“Qaranquş”un təqdimatı keçirilib - FOTO

“Qaranquş”un təqdimatı keçirilib - FOTO
17:29 3 Fevral 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Azərbaycan Məktəbində “TEAS Press” Nəşriyyat  Evinin uşaqlar üçün yeni “Qaranquş” adlı aylıq jurnalının (www.qaranqush.az) ilk buraxılışının təqdimatı keçirilib.

 

APA-nın xəbərinə görə, jurnalın baş redaktoru Aysel Zahidqızı bildirib ki, azyaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan jurnalın əsas məqsədi uşaqları maarifləndirmək və əyləndirməkdir. O deyib ki, jurnalda maraqlı hekayələr, məqalələr, müxtəlif sahələr üzrə rubrikalar, oyunlarla yanaşı, ingilis dilində mövzulara da yer verilir: “Uşaqlar “Qaranquş”u əldə etməklə başqa bir xarici aləmə səyahət edəcək və hər ay jurnalı oxuduqda maraqlı məlumatlar əldə edə biləcəklər. 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak edib. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur. Jurnalın adının “Qaranquş” seçilməsi təsadüfü deyil. Çünki baharın müjdəçisi olan qaranquşu hər kəs sevir və jurnalımızda uşaqlara yeni informasiyalar məhz onun vasitəsilə verilir. Bizim məqsədimiz odur ki, uşaqları hər zaman əyləndirək və onları çalışqan olmağa öyrədək”. 

 

A. Zahidqızı qeyd edib ki, jurnal hər ay işıq üzü görəcək. Onun sözlərinə görə, jurnala 6 aylıq və 1 illik abunə olmaq mümkündür: “Bundan əlavə, satışdan da əldə etmək mümkündür. Jurnal ilkin olaraq 3 min tirajla buraxılır, amma gələcəkdə ehtiyac olduqda bu say artırılacaq”.

 

Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə bildirib ki, yeni nəşr uşaqların bilik və bacarıqlarını əks etdirəcək və məktəblilər yeni biliklər əldə edəcəklər. Şair Ələmdar Quluzadə “Qaranquş”da 5-10 yaş arası uşaqları maraqlandıran mövzulara aid rubrikalar olduğunu söyləyib. Müasir uşaq yazarı Reyhan Yusifqızı, Avropa Azərbaycan Məktəbinin ibtidai siniflər üzrə direktor müavini Validə Həsənova da çıxış edərək təbriklərini çatdırıblar. Onlar deyiblər ki, jurnal hazırlanarkən ibtidai siniflər üçün tədirs planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə jurnal həm müəllimlər, həm də şagirdlər üçün faydalıdır.

 

Qeyd edək ki, “TEAS Press" Nəşriyyat Evi (www.teaspress.az) Azərbaycanda nəşriyyat işinə dəstək vermək, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunub. ”Nəşriyyat Evi “3 alma” (www.3alma.az) əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR