Sabah Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək

Sabah Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək
21:32 29 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək. Daha bir azərbaycanlının deputat seçilmək şansı var.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ikinci tur Gürcüstanın 73 majoritar seçki dairəsindən 50-də təşkil olunacaq.
Səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçiriləcək. Bu dairədə azərbaycanlı, “Vahid milli hərəkat” partiyasının namizədi Əhməd İmamquliyev deputat mandatı uğrunda mübarizəni davam etdirəcək. Onun rəqibi “Gürcü arzusu” partiyasının namizədi Tamaz Naverianidir. Birinci turda Ə.İmamquliyev səslərin 47,91 faizini, onun rəqibi isə 43,41 faizini toplamışdı. İkinci turda daha çox səs toplayan namizəd deputat mandatı əldə edəcək. Ə.İmamquliyev qələbə qazanacağı halda Gürcüstan parlamentində 5 nəfər azərbaycanlı təmsil olunacaq.
Birinci turda “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, partiyanın majoritar dairələrindən Savalan Mirzəyev və Ruslan Hacıyev, “Vahid Milli Hərəkat” partiyasından isə siyahı üzrə Azər Süleymanov mandat əldə ediblər.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından “Report”a bildiriblər ki, parlamentin deputatlarının 77-si proporsional sistem, 73 –ü isə majoritar qaydada seçilirlər.
Proporsional sistem üzrə 77 deputat seçilsə də, majoritar dairələrin 50-də namizədlərin heç biri səslərin 50+1 faizini toplaya bilməyib. Ona görə də oktyabrın 30-da həmin 50 dairədə seçkilərin ikinci turu keçiriləcək.
Proporsional sistem üzrə deputatların 46-sı hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından, 27-si “Vahid milli hərəkat” partiyasından, 6-sı isə “Gürcüstan vətənpərvərlər alyansı”ndan seçiliblər. Majoritar dairədən seçilən 23 deputatın hamısı hakim “Gürcü arzusu” -nu təmsil edirlər.
MSK-nın oktyabrın 29-da keçirilən iclasında məlumat verilib ki, səsvermə ilə əlaqədar 50 seçki dairəsində 2 229 seçki məntəqəsi yaradılıb.
Səsvermədə 2 milyon 478 min 42 nəfər seçicinin iştirakı nəzərdə tutulub.
Seçki məntəqələri səhər saat 8:00-da səsvermə üçün açılacaq və səsvermə saat 20:00-da başa çatacaq.
Dairələrdə 100 namizədin mübarizə aparacağı gözlənilir.
MSK gözdən əlil, yerimə imkanı məhdud olan seçicilər üçün də səyyar məntəqələr təşkil edəcək.
Seçkilərin ikinci turunu 7 xarici ölkənin media qurumlarının 582 jurnalist, o cümlədən Azərbaycandan AZƏRTAC, REPORT, APA xəbər agentliklərinin, AzTV-nin və İctimai televiziyanın jurnalistləri, 10 beynəlxalq təşkilatdan 221 müşahidəçi izləyəcəklər. Yerli müşahidəçilərin sayı 12 122 nəfərdir.
MSK bəyan edib ki, səsvermənin ilkin nəticələri səsvermə başa çatandan 2 saat müddətində dərc olunacaq.
İkinci turda namizədlər adi səs çoxluğu ilə qalib hesab ediləcəklər.
MSK ikinci turun keçirilməsi üçün hökumətdən 6 056 718 GEL, təxminən 2,5 milyon dollar əlavə vəsait istəyib.
Oktyabrın 8-də keçirilən parlament seçkiləri üçün isə hökumət MSK-ya 38 136 239 GEL, təxminən 16,2 milyon dollar vəsait ayırmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/region/sabah-gurcustan-parlament-seckilerinin-ikinci-turu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR