Bakıda oğlunun sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Yuri Raskov Vladimiroviçin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisi çıxış edib: “Əvvəllər yaxşıydı, sonradan dəliliyi tutub, heç nə üstündə bacımı öldürüb".
Qətlə yetirilən şəxsin anası məhkəmədə ifadə verib: “Bu özünü dəli kimi aparır. Normal adam olub. Hamı ilə oturub yemək yeyib. Özünü normal aparıb. Sadəcə indi özünü "afirist"liyə vurub. Özünü dəli kimi aparır ki, cəza almasın. Çox mundar adamdı, dediklərimi çox yaxşı başa düşür, başını indi aşağı salıb, guya heç nədən xəbəri yoxdur, başa düşmür. Çoxbilmişlik edir".
Təqsirləndirilən şəxsin həkimi Tural Abdiyev məhkəmədə ifadə verib. O, ifadəsində bildirib ki, Yuri Raskovda ahıllıqla bağlı psixi problemlər yaranıb. Bu problem 55-60 yaşdan sonra çox içki içən, müxtəlif dərmanlardan istifadə edən insanlarda baş verir. Bu ilin yanvarında müayinədən keçib".
Təqsirləndirilən şəxsin oğlu Valeri Roskov ifadəsində qeyd edib ki, mərhumla 3 il qabaq tanış olub: "Sonra birlikdə yaşamağa başladıq. Atam da bizimlə yaşayırdı. Onda heç bir psixoloji problem sezməmişdim. Normal insan kimi yaşıyırdı. Gəlinlə də münasibəti yaxşıydı. Xəstə olduğuna inanmıram. Arvadımı da hansı səbəbdən qətlə yetirdiyini hələ də anlamıram. Yanvar ayında nəsə içmişdi. Təcili yardım gəldi, qəbul eləmədi. Sonra Maştağaya apardılar. Amma indiki kimi ola bilməz. Uzun müddət "svarşik" işləyib. İçki çox içirdi”.
Təqsirləndirilən şəxsin qonşusu olmuş Elxan Heydərov şahid qismində dindirilib.
O, ifadəsində bildirib ki, hadisə günü evdə olub: "Oğlu gəldi, dedi, tez elə, Sabunçu xəstəxanasına getmək lazımdı. Gəldim, qız vurulmuşdu. Apardıq, amma ölmüşdü. Kişinin özü 30 il qonşum idi. Çox sakit adam idi. Yoldaşı öləndən sonra nəsə çatışmazlıq yarandı. Çölə çıxıb o yana bu yana gedib gəlirdi. Amma heç kimlə işi yoxuydu".
Hakim deyib ki, istintaq orqanı da bu şəxsin cinayət törədən zaman anlaqsız vəziyyətdə olduğunu bildirib.
Məhkəmə istintaqı başa çatıb.
Prokuror Yuri Raskovun barəsində tibbi xarakterli məcburi tədbir görülməsini aparılmasını məhkəmədən xahiş edib.
Məhkəmədə qərar elan edilib. Qərara əsasən Yuri Raskov barəsində tibbi xarakterli məcburi tədbirlərin aparılması üçün 1 saylı psixiatrik xəstəxanaya göndərilib.
Qeyd edək ki, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1952-ci il təvəllüdlü Yuri Raskov Vladimiroviç aralarında yaranan mübahisə zəminində oğlu təvəllüdlü ilə qeyri-rəsmi nikahda olan 1982-ci il təvəllüdlü İnna Berezuyeva Eduardovnaya çoxsaylı bıçaq zərbələri endirib. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Polis və prokurorluq əməkdaşlarının apardığı əməliyyat nəticəsində qətli törədən Yuri Vladimiroviç tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Yuri Raskovun psixoloji problemləri olub. O, bu il yanvar ayında məcburi psixi müayinlərə cəlb edilib.