“Rusiya Azərbaycana “İsgəndər” raket kompleksini sata
bilər”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Hrant
Melik-Şaxnazaryan deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyadan yeni silahlar
alır:
“Bu məsələdə Rusiya da maraqlıdır. Bu baxımdan, “İgəndər” raket
kompleksinin Azərbaycana verilməsi istisna deyil”.
Erməni politoloq Rusiyanın müttəfiqi olan Ermənistanın
maraqlarına qarşı çıxış etdiyini bildirib.
Qeyd edək ki, ötən ilin 21 sentyabr tarixində Ermənistan hərbi
paradda “İsgəndər” raketlərini nümayiş etdirdi. Lakin sonradan
məlum oldu ki, bu raketlər Rusiyanın Gümrüdəki 102-ci hərbi
bazasına məxsusdur və Ermənistan ordusuna verilməyib.
102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov
və Oleq Vladimiroviç tərəfindən həmin vaxt sosial şəbəkələrdə
paylaşılan fotolarda bu, öz əksini tapırdı.
Bununla yanaşı, İrəvan nümayiş etdirdiyi raket kompleksinin 500
kilometr hədəfi 100 faiz dəqiqlikdə vura bilən “İsgəndər-M” raketi
olduğunu iddia edirdi. Amma silah satışı ilə bağlı beynəlxalq
qanunvericilikdə 300 kilometr məsafəni vura bilən raketlərin satışı
zamanı mütləq BMT-yə məlumat verilməlidir. Rusiyanın bunu etməməsi
bir daha təsdiqləyirdi ki, Ermənistanda nümayiş olunan raketlər
“İsgəndər-M” yox, “İsgəndər-E” raketləridir və bu raketlər
Ermənistan ordusuna yox, Rusiya hərbi bazasına məxsusdur.