Gənc müğənni: "Evə gecə 12-dən sonra gəlirəm" - FOTO

Gənc müğənni: "Evə gecə 12-dən sonra gəlirəm" - FOTO
19:42 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Leyla Ramazanlı: “Tanınmaq üçün milyonlarca yol var”
"Gənclik qəzeti"nin bu həftəki şou ulduzu uşaq yaşlarından efirdə aparıcı Leyla kimi tanınan, indi isə gənclərin sevilən ifaçısına çevrilən Leyla Ramazanlıdır. Leyla kiçik yaşlarından televiziya verilişlərində rəqsləri, aparıcılığı ilə tanınsa da 13 yaşından istiqamətini dəyişərək ifaçılıq sənəti ilə məşğul olmağa başladı. Bu sahədə yeni uğurlara imza atdı.

Rubrikamızın qonağı olan Leyla Ramazanlı bizimlə söhbətində Yeni İl arzularından və gələcək planlarından danışdı.

- Artıq bir ili də geridə qoyuruq. 2014-cü il sizin üçün necə bir il oldu?

- Doğurdan da, zaman göz qırpımında gəlib keçir. 2014-cü il mənim üçün çox düşərli oldu. Ən əsas odur ki, ailəm, sevdiklərim mənim yanımda olsunlar. Allah onları daima qorusun. Onların canının sağlam olması mənim üçün böyük sevincdir.

Yaradıcılığıma gəlincə isə geridə qoyduğumuz ildə bir sıra yeni mahnılarım və bir klipim işıq üzü gördü. Bu il mənim yaradıcılığımın ən uğurlu illərindən biri hesab etmək olar.

Mənim üçün digər bir uğur isə ikinci təhsilimi davam etdirmək oldu. Belə ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinə daxil oldum. 2014-ün sonunda isə “Yuxular” adlı mahnım işıq üzü gördü. İndi də həmin mahnım sevilərək dinlənilir və həmin mahnım hitə çevrilib desəm yəqin ki, yanılmaram. Hesab edirəm ki, bu mahnı 2015-də də böyük səs-küyə səbəb olacaq. Gələn ildən isə bol-bol uğur gözləyirəm. Gələn il səbirsizliklə gözlədiyim albomum işıq üzü görəcək. Artıq alboma daxil olacaq mahnılar hazırlanır. Bildiyiniz kimi albom müğənniyə çox gərək olur. O, bir növ müğənninin şəxsiyyət vəsiqəsi rolu oynayır. Daha sonra gələn ilə iki yeni klip hazırlayıram. Yeni ilə böyük ümid və həvəslə hazırlaşıram. Bu ildən maddi və mənəvi çox şey gözləyirəm. İnşallah növbəti ilə bütün arzularıma qovuşaram.

- Yeni ili necə keçirməyi düşünürsünüz?

- İfaçılıq sənətinə başlayandan Yeni ilimi valideynlərimlə birgə keçirə bilmirəm (gülür). Yeni il tədbiri ilə əlaqədar olaraq bir çox məkanlarda tədbirlərdə iştirak edirəm. Evə saat 12-ni keçdikdən sonra gəlirəm. Ancaq yeni ilə bir neçə dəqiqə qalmış telefon vasitəsilə valideynlərimi təbrik edirəm. Bu ildə həmişəki kimi iş başında olacağam.

- Leyla Ramazanlı Şaxta babanın mövcudluğuna inanırmı?

- Uşaq vaxtı Şaxta babaya daha çox inanırdım. Valideynlərim hər il yeni ildə hədiyyə hazırlayıb Şaxta babaya verirdilər. O, da valideynlərimin verdiyi hədiyyəni bizə sürpriz kimi təqdim edirdi. İndi də çox istəyərdim ki, Yeni ildə bizə Şaxta baba gəlsin və mənə hədiyyə gətirsin. Əslində arzuları reallaşdıra biləcək və özü hədiyyə alıb gətirə biləcək Şaxta babalar var. Biz bunu yeni ilin atributu kimi qəbul etmişik. Şaxta babadan maddi və mənəvi hər şey istəyirəm. Çox istəyərdim ki, o mənə qeyri-adi, heç kimdə olmayan səhnə paltarı hədiyyə etsin. Onu da bilirəm ki, bu, sadəcə bir arzudur. Bu arzum yerinə yetməyəcək.

- Yeni ildə Şaxta babadan başqa kimlərdən hədiyyə gözləyirsiniz?

- Ailəmdən, çevrəmdə mənə yaxın olan insanlardan. Adətən məni sevənlər, fanlarım bayramqabağı mənə müxtəlif hədiyyələr göndərirlər. Onların göndərdiyi hədiyyələr çox maraqlı olur. Ancaq fanlarımdan hədiyyə gözləmirəm, onların sevgiləri mənim üçün yetərlidir.

