Sevgilimin sabah SMS-ləri...

Sevgilimin sabah SMS-ləri...
21:12 13 Yanvar 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bədbəxtliyi yaşamadan, pisləri görmədən xoşbəxt olmaq arzusu axmaqca görünür mənə. Bizi nəyin xoşbəxt etdiyini bilməyimiz üçün bədbəxtliyi tanımalıyıq, bizi bədbəxt edən şeyləri bilməliyik, yeri gəlsə, bədbəxt olmaqdan çəkinməməliyik. Yaşadığımız hər bir bədbəxtlik gələcək xoşbəxtliyimizin müjdəçisi ola bilər. Xülasə, məncə, xoşbəxt olmaq üçün əvvəlcə bədbəxt olmaq şərtdir. Bəli, hələ ki xoşbəxt olmaq ümidi ilə yaşayıram...

Yazıya aforistik cümlələrlə başlayıram ki, gözəl xanımlar, xüsusilə kədərli və gözəl xanımlar, daha doğrusu, gözəl, kədərli, tənha və müdrik xanımlar bu cümlələri feysbukda paylaşıb şaxsey-vaxsey desinlər, tvit atıb saçlarını yolsunlar, inistaqramda paylaşıb dizlərinə döysünlər. Bütün məqsədim Azərbaycan qadınını kədərləndirmək, onun içinə yuvarlandığı ümidsizliyi daha da dərinləşdirməkdir. Qısacası, məqsəd qanqaraçılıqdır.  Qanqaraçılıq demişkən, istəyirəm, qadınlarımız haqqında bəzi müşahidələrimi bölüşüm. Açığı, yüzlərlə ciddi və həlli vacib problemin arasında qadınlarımızdan yazmaq yerinə düşmür, bilirəm. İntəhası, özümdən asılı deyil, arada yersiz yazılar yazmaq haqqımdan istifadə etməkdən böyük zövq alıram. 

İlin-günün bu vaxtı qadınları düşünmək, onlara yazı həsr etmək, anlamağa çalışmaq əslində böyük bəşəri problemin aktuallığını anlamaqdır. Məncə, bütün problemlərin, şair demiş, bütün müharibələrin, aclığın, yoxsulluğun, səfalətin, rəzalətin, ətalətin və cəhalətin təməli qadındır. Bu tezisimi sübut etmək imkanım olsa da, etmirəm. Səbəbi çox sadədir, kefim belə istəyir!

İstəyirəm ki, gənc feministlər məni seksist, qadın düşməni adlandırsınlar. Açığı, seksist sözünün mənasını bilməsəm də, xoşuma gəlir. Məncə, seksist olmaq seksi olmaqdan yaxşıdır. Əsl Azərbaycan kişisi kimi, qadına hər addımbaşı şiddət göstərməyin, dışlamağın, əzməyin, başıqapazlı etməyin tərəfdarıyam. Yadınızdadır, qadınların sərt kişiləri sevdiyini yazmışdım ha, bax həmin söhbəti xatırlayanları bir daha salamlayıram!

Nə isə, mövzudan uzaqlaşmayım, axı qadınlarımızla bağlı bəzi müşahidələrimi bölüşəcəkdim.

Tanıdığım, ünsiyyətdə olduğum, oturub kofe içdiyim, çay udumladığım, çörək kəsdiyim, rəqs etdiyim, şeir oxuduğum, sevgi məktubu yazdığım, feysbukda şəkillərini bəyəndiyim qadınların böyük əksəriyyəti görünüşcə olduqca müasir təsir bağışlasalar da,  məhləmizdə tum satan 86 yaşlı Xeyransa xaladan zərrə qədər fərqlənmirlər. Vay o günə ki, söhbəti dərinləşdirib insani münasibətlərdən, sevgidən, eşqdən söhbət açasan! Vay dədə! Dərin ümidsizlik, güvən, etibar və inam problemi ilə başlayan söhbət, aldadılmaqdan, xəyanətdən, şikayətdən keçib, "Allah  bütün kişilərin bəlasını versin, hamınız eynisiniz" parafrazı ilə yekunlaşır. Rastlaşdığım on qadından doqquzu bu şəkildə bəddua, nifrin yağdırır, kişilərə kin püskürür, deyinir, şikayətlənir.

Böyük əksəriyyətin "topdan" münasibətini anlasam da, ömür boyu ər corabı yumayan, sevgilisinin köynəyinə ütü çəkməyən, soyuqlayanda nişanlısına banka qoymayan birinin kişilərə nifrət etməsini tam olaraq  başa düşə bilmirəm. Açığı, ərindən boşananı, sevgilisindən ayrılanı, nişanı qayıdanı, xəyanətə uğrayanı başa düşürəm, amma həyatının baharında, yaşının ən sevməli vaxtında "kişilərə inanmıram" deyib dodaq büzən kədərli və şıltaq qızları heç anlamıram, anlamaq da istəmirəm.

Ay xanım, ay gözəl insan, ay şirinbaş, cıqqılı bəbiş, sən bütün kişiləri tanımağa nə vaxt fürsət tapdın axı? Niyə özünüzü bu qədər sıxıb kişilərlə aranızda dərin uçurumlar yaradırsınız, əvəzedilməz gözəl məxluqlar?  Siz gənc, savadlı, dünyagörmüş xanımların məhləmizdəki 86 yaşlı qoca qarıdan fərqi olmalı deyilmi? Pardon, Xeyransa xala siz müasir xanımlarımızdan bir addım öndədir desəm, yanılmaram, çün sovet dövrünün bərkgedən vaxtlarında yetişib, qurduğu cümlələr və həyata baxışı müasir xanımlardan daha ümidli, daha işıqlı, daha pozitivdir. Üstəlik ər corabı, pijaması yuyub, kişinin tüklü kürəyinı bankalayıb, ayağını qaynar suya da qoyub. 

...Bizim sevimli xanımların ağ atlı şahzadə həsrəti, köntöy, duyğusuz birindən romantika gözləməsi, oduncağı yontalayıb ideal kişi yaratmağa çalışması heç kəsə sirr deyil. Hələ sevgini bayağılaşdırıb, ucuzlaşdırıb məişət səviyyəsinə salmalarını demirəm. Azərbaycan qadını sevgilisini, ərini, nişanlısını öz sevgisi ilə xoşbəxt etməkdənsə, bu sevgi ilə iyrəndirməyə, öldürməyə çalışır. Gecə zəngləri, sabah SMS-ləri, gün ərzində yazışmalar isə başqa pəstahadır. Hələ ərinin və ya sevgilisinin telefonunu nəzarətə götürən xanımlar var ki, həyəcandan sevməyi unudub ancaq qısqanclıq oyunları qurmaqla məşğul olurlar. Bu gərginlikdə sevgi barədə düşünmək olar? Bütün günü ərinin telefon şifrəsini qırmağı, feysbukunu "hack etməyi" düşünən qadının sevməyə vaxtı qalar? 

Uzağa getmirəm, biri elə mənim sevgilim.

Sabahın gözü açılmamış mesaj alıram: "Doşanım, düz 4 saat 23 dəqiqədir ki, mənə SMS yazmırsan, üstəlik votsapın, mesengerin online göstərir, instaqramda 21 dəqiqə əvvəl şəkil paylaşıb, 11 dəqiqə öncə tvit atmısan. Mənə şeir yazıb göndərsən, dünya dağılar? Sən məni sevmirsən! Hamınız beləsiniz, allah bəlanı versin".

Buyur, bu da sevgilinin sabah SMS-i. Oxu, həyatı dördəlli qucaqla, günə pozitiv başla.

Hə, gözəl xanımlar. Bu yazını burada yekunlaşdırıram, çünki elə indicə sevgilim SMS yazıb ki, tez ol, olduğun yerdən foto şəkib göndər.  Sizi tənqid etmək xoş idi, amma gərək lazımsız söz-söhbətdən qaçmaq üçün durum selfi çəkim....

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/506980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR