Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) dekabrın 28-də
keçirilən IV qurultayında yeni prezident, həmçinin, 10
vitse-prezident seçilib. ÜAK-ın vitse-prezidentləri arasında diqqət
çəkən adlar TASS-ın direktor müavini, Azərbaycanın dostu Mixail
Qusman və əslən Azərbaycandan olan yəhudi milyarder Qod Nisanovdur.
Qusman Rusiya ictimai-siyasi həyatında, xüsusilə media sahəsində
aktiv şəxslərdəndir. Qod Nisanov isə Rusiya biznes həyatında güclü
mövqeyə malik olan şəxsdir. Bu iki şəxsin ÜAK-da təmsil olunması
Rusiyada Azərbaycan maraqlarının qorunması baxımından
əhəmiyyətlidir.
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov
Publika.az-a açıqlamasında bildirib ki, bu iki şəxsin
ÜAK-da yüksək postda təmsil olunması doğru addımdır: “Qusman
Rusiyada Azərbaycanın maraqlarını müdafiə edən şəxslərdəndir və
həmişə bizim maraqlarımızı müdafiə edir.

Bir sıra məsələlərdə real mövqe sərgiləyir. Həm çıxışları, həm
də fəaliyyəti ilə Azərbaycana dəstək verir. Qod Nisanov isə
Azərbaycanda yəhudi icmasının nümayəndəsi olaraq, bizim
maraqlarımızı lazımi səviyyədə qoruyur. Belə şəxslərin ÜAK-da
təmsil olunması hər şeydən öncə Azərbaycan maraqlarının digər
millətlər tərəfindən müdafiəsi baxımından vacibdir. Həmçinin,
Rusiyada aktiv olan erməni diasporu qarşısında daha güclü mübarizə
aparmaq üçün lazımdır”.
F.Sadıqov qeyd edib ki, ermənilər üçün Rusiyada işləmək daha
asandır: “Çünki Ermənistan və Rusiya bir çox məsələlərdə eyni mövqe
sərgiləyir. İstər beynəlxalq məsələlərdə, istər digər ölkələrə
münasibətdə, istərsə də Dağlıq Qarabağ məsələsində bu belədir. Buna
baxmayaraq, Azərbaycan diasporu Rusiyada daha aktiv olmalıdır.
Lakin burada iki problem var: birincisi, bəzi hallarda zəif iş
aparırıq, ikincisi, bir çox hallarda rus və erməni ekspertlər
birləşərək bizə qarşı çıxırlar. Bu baxımdan, Qusman, Nisanov kimi
şəxsləri Rusiyadakı işimizə cəlb etmək doğru addımdır”.
Politoloq Qabil Hüseynli də
Publika.az-a açıqlamasında adıçəkilən şəxslərin
ÜAK-da fəaliyyətə başlamasına əhəmiyyətli hadisə adlandırıb.

“Bunu Rusiyadakı diaspor işimiz baxımından böyük hadisə
adlandırıram. Qusman Azərbaycanın maraqlarından çıxış edən şəxsdir.
O, hələ “Bakılı oğlanlar”da olan zamandan bu işi həyata keçirir.
Həmçinin, Bakıda keçirilən humanitar forumlarda həmişə ekspert
olaraq çıxış edir. Bu şəxsin ÜAK-da vitse-prezident olması vacib
seçimdir”, - deyə o bildirib.
Q.Hüseynli əlavə edib ki, Qusman Rusiya prezidenti Vladimir Putinin
də şəxsən tanıdığı, hörmət etdiyi publisistdir: “Eyni sözləri Qod
Nisanov haqqında da deyə bilərik. Hər iki şəxs Putinə yaxın adamlar
hesab olunur. Nisanov yəhudi olsa da, Rusiyada fəaliyyət göstərsə
də, Azərbaycanı həmişə Vətən olaraq görüb. Bu şəxslərin ÜAK-da
olması diaspor fəaliyyətimizə yeni stimul verir”.
Asif