AZƏRTAC və Yonhap agentlikləri OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində birgə işləyəcək

AZƏRTAC və Yonhap agentlikləri OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində birgə işləyəcək
18:05 19 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sədrliyə başlayan AZƏRTAC və bu quruma növbəti müddətə rəhbərlik etmək hüququ qazanan Yonhap arasında əlaqələri genişləndirmək üçün böyük imkanlar yaranıb. 

Bu fikirlər Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-Hvanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib. 

Baş direktor Aslan Aslanov bildirib ki, AZƏRTAC birgə layihələr həyata keçirmək, OANA-nın fəaliyyətini təkmilləşdirmək üçün Yonhap agentliyi ilə hərtərəfli əməkdaşlıqda maraqlıdır. Qeyd olunub ki, OANA-nın veb-saytını təkmilləşdirmək, üzv agentlikləri təşkilatın işinə daha geniş cəlb etmək sədrlik müddətində AZƏRTAC-ın prioritet məqsədləri olacaq. Təşkilat çərçivəsində xüsusən videoxəbər mübadiləsini artırmaq, müsabiqələr və treninqlər keçirmək mümkündür. AZƏRTAC 2019-2022-ci illər üçün sədr seçilən Yonhap agentliyi ilə bu istiqamətdə sıx işləməyə hazırdır. 

Vurğulanıb ki, noyabrın 17-də Dünya Xəbər Agentlikləri Konqresində sədrlik vəzifəsinin icrasına başlayan AZƏRTAC bu təşkilatın nüfuzunun artırılması, statusunun BMT səviyyəsində tanınması, zəngin təcrübəsi olan qocaman jurnalistlərin qurumun fəaliyyətinə cəlb edilməsi məsələləri üzərində işləyəcək. Baş direktor noyabrın 16-18-də Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində və OANA-nın XVI Baş Assambleyasında fəal iştirakına görə Yonhap-ın prezidentinə təşəkkürlərini çatdırıb. 

Dünya Xəbər Agentlikləri Konqresində və OANA-da sədrliyi dövründə AZƏRTAC-a uğurlar arzulayan Park No-Hvanq Azərbaycanın hər iki qurumun mötəbər tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu beynəlxalq təşkilatlara sədrlik informasiya mübadiləsi, qarşılıqlı əməkdaşlıq, müasir texnologiyaların tətbiqi və digər sahələrdə irəliləyişlərə nail olmaq üçün yaxşı fürsət yaradır. 

Park No-Hvanq noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Konqres iştirakçılarının bir qrupu ilə görüşünü xatırladaraq bildirib ki, dövlət başçısının Koreya Respublikası ilə münasibətlərə böyük önəm verməsi onda böyük məmnunluq hissi doğurub. Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasətçi olduğunu vurğulayan Yonhap-ın rəhbəri dövlət başçısının yüksək erudisiyasının, dialoqa açıq olmasının, səmimiliyinin, suallara aydın və sərrast cavablarının bütün görüş iştirakçılarında zəngin təəssürat yaratdığını qeyd edib. 

Görüşdə xəbər agentliklərinin inkişaf yolları, müasir proqram təminatlarından istifadə, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri barədə fikir mübadiləsi aparılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR