Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Aqil Abbas musiqi məktəblərinin şagird qəbulunun azaldılması ilə bağlı verilən tapşırığa sərt şəkildə etiraz edib.

Publika.az-ın məlumatına görə, deputat bildirib ki, mədəniyyət sahəsinə ayrılan vəsait 3 milyon manat artırılıb:

“Ancaq çox təəssüf ki, biz bunun müsbət nəticəsini görmürük. Bu il musiqi məktəblərinə şagird qəbulunun 50 faiz azaldılması məsələsini irəli sürüblər. Biz onda bu pulu necə artırmışıq? Əgər 50 faiz şagird azaldılırsa, deməli 50 faiz müəllim də işinin dalınca getdi! Bizim musiqiyə bu qədər diqqət yetirilir, dünyada təbliğ edilir, dünyanın ən möhtəşəm salonlarında çıxış edirik. Bəs azaldılırsa, sabah o musiqini kim çalacaq? Axı oxuyanların hamısı Alim Qasımov olmur! Bunun içindən də istedadlar seçilir. Əksinə, musiqi məktəblərində tələbənin sayını artırmaq lazımdır. Çünki rayonlarda musiqi məktəbinə düşmək üçün qırğın gedir”.

Vasif Həsənli