I və II Dünya müharibələrində Almaniya hakimiyyəti işğal
edilmiş ərazilərdə fahişəlik üzərində nəzarəti əl almağa çalışırdı.
Fahişələrin əsgərlərə verilmək üçün əvvəldən zöhrəvi
xəstəliklərinin olub-olmadığı yoxlanılırdı. Lakin nasistlər bu
məsələyə də irqçi elementləri əlavə edəndən sonra vəziyyət
dəyişdi.
Publika.az xəbər verir ki, tarixçilər Maren Reyqer
və Emmanuel De Bryoyne “Gender & Hostoy” jurnalında dərc
etdirdikləri məqalədə hər iki dünya müharibəsi zamanı fahişələrə
nəzarət edilməsi və bunun nəticələrindən bəhs ediblər.
Parisdə eyş-işrət arzusu və fahişəliyin sonuncu
paytaxtı
I Dünya Müharibəsinin ilk həftələrində Almaniya Belçika və Fransaya
müdaxilə etdi. Müharibənin qısa olacağı gözlənilirdi. Bu isə alman
əsgərlərin seksual davranışına güclü təsir edirdi. Müharibənin qısa
nəzərdə tutulmasına görə, alman ordusunun komandanlığı əvvəlcə
əsgərlərin seksual tələbatı haqda düşünməmişdi. Əksinə, hakimiyyət
hesab edirdi ki, müharibə əxlaqlı və qəhrəman əsgərin obrazında
təcəssüm edərək, millətin mənəvi və bioloji bərpasını təmin edəcək.
Lakin tezliklə işğal edilmiş ərazilərdə qadınların zorlanması
normal hala çevrildi.
1914-cü ilin sentyabr-noyabr ayları dönüş nöqtəsi idi. Əsgərlər
Parisdə eyş-işrət həvəsi ilə yola çıxsalar da, Belçika və Fransada
əyalət fahişələri ilə kifayətlənmiş oldular. Fahişəliyin sonuncu
paytaxtı Brüssel oldu. Əsgərlər cəbhəyə yola düşməmişdən əvvəl
sonuncu dəfə orada kef çəkmək qərarına gəldilər. Nəticədə, ordu
komandanlığı anladı ki, müharibə uzun müddət davam edəcək və
fahişələrdən keçən zöhrəvi xəstəliklər əsgərlərin döyüş ruhunu məhv
edə bilər. Əvvəlcə “fransız əxlaqsıza təslim olmamaq” və özlərini
evdə onları gözləyən arvadları üçün saxlamaqla bağlı çağırışlar
edildi. Lakin kişilərin seksual tələbatını ödəmədən müharibənin
davam etməsi də mümkünsüz görünürdü. Cəbhə bölgəsində hər yoldan
keçənlə cinsi əlaqəyə girməmək və qoruyuculardan istifadə etməklə
bağlı vərəqələr yayılırdı. 1915-ci ilin başlanğıcında işğalçı
hakimiyyət zəbt olunmuş ərazilərdə təkcə fahişəxanaları bağlamaqla
kifayətlənmədi, həm də onların işini nizamlamağa başladı.
100 il öncə mövcud olan əxlaq polisi
Belçikada fahişəlikdə şübhəli bilinən, yaxud bu işlə məşğul
olduğunu gizlətməyən qadınlar həftədə iki dəfə tibii müayinədən
keçməyə məcbur edilirdi. Həmçinin, onlarla münasibətdə olan
əsgərlər də məcburi müayinədən keçirilirdi. Bu işlə tərkibində
alman zabitləri və yerli administrasiyasının nümayəndələri daxil
olan xüsusi əxlaq polisi məşğul olurdu. Müayinədən keçirilən
qadınların siyahısı tutulurdu və güman edilirdi ki, bununla
fahişəliyi nəzarətə ala biləcəklər.
Bunlarla yanaşı müəyyən yerlərdə fahişəliklə məşğul olmaq
qadağan idi: alman qarnizonunun mənzilləri olan binaların və
administrasiya idarələrinin ətrafı, polisin qeydiyyatında olmayan
bar və mehmanxalar bura daxildir. Alman ordusu fahişəxanalarda sərt
rejim yaratmışdı. Əsgərlər və zabitlər olan iki hissə var idi və
onlar keyfiyyətinə görə fərqlənirdi.
Belçikalılar “əxlaqsız”, Fransa pornoqrafiyanın
vətəni
Zöhrəvi xəstəliyə yoluxmuş qadınların məcburi qaydada xəstəxanaya
yerləşdirilməsini özündə birləşdirən fəaliyyət qeyri-rəsmi
aparılırdı. Belə xəstəxanalarda qadınlar həbsxana həyatı yaşayır və
fiziki təzyiqlərə məruz qalırdı. Yerli əhali isə fərqli düşünürdü.
Onlara görə, belçikalı qadınlar fahişə və zöhrəvi xəstəliklərin
daşıyıcısı deyillər. Yerli gizli mətbuat müharibədən əvvəlki dövrdə
Almaniyadakı əxlaqsızlıq yuvaları haqqında yazır və qeyd edirdilər
ki, əslində, alman əsgərləri Belçikaya zöhrəvi xəstəliklər
gətirərək, qadınları ona yoluxdururlar.
Alman işğal hakimiyyəti isə zöhrəvi xəstəliklərin yayılmasını
regionun geridə qalması və yerli əhalinin gigiyena haqqında
primitiv anlayışlarının olmaması ilə izah edirdi. Almanlar özləri
haqqında Avropanın xilaskarları olaraq düşünürdülər. Onların
fikrincə, polyaklar “primitiv düşüncəli”, belçikalılar “əxlaqsız”,
Fransa isə pornoqrafiyanın vətəni idi. İşğalçılar tezliklə mif
yaydılar ki, fransız fahişələr alman əsgərlərini qəsdən zöhrəvi
xəstəliklərə yoluxdurur.