- Növbəti ildə ailə həyatı qurmağı düşünmürsünüzmü?

- Bu, bir az qəliz məsələdir. Həyatda hər şey öncədən planlaşdırdığımız kimi olmur. Hələ indiyə kimi qarşıma ailə quracağım insan çıxmayıb, elə bir namizədim də yoxdur. Ancaq hər şey qismətdən asılıdır, hər an hər şey ola bilər. Ona görə öncədən ailə quracağım insanla bağlı gələcəyə dair hər hansı bir məlumat verə bilmərəm. İstəyirəm ki, doğru insanı seçim və o yolda ömrümün sonuna kimi addımlayım. Qalan şeylər isə mənasız və sonradan düzələ biləndir. Mən özüm çox kaprizli insan olduğum üçün seçim etmək də çətindir.

- Sizcə gənc ifaçıların bu gün tanınması asandırmı?

- Əksinə. Gənc yaşda tanınmaq heç də asan başa gəlmir. Bəlkə də kimlər üçünsə asandır. O, baxır kim necə tanınmaq istəyir. Sadəcə, sənət xətrinə deyil, tanınmaq xətrinə efirə çıxmaq istəyənlər yüngül qalmaqalla öz istəklərinə nail ola bilərlər. Bu zaman hamı ifasına bələd olmadığı bir insan haqqında danışa bilər. O zaman müğənniyə olan hörmət çox az olur. Çünki o, bu sənətə əziyyətlə gəlməyib. Hamı bilir ki, asan məşhurlaşan ifaçı nələrdənsə istifadə edərək tanınıb. Tək yaradıcılıqla tanınmaq çox çətindir. Tanınmaq üçün milyonlarca yol var. Bu sənətə səbirlə, addım-addım insanların yaddaşında qalaraq, sevgisini qazanaraq ucalmağın dadı tamam başqadır.

- Qalmaqal demişkən, indiyə kimi heç bir müğənni ilə qalmaqalınız olmayıb. Qalmaqalsız gündəmdə qalmağı necə bacarırsınız?

- Bütün sənət yoldaşlarıma hörmət edirəm, hamısı ilə münasibətim yaxşıdır. Mən bu sənətə çox əziyyətlərlə gəlmişəm. Ona görə sənətimi alçaldıb kiməsə cavab qaytarıb, yaxud da nəyəsə öz iradımı bildirib, kiminsə bostanına daş atmamışam. Bəzən olur ki, yaradıcılığımda bir qədər durğunluq yaşayıram. O da işimin çoxluğundandır. Mən bu sənətə qalmaqal, dedi-qodu, söhbətlərə görə gəlməmişəm. Başımı aşağı salıb öz işimlə, yaradıcılığımla məşğulam. Heç bir söz-söhbətə qarışmıram. Asta templə keyfiyyətli mahnılar üzərində işləyirəm. Çünki hər bir mahnının yükü mənim çiyinlərimdədir. Əgər o mahnını mən ifa edirəmsə, keyfiyyətli və səviyyəli şəkildə olmalıdır.

- Uşaq vaxtlarından aparıcı kimi tanındınız, ancaq sonradan müğənni oldunuz. İstiqamətinizi dəyişməkdə səbəb nə idi?

- Bəli, uşaq yaşlarımdan aparıcılıq fəaliyyəti ilə məşğulam. Aparıcı olduğum verilişlərdən qısa da olsa mahnılar ifa edirdim. Yeniyetməlik yaşlarından sonra bu sənətdən uzaq düşdüm. Keçid dövrünü keçirdikdən sonra Eldar Mansurovun “Vətən” mahnısını ifa etdim. Bu mahnı mənə çox uğur gətirdi. Ondan sonra Eldar Mansurovla davamlı layihələrimiz oldu. O, hər zaman bir böyük kimi mənə dəstək oldu. 13 yaşımdan sonra yaradıcılığımı ifaçı kimi davam etdirməyə qərar verdim. Bacım Xavərlə mənə birlikdə bir sıra verilişləri aparmağı təklif edirlər. Mənim zamanım olmadığından hələ ki, aparıcılıq fəaliyyətimi davam etdirməyi düşünmürəm. Xavər isə bəzi təklifləri dəyərləndirməyi düşünür. Yəqin ki, mən də bacımın verilişində qonaq kimi iştirak edərəm(gülür).

- Hazırda sizin yerinizdə olmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

- Mən uğuru asta-asta səbirlə əldə etmişəm. Kənardan məşhur olmaq asan görünsə də bu, heç də belə deyil. Musiqi aləmində hər bir xırda detal əziyyət tələb edir. Ancaq hər işdə qismət böyük rol oynayır. Mən uşaqlıqdan səhnədəyəm. Bilmirdim ki, nə zamansa böyüyüb müğənni olacağam. Taleyim belə gətirdi. Bu da allahın bir qismətidir.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR