İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəldi. Sənədlərin imzalanması mərasimindən sonra baş nazir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Liderlərın çıxışlarında İsraillə Azərbaycan arasında mükəmməl münasibətlərin və uzunmüddətli dostluğun mövcud olduğu xüsusi olaraq vurğulandı.
Publika.az-a müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən və ölkələri bir-birinə yaxınlaşdıran məqamlardan danışıb.
- Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədədir. Ölkələri bir-biri üçün strateji edən məqamlar hansılardır?
-İsrail və Azərbaycanı bir-biri üçün maraqlı edən səbəblərdən biri Azərbaycanda xeyli yəhudinin yaşamasıdır. İkinci səbəb İsrailin İranla düşmən münasibətləri ilə bağlıdır. İsrail bölgədə İranın təsirini azaltmaq üçün özünə dost ölkə tapmağa cəhd edib. Azərbaycan da bir müsəlman şiə dövləti kimi İran şiə dövlətinin İsrailə münasibətinin yumşalmasında, siyasətinin dəyişdirilməsində dolayısı ilə rol oynaya bilər. Azərbaycan və İran arasında dostluq əlaqələri var. Beləliklə, Azərbaycan İranla İsrail arasındakı ənənəvi düşmənçiliyi aradan qaldıra, iki dövləti yaxınlaşdıra və onların maraqlarını özündə uzlaşdıra bilər. Üçüncüsü, İsrail tipik Yaxın Şərq ölkəsi olsa da, etiraf etməliyik ki, dünya siyasətində aktivdir və ABŞ-ın xarici siyasətinin müəyyən olunmasında mühüm rol oynayır. Nəzərə alaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müsəlman dünyasına qarşı konkret mövqe ortaya qoyur və açıq şəkildə İsraili dəstəklədiyini bildirir. Bu da İsrailin ABŞ-ın timsalında söz sahibi olan ölkənin olacağı deməkdir. Dördüncü odur ki, tarixən Osmanlı ilə yəhudilər yaxşı yola gediblər. Türkiyə və Azərbaycan strateji müttəfiq olduğu üçün Türkiyə ilə münasibətlərini yoluna qoyan İsrail mütləq Azərbaycanla da münasibətlərini yoluna qoymağa məcburdur. Digər tərəfdən Azərbaycan İsrail üçün yaxşı bazardır. Azərbaycan müharibə vəziyyətində olan ölkə olduğu və silah aldığı üçün həm də silah bazarıdır. Yeni texnika və texnologiyaların tətbiqi üçün də Azərbaycan İsrail üçün cəlbedicidir. Azərbaycan da özünün neft-qaz ehtiyatları və digər strateji məhsullarına, həmçinin geopolitik mövqeyinə görə İsrail üçün maraqlıdır. Yəni, İsrailin Azərbaycanla maraqlanması üçün ona qədər səbəbi var. Bütün bunlar Azərbaycan və İsraili qarşılıqlı maraqlara əsaslanan siyasət aparmağa məcbur edir. Əlaqələr düzgün qurulsa, Azərbaycan İsraillə əməkdaşlıqdan çox şey qazanar.
- Azərbaycan-İran-İsrail üçbucaqındakı münasibətlərə və İsrailin Azərbaycanla hərbi əməkdaşlığına toxundunuz. Azərbaycan-İsrail münasibətləri zaman-zaman İran tərəfindən tənqidlə qarşılanıb. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Amma İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb...
- İsrail dünya silah bazarında həlledici söz sahibi olan ölkələrdən biridir. İsrail istehsalı olan silah və hərbi texnika ilə müqayisə etsək, İranın xeyli geridə qaldığını görərik. İsrailin daha yaxşı, müasir və uzaqmənzilli silahları var. Digər tərəfdən, Azərbaycanın uzaqmənzilli raketlərə ehtiyacı yoxdur. Azərbaycanın düşməni qapının ağzındadır. Azərbaycanın taktiki silahlara ehtiyacı var. Strateji silahlar Rusiyanı qorxutmaq üçün ABŞ-a, yaxud da ABŞ-ı qorxutmaq üçün Rusiyaya lazımdır. İranın həmin raketləri Azərbaycana verməməsinə gəlincə, İran onların özünə qarşı yönələcəyindən qorxur. İranın özünün də Azərbaycanla bağlı siyasəti müsbət olmadığı üçün onun silahlanmasında və güclənməsində maraqlı deyil. Bu baxımdan İranın Azərbaycana silah verməməsini təbii qarşılayıram.
- Yəhudi lobbisi dünyada ən güclü lobbilərdən biridir. Azərbaycan bu lobbidən necə istifadə edir və perspektivlər necədir?
-Əvvəla, yəhudi lobbisinin maraqlarını cəlb etmək üçün gərək İsrail dövlətinin hədəfləri və maraqlarını müdafiə edəsiniz. Bu, bir müsəlman ölkəsi olaraq bizim üçün çox çətindir. Fələstini müdafiə etdiyimiz zaman istər-istəməz İsraillə üz-üzə gəlirik. Türkiyənin İsraillə münasibətlərinin pozulması Fələstin məsələsi, Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrailin hücumu ilə bağlı idi. Eyni zamanda dünyada lobbilər arasında da ziddiyyətlər var. Bu cür lobbilərdən biri də erməni lobbisidir. ABŞ-da yəhudi lobbisinə alternativ olaraq erməni lobbisi güclü şəkildə fəaliyyət göstərir. Bu lobbi çalışır ki, ABŞ hakimiyyətinə təsir edərək ölkənin xarici siyasətini Ermənistanın maraqlarına yönəltsinlər. Ermənilərlə düşmən münasibətdə olduğumuz üçün təbii olaraq yəhudi lobbisi ilə müttəfiq oluruq. Bir tərəfdən Fələstin məsələsinə görə İsraillə yaxınlaşma problemlər var, digər tərəfdən erməni lobbisi ilə rəqabətinə görə yəhudilər təbii strateji müttəfiqimizdir. Azərbaycan bir-birinə zidd bu iki məsələni tənzimləyə bilsə, yəhudi lobbisi Azərbaycan üçün çox əlverişli siyasi gücə çevrilə bilər.
- Qeyd etdiniz ki, yəhudi lobbisinin imkanlarından istifadə etmək üçün İsrailin maraqlarını müdafiə etmək lazımdır. İsrailin baş nazirinin Azərbaycana səfərindən əvvəl belə bir məlumat yayıldı ki, Netanyahunun səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq və Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək. Azərbaycanın bu məsələdə vasitəçilik imkanları hansı səviyyədədir?
- Azərbaycanın bu məsələdə vasitəçiliyi mümkündür. Məsələn, İsrail Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyirsə, bu zaman Azərbaycanın vasitəçilik missiyasının bu və digər formada dünya arenasında önə çıxmasında iştirak edə bilər. Azərbaycan bir müsəlman ölkəsidir. Həm Türkiyə, həm İran vasitəsilə, həm də özü bilavasitə Fələstin məsələsində irəliləyişlərə nail ola bilər. Daha kompromis variantın tapılmasında Azərbaycanın daha çox şansı var. Azərbaycanın bir tərəfi İran, digər tərəfi isə Türkiyədir. Bu iki ölkənin Fələstin məsələsində özlərinə məxsus mövqeləri var. Azərbaycanın həm də ərəb ölkələri ilə sıx əlaqələri var. Azərbaycanın imkanları var ki, Fələstin məsələsində maraqlı olan Türkiyə, İran və ərəb ölkələri ilə əlaqəli şəkildə İsraillə bu problemin həllində daha əlverişli vasitəçi kimi çıxış etsin.
Ömər Dağlı