Azərbaycanın yeni Rəşid Behbudovu

Azərbaycanın yeni Rəşid Behbudovu
12:27 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncamla 2 gənc mükafatlandırılıb.
“Report”xatırladır ki, sərəncamla musiqi sahəsində xüsusi istedadı olan iki gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.
Həmin gənclərdən biri Behbudov Rəşid Ələddin oğludur. Onun ad və soyadının Azərbaycanın dünya şöhrətli estrada və opera müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun ad-soyadı ilə eyni olmağı diqqət çəkib.
“Report” R.Behbudovun təhsil aldığı Bülbül adına orta ixtisas musiqi məktəbinə müraciət edərək istedadlı gəncin tərcümeyi-halı ilə maraqlanıb. Məktəbdən bildirilib ki, onun dahi sənətkarla heç bir qohumluq münasibəti yoxdur.
Təhsil ocağından bildirilib ki, Behbudov Rəşid Ələddin oğlu 2000-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub. Hazırda həmin məktəbin XI sinif şagirdidir. Tanınmış pedaqoq, Bakı Musiqi Akademiyasının müəllimi Nülufər xanım Tabasaranskayanın sinfində təhsil alır.
Məktəbdə oxuduğu illər ərzində bir çox uğurlara imza atıb. 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan ümumtəhsil və orta ixtisas təhsil müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların respublika müsabiqəsində uğurla çıxış edərək II dərəcəli diplom ilə təltif olunub. 2013-cü ildə ISESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinintəşkilatçılığı ilə keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının IIBeynəlxalq müsabiqəsi"ndə I dərəcəli diploma layiq görülüb.
2013-cü ildə Tbilisi şəhərində gənc pianoçuların VI Beynəlxalq müsabiqəsi keçirilib. Bu müsabiqədə Rəşid Behbudov uğurla çıxış edib, III dərəcəli diploma layiq görülüb.
Görkəmli pedaqoq, pianoçu və ictimai xadim H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər Festivalında fəal iştirakına görə diploma layiq görülüb.
2015-ci ildə M.Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən konsertdə Xalq artisti Teymur Göyçayevin rəhbərlik Dövlət Kamera Orkestri ilə F.Şopenin 1 saylı Konsertini böyük məharətlə ifa edib.
2015-ci ildə Rəşid Behbudov Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru T.Göyçayev və XI sinif şagirdi A.İsmayılov ilə birgə Azərbaycan-Britaniya Cəmiyyətinin təşkilatçılığı ilə İngiltərədə Purcell schoola ezamiyyə olunmuş və orada konsert proqramı ilə çıxış edib.
Rəşid Behbudov “From festival till festival” beynəlxalq festivalının Gala Konsertinin iştirakçısıdır. 2016-cı ildə Qəbələdə keçirilən pianoçuların beynəlxalq müsabiqəsinin diplomantıdır.
Rəşid Behbudov həmçinin 2016-cı ildə “Future stars” beynəlxalq festival-müsabiqədə laureat adına layiq görülüb.


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/azerbaycanin-yeni-resid-behbudovu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR