Kişilər ağlayar, həm də kişi kimi ağlayar

Kişilər ağlayar, həm də kişi kimi ağlayar
19:22 14 Mart 2015
63 Sosial
Ölkə mətbuatı
A- A+

Hər sevən könül ağlayar, kiminin göz yaşı görünər, kimininki görünməz. Məcnun səhrada “Leyli” deyib ağladı. Məcnunu ağladan Füzuli də ağladı: “Cisminin zəifliyini bəhanə gətirib, göz yaşı axıtma, unutma ki, incinin ən bahalısını, ən dəyərlisini düzmək üçün sapın ən incəsini, ən naziyini seçərlər”- deyib təsəlli tapdı.
 
Kimlər ağlamadı ki, atam balası? Bir xətamı, bir hikmətmi nəticəsində cənnətini itirmiş, sonra da Qabilin Habili öldürdüyünü bilən Adəm atamız ağlamadımı? İman etmədiyi üçün övladı göz önündə dalğalara təslim olan Həzrəti-Nuh ağlamadımı? İbrahim ağlamadımı, atası atəşpərəst Azəri haqq yoluna gətirə bilməyincə. Balığın qarnında zülmətdən işığa yol gələn Yunus ağlamadımı? Əsasını vurmaqla dəniz yarılıb yol açılan, İsrailoğullarını Misir qıptilərinin zülmündən qurtaran, amma qırxgünlüyə getdiyi Tur dağından dönərkən bir az əvvəl məzlum durumunda olanların zalıma çevrildiklərini, Haqdan dönüb, qızıldan düzəltdikləri bir buzov heykəlinə sitayiş etdiklərini görən Musa ağlamadımı? Məryəm oğlu İsa ona zülm edənlərin aqibətinə ağlamadımı?
 
Adam var, döyülüb ağlayır, adam var, söyülüb ağlayır, kimi canının ağrısından; kimi itirdiyi həyatına; kimi əlindən çıxan var-dövlətinə ağlayır. Hər kəs ağlayır dünyada, hərə bir dərdnən ağlayır. Kim nəyinən ağlayırsa, ağladığıynan özünə dəyər biçir.
 
Allah düşüncəsiylə axıdılan hər damla göz yaşı bir əlçim bulud olub kölgə salacaq sahibinin başına. Bəlkə ən böyük qazancımız elə o duyğu, o düşüncə ilə axıtdığımız göz yaşlarıdır. Göz yaşı duz dadar, duzlu ot bitirməz. Sənin gözlərindən axirətə süzülən göz yaşlarından orada hansı güllər açacaq, hansı fidanlar boy verəcək, Allah bilir. Allah üçün ağlayan göz cəhənnəm alovu görməz. Bu müjdə Rəsulullahın (s.ə.s.) bizlərə əmanət verib getdiyi daha bir sevgi, sevinc qaynağıdır.
 
“Kişilər ağlamaz” demə, kişilər ağlayar, həm də kişi kimi ağlayar.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/329619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR