Millimiz növbəti sensasiya arzusunda

Millimiz növbəti sensasiya arzusunda
11:37 10 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Sabah DÇ-2018-in seçmə mərhələsində IV tura start veriləcək. Fanat.Az xəbər verir ki, Avropa zonasının oyunları 3 gün ərzində baş tutacaq.


Növbəti matçını səfərdə keçirəcək yığmamızın rəqibi Şimali İrlandiyadır. AÇ-2016-nın iştirakçılarından olan meydan sahibləri turnir cədvəlində komandamızın ən yaxın izləyicisidir.


Seçmə mərhələyə “Niyə də yox?” şüarı ilə başlayan Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv ilk rəqibi San Marinonu məğlub etməyə borclu idi və çətinliklə də olsa, bunu bacardı (1:0). Açığı, həmin səfər görüşündə komandamızın sərgilədiyi futbol nikbin olmağımıza heç bir əsas vermirdi. Gəl ki, futbolçularımız növbəti 2 görüşdə bacardıqlarından da artıq oynadılar. Millimiz əvvəlcə, paytaxtımızda Norveçi məğlub etdi (1:0), ardınca isə Ostravada Çexiya ilə bərabərə qaldı (0:0).

Hazırda hesabında 7 xalı olan yığmamız 2-ci pillədə qərarlaşıb və sabahkı rəqibini 3 xal qabaqlayır.


Komandamızın seçmə mərhələdə uduzmamaqla yanaşı, qapısında qol görməməyi də sevindirici məqamdır, motivasiya üçün bir əsasdır. Lakin Şimali İrlandiyanın son 6 ev oyununda uduzmadığını xatırlatmaqda da fayda var.

 

Əslində, irlandlar bizim üçün həm tanış, həm də münasib rəqibdir. Millimiz 4 il öncə DÇ-2014-ün seçmə oyununda “Vindzor Park”da uduzmamışdı, əksinə, qələbəni son anda əldən vermişdi (1:1). Üstəlik, təxminən 1 il sonra britaniyalıları Bakıdan məğlub yola sala bilmişdik (2:0).



3 il öncəki Şimali İrlandiya yığması ilə indiki komanda arasında fərq odluğu aydın məsələdir. Hər hal, britaniyalıların AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanması rəqibin potensialından xəbər verir. Lakin millimizin ilk 3 oyundan 7 xal toplamaq da adət etdiyimiz durum deyil. Uğurlu seriya yaxalayan Prosineçkinin komandası heç vaxt olmadığı qədər motivasiyalıdır. Yığmamız bu gün uduzmasa, artıq ciddi şəkildə pley-off barədə düşünə bilərik.


Millimizin səfərə ciddi itki ilə yollanıb. Məşq zamanı zədələnən kapitan Rəşad Sadıqov meydana çıxa bilməyəcək. Şimali İrlandiyada isə yarımmüdafiəçi Styuart Dallas və hücumçu Ceymi Uord zədəlidir.


Səfər ərəfəsində yerli mətbuata danışan Prosineçki rəqibin güclü tərəflərindən söz açdı. Xorvatiyalı mütəxəssisin fikrincə,  Şimali İrlandiyanın üstünlüyü ondan ibarətdir ki, futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər: “Azərbaycan yığması bundan əvvəl daha güclü komandalara qarşı oynayıb. Çexiya və Norveç millilərində fərdi ustalığı daha yüksək olan futbolçular var. Şimali İrlandiyanın üstünlüyü isə ondan ibarətdir ki, futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlarda yeni 1-2 futbolçu var, heyətlərinin 99 faizi uzun müddətdir birlikdə oynayır. Əsasən standart vəziyyətlər zamanı qol epizodları yaradırlar, “ikinci mərtəbə”də çox güclüdürlər. Amma yenə də deyirəm, bizim komandada hazırda ab-hava çox gözəldir. Axırıncı nəticələrdən sonra kollektivdə yaxşı atmosfer var. Mən futbolçularıma inanıram”.


Şimali İrlandiyanın çalışdırıcısı Mayk Onil isə görüşün sərt keçəcəyini açıqlayıb:

“Düşünürdük ki, qrup ikinciliyi uğrunda mübarizədə əsas rəqiblərimiz Çexiya və Norveç olacaq. Amma onların hər ikisi Azərbaycanla matçda istədiyi nəticəyə imza ata bilmədi, xal itkisi ilə üzləşdi. Təsadüfi deyil ki, rəqibimiz seçmə mərhələdəki ilk 3 görüşdə çox yaxşı müdafiə olunaraq, qapısından top buraxmayıb. Rəqibin özünəinamı artıb. Oyunun sərt keçəcəyini və çox güclü təzyiq olacağını düşünürəm. 

 





DÇ-2018-in seçmə mərhələsi

IV tur

C qrupu


23:45. Şimali İrlandiya – Azərbaycan

Baş hakim: Klément Turpin

Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. “Vindzor Park” stadionu

 

1. Almaniya 3 3 0 0 8-0 9

2. Azərbaycan 3 2 1 0 2-0 7

3. Şimali İrlandiya 3 1 1 1 4-2 4

4. Norveç 3 1 0 2 4-5 3

5. Çexiya 3 0 2 1 0-3 2

6. San Marino 3 0 0 3 1-9 0


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-novbti-sensasiya-arzusunda-t54028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR