Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsinə çağırış edən müxalif şəxslərə etiraz edib.

YAP-çı deputat M.İbrahimqızı Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti üzvlərinin səsvermə hüququndan məhrum edilməsi məsələsini qaldıran insanlar Azərbaycana ermənilərdən daha çox düşmənçilik edirlər:

“Bu cür adamlar dərk etməlidir ki, həmin Azərbaycan nümayəndə heyəti Milli Məclisin üzvü olmaqla yanaşı, xalq tərəfindən seçilən deputatlardır. Həmin deputatlar Milli Məclisə təyin olunmayıblar, xalq tərəfindən seçiliblər. Xalqın seçdiyi nümayəndələrə də bu cür etimadsızlığı yalnız onların seçiciləri edə bilər. Mən təsəvvür edə bilmirəm ki, AŞPA-ya çağırış edən həmin şəxslər bu qədər primitiv biliklərə sahibdirlər. Hər kəs yaxşı bilir ki, Milli Məclisə deputat seçilmək üçün seçicilərin səsini qazanmaq lazımdır”.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Milli Məclisə seçilən və kifayət qədər təcrübələri olan deputatlardır:

“Hesab edirəm ki, özlərini “vətəndaş cəmiyyəti fəalı” adlandıran bu şəxslər Azərbaycan əleyhinə kampaniya aparmaqla erməni dəyirmanına su tökmüş olurlar. İnanın ki, bu cür hərəkətləri damarında erməni qanı axan insanlar belə etməzdi, ancaq bu şəxslər edir. Bu gün Ermənistanda təqibə məruz qalan ayrı-ayrı vətəndaş cəmiyyəti və QHT nümayəndələri, yazıçı və şairlər Azərbaycana üz tuturlar. Həmin ermənilər Serj Sarkisyanın Dağlıq Qarabağda və Xocalıda soyqırımlar və cinayətlər törətdiyini etiraf edirlər və Azərbaycan dövlətindən yardım istəyirlər. Çox təəssüf ki, adını “azərbaycanlı” qoyan, lakin Azərbaycan sərhədlərindən kənarda ölkəmizə qarşı ləyaqətsiz və anti-milli fəaliyyətlə məşğul olan bir sıra şəxslər bu cür alçaqlıqlara əl atırlar. Halbuki, onların hər hansı narazılığı varsa, bunu Azərbaycan daxilində də etmək olar. Azərbaycanda istənilən sağlam siyasi mübarizə mühiti mövcuddur. Ancaq ölkəmizdən kənarda Azərbaycanın milli maraqlarına zərbə vurmağa hesablanan bu cür addımlar yolverilməzdir”.

Xatırladaq ki, özünü “vətəndaş cəmiyyəti fəalı” adlandıran 60-ya yaxın şəxs AŞPA sessiyasına millət vəkilləri - Elxan Süleymanovu və Müslüm Məmmədovu assambleyadan çıxarmaq, Azərbaycan nümayəndə heyətinin səs hüququnu araşdırma yekunlaşana qədər dondurmaq çağırışı ilə müraciət ediblər.