Qaz təchizatı qəfildən dayanarsa...

Qaz təchizatı qəfildən dayanarsa...
21:47 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qış ayları yaxınlaşdıqca istehlakçıların kommunal problemlərlə üzləşməsi halları da çoxalır. Gah hansısa ərazinin işığı sönür, gah suyun verilməsində fasilələr yaranır, gah qazın təzyiqi aşağı düşür və ya kəsilir, gah kanalizasiya suları yolları ağuşuna alır, gah istilik təchizatında problemlər yaşanır... Ən pisi isə istehlakçıya göstərilən kommunal xidmətlərin bəzən xəbərdarlıq edilmədən dayandırılması ilə bağlıdır. Məsələn, 16 noyabr tarixində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" massivinin sakinləri belə bir narahatlıq yaşayıblar. Gecə saatlarında qaz təchizatının heç bir xəbərdarlıq edilmədən kəsilməsi abonentlərə soyuqda qalmaqla yanaşı, qazın qəfildən verilə biləcəyi təşvişini də yaşadıb. Həmin ərazidə yaşayan əməkdaşımız qaz təchizatının səhər 7.00-da bərpa olunduğunu bildirir. Belə bir vəziyyətin nə qədər təhlükəli olduğunu təsəvvür etmək çətin deyil.
 
Əlbəttə, faciənin baş verməməsi üçün əlaqədar qurumlar insanları qaz avadanıqları ilə ehtiyatlı davranmağa, istehlakçıları verilən qazın təchizatı üçün tələb olunan standartlara əməl etməyə çağırırlar. Bəs abonentlərə verilən qazın təchizatı heç bir xəbərdarlıq edilmədən gecəyarısı dayandırılarsa və səhər saatlarında yenidən verilərsə, onda məsuliyyət kimin üzərinə düşür: əlaqədar qurumların, yoxsa istehlakçıların? Məsələn, Rusiyada hər hansı ərazidə bu kimi təmirlərin aparılacağı ilə bağlı təkcə KİV vasitəsi ilə məlumat verilmir. Belə ki, telekanalları izləmək imkanı olmayan və ya mətbuatdan xəbərsiz olan milyonlarla insanlar var. Bu baxımdan, ərazidəki Mənzil İstismar Sahələrinin işçiləri (JEK) mənzillərin qapısında nə zaman və hansı kommunal sahədə bərpa işlərinin aparılacağı, həmçinin təchizatın hansı müddətə dayandırılacağı ilə bağlı bildiriş qoyurlar. Öncədən məlumatlandırılan vətəndaş da öz təhlükəsizlik tədbirləri ilə yanaşı, vəziyyətdən çıxış yolu üçün hazırlığını görür. Təbii ki, bizdə bu kimi xəbərdarlıqlara rast gəlinməsi inandırıcı deyil. Belədə ümid yalnız TV kanallarına qalır. Onları da işdən-gücdən arğın-yorğun gələn vətəndaş izləyə ya izləməyə...

Qaz təchizatının qəfildən dayandırılmasını xətlərdə hər hansı qəzanın baş verməsi ilə əlaqələndirən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, planlı işlərin görüldüyü zaman, yəni hansısa ərazidə təmir işlərinin aparılacağı məlum olanda öncədən KİV vasitəsi ilə əhaliyə xəbərdarlıq olunur: "Bəzi hallarda qəza qaçılmaz olursa, məsələn, avtomobil hər hansı qaz xəttinə toxunub onu sıradan çıxarırsa və ya qaz xəttində qəza baş verirsə, onda qaz təchizatı qəfildən dayandırılır. Görülən işlər gecəyə qədər çəkdikdə təhlükəsizik baxımından həmin əraziyə qazın təchizatı gecə yox, səhər saatlarında verilir". İ.Kərbalayev bildirir ki, ümumiyyətlə, sakinlər təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Belə ki, qazdan istifadə olunub bitdikdən sonra qaz xətti üzərindəki vintili bağlı saxlamaq lazımdır. Azyaşlı uşaqlar, qaz avadanlıqları ilə rəftarı anlamayan insanların qazdan istifadəsinə yol vermək olmaz: "Təhlükəsizlik qaydaları ilə bağlı KİV vasitəsilə mütəmadi olaraq mütəxəssislər tərəfindən çıxışlar olunur, əhali maarifləndirilir. Həmçinin mənzillərə ilkin qazın açılması zamanı abonentlərə məlumat verilir. Bütün bunlar qaz təchizatında təhlükəsiz istifadə qaydalarına ciddi riayət olunmasından ötrüdür. Bu baxımdan, qazı açıq qoymaq kimi hallara yol vermək olmaz".

Düzdür, vətəndaşların təhlükəsizlik qaydalarına tam təmin etdiklərini iddia etmək düzgün olmaz. Yəni abonentlərin səhlənkarlığı və məsuliyyətsizliyi üzündən baş verən xoşagəlməz hadisələr içərisində ölüm halları da az deyil. Ancaq əlaqədar qurumlar da üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlsələr yaxşı olar. Bir halda ki, müştəri həmişə haqlıdır...

"Kaspi"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/490708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR