1781-ci ilin bu günündə İngiltərə astronomu Uilyam Herşel düzəltdiyi teleskopla Günəş sisteminin 7-ci “Xarici planet”i olan Uranı kəşf edib. Əksetmə qabiliyyətinə görə birinci yeri tutan və 15 peykdən ibarət bu planet Günəş ətrafında tam dövrünü 84 ilə başa vurur.
1930-cu ilin 13 martı həm də ABŞ astronomu Klod Tombo tərəfindən Günəş sisteminin 9-cu planeti olan Plutonu kəşf etdiyini bəyan etməsi ilə də tarixə yazılıb.
Qeyd edək ki, Günəş ətrafında dövr edən “ən böyük cırtdan planetlər”dən sayılan Plutonun fotosu Yerdən 5 milyard km uzaqda çəkilib.
13 mart həm də XIX əsrin dahi kimyaçılarından olan Dmitri Mendeleyevin 1869-cu ildə kimyəvi elementlərin qruplaşdırılmasını tamamlaması ilə xarakterizə edilir. Birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparan alimin ‘Kimyanın əsasları” əsəri qeyri-üzvi kimya alimlərinin tədqiqatlarına ciddi şəkildə təsir göstərib.
1639-cu ilin bu günü ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən olan Harvard Universitetinin əsasının qoyulması ilə də xüsusilik qazanıb. Fəaliyyətə Kembric kolleci kimi başlayan universitetin əsas kapitalı təxminən 34,9 milyard dollardır. Hazırda Harvard Universitetinin bakalavr pilləsində təhsil alan tələbələrlə müqayisədə magistrant və aspirantlar çoxluq təşkil edir (12424 nəfər). Universitetin məşhur məzunları sırasında ABŞ prezidentləri Teodor və Franklin Delano Ruzvelt, Con Kennedi və kiçik Corc Buş da yer alır.
13 mart 1921-ci ildə Çingiz xanın vətəni olan Monqolustan Çindən ayrılaraq öz müstəqilliyini elan edib. 1992-ci ilin 13 yanvarında isə Monqolustan Böyük Xalq Xuralında ölkənin yeni konstitusiyası qəbul edilərək, dövlət gerbi təsdiq olunub. 13 mart 1995-ci il həmçinin, Azərbaycan Respublikasi və Syerra-Leone arasında diplomatik münasibətlərin qurulması ilə xüsusi önəm daşıyır.
Aytən Novruzov / Metbuat.az