Almanlar Cənub və Cənub-Şərqi Avropa əhalisini “çirkli” hesab
edirdi. Rumıniyada əsgərlərə xəbərdarlıq edilirdi ki, yerli
əhalinin saçları bitlə doludur və rumınlarla cinsi əlaqəyə girmək
qadağandır.
“Küçə qızlarından yoluxmanın təhlükəsi fövqəladə səviyyədə
yüksəkdir; tibii müayinələr yalnız ictimai evlərdə
aparılır”, - Polşa və Litvada yayılan vərəqələrin birinin
mətni belə idi.
İki böyük müharibənin arasında
I Dünya Müharibəsindən sonra alman işğalı altında olmuş ərazilərdə
zöhrəvi xəstəliklərin yayılma sürəti böyük idi. Bu, Belçika
əhalisində ciddi təşviş yaratdı. Qeyri-kommersiya təşkilatları
fahişəliyin nəzarətə alınması məsələsini fəal şəkildə müzakirə
edirdi. Həmçinin, Polşada da fahişəliyin qadağan olunması məsələsi
qaldırılmışdı. Fahişəxanalar qadağan olunmuş, belə yerlərin
sahibləri həbslə hədələnirdi. Analoji vəziyyət Avropanın digər
ölkələrində də baş verirdi.
1933-cü ildə hakimiyyətə gələn nasistlər və onların lideri Adolf
Hitler isə fahişələrə ikili yanaşma sərgiləyirdi. Bir tərəfdən,
onlar həbs olunur və həbs düşərgələrinə göndərilir, digər tərəfdən
II Dünya Müharibəsinin başlanğıcında Üçüncü reyx işğal olunmuş
ərazilərdə, şəhərlərdə, hətta həbs düşərgələrində fahişəxanalar
açırdı.
Hərbi sirlərə malik olan fahişələr
1939-cu il 1 sentyabr tarixində nasistlər Polşaya qarşı hücuma
keçdi. I Dünya Müharibəsinin təcrübəsinə görə, onlar fahişəlik
üzərində dərhal nəzarət sistemi yaratdılar. Fahişələrin qeydiyyatı
və mehmanxanalarda, restoranlarda axtarışı başlandı. Polşadan sonra
bu təcrübə yayıldı və Avropanın digər ölkələrində fahişəxanalar
sisteminin tezliklə qurulması çətin olmadı.
SSRİ-də isə vəziyyət fərqli idi. Moskva 1936-cı ildə elan etdi
ki, ölkədə fahişəliyin kökü kəsilib və seksual xidmətlər zirzəmiyə
gömülüb. Nasitlər isə işğal etdikləri ərazilərdə fahişəliyə nəzarət
etməklə yanaşı, yeni fahişəxanaların fəaliyyətə başlamasına da
dəstək verirdilər.
Fahişəxanaların yaradılmasında iki məqsəd var idi: Birincisi,
zöhrəvi xəstəliklərin qarşısını almaq idisə, ikincisi fahişələr
tərəfindən hərbi sirlərin ötürülməsi təhlükəsini sıradan çıxarmaq
idi.
Digər bir səbəb isə əsgərlərin yerli qadınları zorlamaqdan
çəkindirmək və beləliklə ordunun imicinə xələl gəlməsinin qarşısını
almaq idi. Bununla yanaşı, fahişəxanalar əsgərlər arasında
homoseksuallığın qarşısını almağa xidmət edirdi.
Ən aşağı pillədə olanların taleyi
Nasistlər fahişəlikdə də irq məsələsinə diqqət yetirirdilər. Misal
üçün, slavyanlar aşağı səviyyəli irq idi və ari irqə mənsub
almanlara slavyan qadınları ilə cinsi əlaqədə olmaq qadağan
olunmuşdu. Bu kateqoriyaya polyaklar, çexlər və SSRİ qadınları
daxil idi. Bu qadağaya baxmayaraq, Vermaxtın əsgərləri
fahişəxanalarda öz istədiklərini edirdilər.
Yəhudilər isə bu sistemdən tamamilə çıxarılmışdı. Onlar Üçüncü
reyxin irqi ierarxiyasında ən aşağı pillədə qərarlaşmışdı. Yəhudi
fahişələr dərhal həbs olunur və həbsxanaya göndərilirdi. Müəyyən
müddətdən sonra onları güllələyirdilər.
Xəstəxanada güllələnənlər
Şərq cəbhəsinə yaxın ərazilərdə fahişəxanalar fəaliyyət göstərirdi.
Nasistlər tez-tez ora Fransadan, Hollandiyadan və Polşadan
fahişələr gətirirdilər. Belə vaxtlar qadınlar məcburi müayinədən
keçirdilər. Əgər hansındasa zöhrəvi xəstəlik var idisə, o tam
sağalmayana qədər xəstəxanadan buraxılmırdı. Lakin bu, rəsmi
göstəriş idi. Reallıqda isə nasistlər xəstə fahişələri
güllələyirdilər. Onlar əlavə pul və vaxt xərcləmək
istəmirdilər.
I və II Dünya müharibələrində almanların fahişələrlə bağlı
siyasətində məcburi nəzarət eyni olsa da, nasistlər fahişəliyə belə
irqi ideologiyanı əlavə etmişdilər.
Asif