Sərhəd-keçid məntəqələrində fitosanitar qaydalara dair seminar keçirilir

Sərhəd-keçid məntəqələrində fitosanitar qaydalara dair seminar keçirilir
13:44 22 Dekabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Sərhəd-keçid məntəqələrində fitosanitar qaydalarının tənzimlənməsi, bitki və bitkiçilik məhsullarının yoxlanılması” mövzusunda seminar keçirilir.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 21-dən işə başlayan ikigünlük seminar “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunub.

Seminarı Latviya Qida və Baytarlıq Xidmətinin Sərhəd Nəzarət İdarəsinin fitosanitar məsələləri üzrə direktor müavini Kristina Romanova aparır.

 

BMT İnkişaf Proqramının strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev çıxışında seminar nəticəsində əldə edilən biliklər sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətin keyfiyyətinin artırılmasına, sərhəddən keçirilən bitki və bitkiçilik məhsullarının dəqiq yoxlanılmasına, o cümlədən Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

 

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Rauf Məmmədov “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin aktuallığından bəhs edib və sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub.

 

İştirakçılara fitosanitar nəzarəti üzrə tənzimləyici qaydalar, fitosanitar nəzarətin sənədləşdirilməsi, keyfiyyəti idarəetmə sistemi, bitki məhsullarının risk elementləri, ağac və ağac qablaşdırma materiallarının yoxlanılması və digər mövzularda bilgi verilir, onları maraqlandıran suallar cavablandırılır.

Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.

Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Qırmızı Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR