x
Loading...

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş ənənəvi caz festivalı

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş ənənəvi caz festivalı
17:48 16 Mart 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 16 mart AZƏRTAC 
Martın 16-da Azərbaycanın əfsanəvi cazmeni, dövlət mükafatı laureatı Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə “Vaqifsayağı” caz festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı baş tutub.
İki hissədən ibarət olan festivalda əvvəlcə dünya şöhrətli pianoçunun yaxınları, dostları, ictimaiyyət və media nümayəndələri Yasamal qəbiristanlığına gələrək Vaqif Mustafazadənin məzarını ziyarət edib, onun qəbirüstü abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri festival ərəfəsində keçirilən tədbirlər haqda məlumat verərək bildirib ki, Vaqifi ildə bir gün yox, mütəmadi olaraq xatırlamaq lazımdır. Çünki o, özündən sonra böyük bir irs qoyub. Azərbaycan caz musiqisində xidmətləri olan böyük sənətkar kimi Vaqifi gənc nəsillərə tanıdığımız kimi təbliğ etməliyik.
Sonra iştirakçılar sənətkarın İçərişəhərdə yerləşən ev muzeyinə gəlib, buradakı eksponatlarla tanış olublar. Cazmenin yaxın dostları xatirələrini bölüşüblər.
Muzeyin direktoru Afaq Əliyeva gələn qonaqlara, festival təşkilatçılarına təşəkkürünü bildirib.
Sonra İçərişəhərdə “Vaqifsayağı” caz festivalı başlayıb. Festivalda Akif Süleymanbəyli, İlham Nəcəfov, Zaur Mirzəyev və başqa tanınmış və gənc caz ustaları çıxış edib.
Mərasimdə caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünəməxsus şəkildə ifa ediblər.
Festivalın ruhuna uyğun olaraq, tamaşaçıların Vaqifsayağı görkəm alması – onun kimi geyinməsi, onun simasını əks etdirən formada saç düzümü, parik, bığ taxması tədbirin ab-havasına daha da rəng qatıb.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vaqif_Mustafazadenin_xatiresine_hesr_olunmus_enenevi_caz_festivali-839707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR