Hər şey faciəyə ilə sona çatdı. Bir payız günü gecədən
keçmiş arvadı öldü. O, arvadının əlini buraxmırdı və ona hey nəsə
danışırdı. Yanında əbədi yatan qadın onu eşitmirdi, artıq şüur yox
idi. Amma o, yorulmadan danışırdı, gənclik illərindəki birgə
həyatlarından danışırdı...
***
Raisa Mixail Qorbaçovun əvəzinə SSRİ boyda ölkəni idarə edirdimi?
Bu sual “qırmızıların imperiyası”nın dağılmasından 25 il sonra da
aktual olaraq qalır.
Publika.az bu suala müəyyən mənada cavab verildiyi
“Qorbaçovun həyatı” kitabından bəzi hissələri təqdim edir.
Mixail Qorbaçov Amerika televiziyasına müsahibə verəndə jurnalist
ondan soruşur: “Qorbaçov Kremldə gərgin işdən sonra ailəsinin
yanına qayıdır. O, arvadı ilə nədən söhbət edir?”.
Uzun müddət fasilə yaranır və nəhayət, Qorbaçov dillənir: “Hər şey
haqqında”.
Qorbaçovla arvadının evdə nədən danışdığı haqda sual əbəs yerə
yaranmamışdı. 1987-ci ildə SSRİ-də və xaricdə hər kəs sovet
liderinin arvadından danışırdı. Raisa ərinin bütün səfərlərində onu
müşayiət edir və tez-tez telekanallara çıxırdı. Lakin təkcə
görünmürdü, həm də müəyyən replikalar atır, fikirlər irəli
sürürdü.
Qorbaçovun özü bununla bağlı deyirdi: “Əgər Reyqanın
yanında arvadı Nensi görünürsə, bu normaldır. Lakin Qorbaçovla
arvadı bir yerdə görünürsə, bu artıq inqilabdır”.
Mixail Qorbaçov SSRİ-də rəhbərliyə başlayandan sonra, uzun illərin
ənənəsi pozuldu. Hansı ki, Stalindən başlayaraq, liderlərin
xanımları gözəgörünməz idilər. Qorbaçovdan sonra SSRİ-nin varisi
Rusiyaya rəhbərlik edən Yeltsinin arvadı da ərini müşaiyyət edirdi,
lakin o, Raisa kimi siyasiləşməmişdi. Öz yerini və rolunu
bilirdi.
“Mən siyasətlə məşğul olmuram, lakin ailə vəziyyətimə görə,
bundan kənarda qala bilmirəm. Hesab edirəm ki, Yeltsinin
görüşlərində iştirak etmək hüququna malik deyiləm. Çünki prezidenti
Baş nazirin müavinləri, nazirlər, rəsmi şəxslər müşaiyyət edirlər.
Mən sadəcə həmdərd ola bilərəm”, - Naina Yeltsin
danışırdı.
Raisa üçün isə bu belə deyildi. O, hesab edirdi ki, görüşlərdə
iştirak edə, məsləhətlər verə, təkid edərək öz fikrini yeridə
bilər. Lakin o, özü ərinin əsas məsləhətçisi olduğu haqda
deyilənləri tamamilə rədd edirdi: “Mən onun dövlət və
siyasi işlərinə heç vaxt qarışmıram. Yalnız kömək etmək borcumu
yerinə yetirirəm. Biz Mixail ilə tez-tez müxtəlif məsələlərlə bağlı
mübahisə edirik. Mən sərbəst həyat yolu keçmişəm, tələbələrlə
işləmişəm, elmlə məşğul olmuşam. Təbii ki, mənim də öz baxışlarım
və təsəvvürlərim var”.
Raisa ölkənin birinci xanımı roluna tez alışdı, hətta o, bunu
ərindən daha tez etdi. O, Qorbaçovun köməkçilərinə zəng edir,
tapşırıqlar verirdi. O, Siyasi Büronun üzvü səviyyəsində hər şeylə
təchiz olunmuşdu.
Tarixçilər Qorbaçovu müəyyən mənada Brejnevlə müqayisə edirlər.
Lakin Brejnev dövlət işlərinə arvadının qarışmasına icazə vermirdi.
Sadəcə olaraq, qeyri-rəsmi münasibətdə olduğu tibb bacısını Siyasi
Büronun üzvlərinin iştirak etdiyi ov mərasimlərinə aparırdı. Hansı
ki, belə mərasimlərdə əhəmiyyətli dövlət məsələləri müzakirə
olunurdu.
Qorbaçovda isə bir qədər fərqli idi. Onun cangüdəni sonradan
danışır ki, bəzən Raisa ilə Mixail mübahisə edir və küsüşürdülər.
Belə olanda onlar evə da ayrı-ayrılıqda qayıdırdılar.
İtalyan jurnalist Djuletto Keza Qorbaçovlarla müsahibədə
gördüklərini xatırlayır: “Raisa danışanda Mixail Qorbaçov
onu dinləyirdi. Elə görünürdü ki, sanki onunla razılaşacaq. Lakin
son söz həmişə Qorbaçovun olurdu. Bəzən arvadı ilə razılaşmadığı
zamanlar o, Raisanın əlini tumarlayırdı, bu, instinktiv
olurdu”.
Qorbaçovun arvadının ata Buşa mesajı
Raisada böyük yumor hissinin olduğu deyilir. Misal üçün,
qonaqlıqların birində akademik Arbatov zarafatla deyir:
“Bilirsiniz, yoldaş Qorbaçov, insanlar sizinlə Lenin
arasında bənzərliklərin olduğunu deyirlər. Hər ikiniz hüquqşünas
idiniz, hər ikiniz daz idiniz və hər ikiniz Romonovları
qovdunuz”. (Qriqori Romonov baş katib vəzifəsinə iddialı
idi, lakin Qorbaçov onu qabaqlayaraq rəhbərliyi ələ aldı – red).
Mixail zarafata cavab verməyə imkan tapmamış, onun yerinə Raisa
dillənir və Arbatovu susdurur.
Ata Buş xatırlayır ki, 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da
səfərdə olarkən, Raisanın sərt yumoru ilə qarşılaşıb. Həmin vaxt
ata Buş Reyqan hökumətində vitse-prezident idi. Sovet lideri SSRİ
səfirliyində qəbul keçirir. Qonaq otağında nahardan sonra çox gözəl
rus opera müğənnisi oxuyur. Buş deyir: “Deyəsən mən bu
müğənniyə aşiq oluram”. Raisa ona diqqətlə baxır və
mətanətlə deyir: “Siz yaxşısı budur belə etməyib, Hart
Gerisi xatırlayın”. (Geris keçmiş senator idi, Demokratlar
Partiyasından prezidentliyə namizəd olmuşdu. Lakin arvadı ilə
münasibətləri onun seçkidə məğlub olmasına səbəb oldu - red). Buş
həmin vaxt hiss etdiklərini təsvir edir: “Mən Raisanın
gözlərinə baxdım, anlamaq istəyirdim ki, o, həqiqətənmi zarafat
edir. Lakin üz ifadəsindən anlamadım ki, o, ciddi deyir, yoxsa
zarafat edir”.
Yeddi təyyarənin daşıdığı avtomobillər və Tetçerin hüşunu
itirməsi
Bir dəfə Qorbaçov dünya xəritəsini tapmağı tapşırır. O, bunu baş
çəkdikləri ölkələri qeyd etmək üçün istədiyini deyir. Xəritəni
divara asırlar. Qorbaçovlar ailəsinin səfər etdiyi xarici ölkələrin
paytaxtlarına Moskvadan qırmızı xətlər çəkdilər. Şahidlər deyir ki,
Moskva günəşi xatırladırdı və demək olar ki, dünyanın hər yerinə
ondan qırmızı xətlər uzanırdı.
Prezident mühafizəsinin rəhbəri general Dukoçayev səfərlərin
nəqliyyat tərəfinə diqqət çəkir: “Sosialist ölkələrə
səfərlər zamanı adətən bizim maşınlarımız ZİL-115 olurdu. Lakin
Qorbaçov xüsusi qarajından avtomobilləri çıxartmağı əmr edirdi. Bu,
bəzən bizdə təəccüb yaradırdı. O, belə məsələlərə adi cavab verirdi
ki, birinci katibdir və öz xüsusi maşınında getməyə məcburdur.
Məsələ Qorbaçovun xüsusi maşında getməsi deyildi. ZİL-115-lərdə elə
qurğular var idi ki, dünyanın istənilən yerindən birbaşa Moskva ilə
əlaqə yaratmaq mümkün idi. Lakin müasir maşınlarda bu yox idi. Biz
Qorbaçovun dediyi maşınlarla yanaşı, ZİL-ləri də aparmaq
məcburiyyətində qalırdıq. Bütün bunlar üçün yeddi nəqliyyat
təyyarəsi lazım olurdu. Bəzən avtomobilləri və xidmət personalını
göndərmək üçün təyyarələr 30 reys etməli olurdular. Xüsusilə,
Vaşinqtona, Nyu-Yorka, Kubaya, yaxud Dehliyə səfərlər astronomik
xərclər tuturdu”.
Qorbaçov xarici səfərlərinə özü ilə “əyləncə komandası”nda təmsil
olunan artistlər, yazıçılar, musiqiçilər, rəssamlar və digərlərini
də aparırdı.
Qorbaçovun köməkçisi Boldin deyir ki, bir çox yazıçılar, alimlər,
ictimai xadimlər belə səfərlərə getmək istəmirdilər: “Çünki çox
vaxt onlar heç nə etmirdi. Sadəcə gedib-qayıdırdılar. Lakin bu,
Raisanın xoşuna gəlmirdi. Çünki bütün bu işlərə o baxırdı. Mənimlə
tanış olanlar zəng edib soruşurdular ki, getməsələr nəsə olarmı?
