Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat
Partiyasının (ASDP) sədri Araz Əlizadənin “Erməniləri bizim
üstümüzə salan elə Osmanlı idi” iddiası ciddi qalmaqala səbəb
oldu.
“Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa
Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.
Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan
sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”, - deyə o iddiasında
bildirib.
Bütün tarixi mənbələrin əksinə olan bu iddianın kimə istinadən
səsləndirilməsi də maraqlı idi.
A.Əlizadə bildirib ki, o, bu barədə Fazil Mustafanın (Milli
Məclisin deputatı – red.) elmi məqaləsinə istinadən danışır.
F.Mustafa isə deyilənləri təkzib etdi və bildirdi ki, heç vaxt Nuru
Paşaya qarşı bir kəlmə də yazmayıb.
Nuru Paşa Bakının azad edilməsi üçün Tağıyevdən qızıl alıb? - QALMAQAL
Nuru Paşa Bakı üçün Tağıyevdən qızıl alıb?
Sonradan Araz Əlizadənin yanlışlığa yol verdiyinə görə Fazil
Mustafadan üzr istədiyi haqda məlumat yayıldı. İki deputatın
mübahisəsi sona çatsa da, Nuru Paşa haqqında iddianın müzakirəsi
bitmir.
Publika.az bu müzakirələri nəzərə alaraq, XX əsrin
əvvəllərində baş verənlərə aydınlıq gətirmək üçün tarixçilərə üz
tutdu.

Bakı Dövlət Universitetinin tarix elmləri üzrə doktoru,
professor Nəsiman Yaqublu deyir ki, Türkiyənin Azərbaycan
tarixində xilaskarlıq missiyasını danmaq olmaz: “Türklər 1918-ci
ildə də Azərbaycanın dövlət olmasında önəmli rol oynadı. Başda Nuru
paşa olmaqla türk əsgərləri Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti
ilə gəlmişdilər. 1918-ci ildə AXC ilə Osmanlı dövləti arasında
müqavilə imzalanmışdı. Həmin müqavilənin dördüncü maddəsində
deyilirdi ki, “Azərbaycan xalq Cümhuriyyəti Osmanlı dövlətindən
hərbi yardım istəmək hüququna malikdir”. Türklər həmin müqaviləyə
əsasən Azərbaycana gəldilər və Bakını azad etdilər”.
Osmanlının erməniləri azərbaycanlıların üstünə qaldırması iddiasına
gəlincə, N.Yaqublu məsələnin başqa cür olduğuna diqqət çəkib.
“Osmanlıda yaşayan ermənilər özlərinin dövlətini yaratmaq
xülyası ilə silahlı qiyama başladılar. Vanda, Zonquldağda və digər
bölgələrdə belə qiyamlar oldu. I Dünya müharibəsində Çar Rusiyası
da Türkiyə əraziləri hesabına erməni dövlətinin yaradılmasını
dəstəkləyirdi. Lakin Türkiyə buna imkan vermədi. Həmin vaxt
Azərbaycana keçən silahlı ermənilər azərbaycanlıları qətlə
yetirməyə başladılar. Həmçinin, I Dünya müharibəsində çar ordusunun
tərkibindəki silahlı ermənilər müharibədən sonra Qərbi Azərbaycanda
yüzlərlə kəndimizi dağıtdı, minlərlə azərbaycanlını qətlə yetirdi”,
- deyə o vurğulayıb.
Professor Məmməd Əmin Rəsuzladənin 1918-ci ildə türklərlə bağlı
dediklərini də diqqətə çatdırıb: “Rəsulzadə yazırdı ki, “1918-ci
ilin 28 mayında dövlətimizi qurmuşuqsa, 15 sentyabrda bunu sözdən
əmələ keçirmişik”. Yəni Bakı işğaldan azad olunandan sonra bu
mümkün olub.
Rəsulzadə həmçinin, vurğulayırdı ki, “28 may olmasaydı, 15 sentyabr
da olmayacaqdı, 15 sentyabr olmasaydı, 28 may olmayacaqdı.
Birincinin səbəbkarı biz, ikincinin isə türklərdir”. Gəncədən
başlayaraq, Bakı, Göyçay, Hacıqabul, Şamaxı, Qobu, Ağsu və digər
ərazilərin azad olunmasında 1000-dən çox türk əsgəri şəhid olub.
Biz xilaskarımız olan bu şəhidlərin ruhuna hörmətlə
yanaşmalıyıq”.