Bakı. 14 fevral. REPORT.AZ/ “Finance Leasing” ASC-nin ABŞ dolları və Azərbaycan manatı ilə dövriyyəyə buraxmağa hazırlaşdığı 1 500-ə yaxın istiqrazın artıq müştərisi var.
Bu barədə “Report”a açıqlamasında lizinq şirkətinin İdarə Heyətinin sədri Elşad Nəsibov məlumat verib.
Onun sözlərinə görə, qiymətli kağızları 10-dan artıq fiziki şəxs alacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 6-da “Finance Leasing”in 3 istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu emissiyalar hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1 227 ədəd və 86 ədəd, eləcə də hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. İlk emissiya üzrə illik gəlirlilik 9%, 2-ci və 3-cü emissiya üzrə isə 14%-dir. Tədavül müddəti 1 080 gün olan qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
E.Nəsibov onu da qeyd edib ki, rəhbərlik etdiyi şirkət hüquqi şəxslər üçün də istiqraz buraxmağı planlaşdırır: “Hazırda sığorta və investisiya şirkətləri ilə bu istiqamətdə danışıqlar gedir”.