Bəziləri də xəstəlik, yaxud digər bəhanələrlə səfərdən yayınmağa
çalışırdılar”.
Xarici səfərlər zamanı Qorbaçovlar gedilən ölkəni ətraflı təhlil
edirdi. Mixail xüsusilə Qərb ölkələrinə səfərlər zamanı islahatçı
görünməyə çalışırdı. Raisa isə səfər edəcəkləri ölkənin
ədəbiyyatını əzbərləyir, onların filmlərinə baxır, klassiklərindən
kitablar oxuyurdu. Belə səfərlər zamanı Qorbaçovlar ev
sahiblərindən elə şeylər haqda soruşurdular ki, onlar çaşıb qalır,
bəzən də ümumiyyətlə, cavab verə bilmirdilər.
Qərbdə sovet rəhbərləri haqda belə təəssürat var idi ki, onlar
gülmür, təbəssüm etmir, daim tutqun olurdular. Və Qorbaçovun üzündə
açıq təbəssümü görəndə hər kəs çaşıb qalırdı. Hətta Marqareta
Tetçerin Mixailin güldüyünü görəndə yıxıldığı haqda rəvayətlər
var.
Rusiya məişətinə “birinci xanım” anlayışını Qorbaçov daxil etdi.
Əvvələr sadəcə Xruşovun arvadı, yaxud Brejnevin arvadı deyə
danışırdılar. Andropov və Çernenko isə ümumiyyətlə, öz arvadlarını
üzə çıxarmırdılar.
Raisa Reyqanın arvadını Ağ Evdə necə susdurdu?
Ronald Reyqanın arvadı Nensi ilə Raisa Qorbaçovun münasibətləri
əcaib olub. Bir dəfə Vaşinqtonda olarkən Nensi qonağı Ağ Evlə tanış
edirdi. O, mavi yataq otağını qonağına göstərməyə və onun tarixi
haqda danışmağa başlayanda, Raisa onun sözünü kəsərək, Ağ Evdəki
yataq otağının müəmmalı tarixi, həmçinin, digər otaqlar haqda
əzbərdən danışmağa başladı.
Nensi sonralar bu haqda danışarkən deyir: “Mən Raisa ilə ilk
görüşümüzdə əsəbiləşirdim. Onunla nədən danışacağımızı bilmirdim.
Lakin tezliklə gördüm ki, narahat olmağa dəyməz. O, birinci
dəqiqədən danışmağa başladı və demək olar ki, dayanmırdı. Mən arada
bir söz deməyə güclə nail olurdum. İlk görüşümüzdə o, kommunist
sisteminin ümumdünya zəfərindən, ikinci görüşdə sovet incəsənətinin
nailiyyətlərindən danışırdı. Lakin ən sevimli mövzusu bütün
bəşəriyyət üçün marksizm-leninizm və onun tarixi əhəmiyyəti idi.
Hətta ilk dəfə o, mənə Amerika siyasi sistemindəki çatışmazlıqlar
haqqında danışırdı. Mən güman edirdim ki, biz şəxsi həyatdan,
ərlərimiz və uşaqlarımız haqda, çətinliklər barəsində danışacağıq.
Mən narkomaniya ilə mübarizədə bizim proqramız haqqında Raisaya
danışmaq istəyirdim. Lakin birinci sözü deyən kimi o, mənim sözümü
kəsdi və bildirdi ki, SSRİ-də narkomaniya problemi yoxdur”.
“Mən ölməliydim ki...” – faciəli son
Həyat çox amansız və ədalətsizdir. Raisa Qorbaçov leykoz uşaqların
xilası üçün var gücü ilə çalışırdı, lakin özü qan xərçəngindən
öldü. Yazıçı Qeorqi Pryaxin güman edir ki, Raisa bu xəstəliyə
Mixail Qorbaçovla birlikdə Çernobıl səfərində tutulub. Onun ölümlə
mübarizəsinin hər anı faciəli idi və o deyəcəkdi: “Mən ölməliydim
ki, məni sevsinlər”. Arvadının ölümcül xəstəliklə mübarizə apardığı
dövrdə Qorbaçov çox gərgin vəziyyətdə idi. O, dəli kimi
yorulurdu.
“Mən bütün vaxt Raisa ilə qalırdım və bütün gecəni
yatmırdım. Hər 10 dəqiqədən bir onun böyrü üstə çevrilməyinə kömək
edirdim. Onda bel ağırısı bitmirdi”, - Mixail
danışırdı.
Hər şey faciə ilə sona çatdı. 1999-cu ilin sentyarın 20-də səhər
saat 03:00-da Raisa öldü. Mixail arvadının əlini əlində saxlayırdı
və ona nəsə danışmaqda davam edirdi. O, bilirdi ki, Raisanın şüuru
itib və qayıtmayacaq, lakin danışırdı... Gənclik illərində
yaşadıqları birgə həyatlarından danışırdı.
Asif