“Şahdağ”da islahatlar – Adil Mahmudov göndərilir

“Şahdağ”da islahatlar –  Adil Mahmudov göndərilir
11:37 17 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+


Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Şahdağ” klubu ciddi dəyişikliklər astanasındadır. Fanat.Az saytının əldə etdiyi məlumata görə, Qusar təmsilçisinin sponsoru “Azenco” şirkəti klubda baş verənlərdən ciddi narahatdır.


Belə ki, “Şahdağ”ın müəmmalı transfer siyasəti və klubun adının mərc oyunları ilə yanaşı çəkilməsi rəhbər şəxsləri hərəkətə keçməyə sövq edib. Bu səbəbdən artıq bir müddətdir ki, kluba maliyyə ayrılmır.


Daxili araşdırmanı sonlandıran sposporlar günahkar da tapıblar – baş məşqçi Adil Mahmudov. Çünki 8 əcnəbi futbolçunu “Şahdağ”a gətirib, lakin onların 90 faizini oynatmayan şəxs məhz odur. “Azenco” rəsmiləri gec də olsa anlayıblar ki, bu işdə başqa bir iş var: I divizion klubu legioner gətirsin, amma oynatmasın... Üstəlik, həmin əcnəbilərin futbol bacarığı yerlilərdən zəif olması da, başqa bir mövzudur.


Bu arada, rəhbərliyin duyuq düşdüyünü anlayan Adil bəy qabaqdangəlmişlik etməyi lazım bilib. O, komandanın nigeriyalı futbolçuları Uçe Çukunyere, Viktor Emenayo və Patrik Sani yola salıb. Yaxın günlərdə daha bir neçə futbolçunun klubdan göndəriləcəyi gözlənilir.


Əcnəbilərdən qurtulmağın bir səbəbi rəhbərliyin duyuq düşməyidirsə, digər amil maliyyənin olmamasıdır. Məlum səbəblərdən “Azenco” kluba pul ayırmağı dayandırdığından, rəhbərlik və baş məşqçi çıxılmaz duruma düşüb.


Hazırda sponsorlar yeni baş məşqçi axtarışındadırlar. Uyğun namizəd tapılan kimi, Mahmudovun işinə son veriləcək. Qış fasiləsindən sonra yalnız yerli oyunçulardan təşkil olunmuş “Şahdağ” görəcəyik.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahdada-islahatlar-t54215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR