəni-Maarif İctimai Birliyinin sədri secilib, 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədri, eyni zamanda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

İlkin İzzət

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR