“Fransa ilə Azərbaycan arasında çox yaxşı münasibətlər
var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi sferada inkişaf
edir”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq
qrupunun üzvü Fuad Muradov Prezident İlham Əliyevin Fransaya rəsmi
səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün Fransa şirkətləri Azərbaycanda uğurla
fəaliyyət göstərirlər: “Azərbaycanda fəaliyyət göstərən Fransa
şirkətlərinin sayı 50-dən çoxdur. İki ölkə arasında əlaqələr
iqtisadi münasibətlərə də mühüm töhfə verir. Prezident İlham Əliyev
Fransaya səfəri zamanı bu ölkənin biznes dairələri ilə mühüm
görüşlər keçirtdi. Bu görüşlər Azərbaycan-Fransa iqtisadi
əlaqələrinin daha da inkişaf edəcəyinə təsir edəcək”.
F.Muradov qeyd edib ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir.
“Bir müddət öncə biz Fransa Senatında mühüm görüşlər keçirtdik. Bu
gün Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu çərçivəsində
çox yaxşı əməkdaşlıq var. Fransadan olan deputat qrupu Azərbaycanda
səfərdə olarkən də ərazi bütövlüyümüzə dəstək nümayiş etdirdilər”,
- deyə o bildirib.
Dostluq qrupunun üzvü əlavə edib ki, Prezident İlham Əliyevin
Ollandla görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi:
“Azərbaycan Prezidenti orada Azərbaycanın ədalətli mövqeyini bir
daha gündəmə gətirdi. Olland da mövcud status-kvonun
dəyişdirilməsinin vacibliyi haqda danışdı. Fransada prezident
seçkiləri keçiriləcək və ölkəyə yeni prezident rəhbərlik edəcək.
Lakin Fransanın xarici siyasət istiqamətləri dəyişmir. Fransa
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir, buna görə də
ondan Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe gözləyirik.
Prezident İlham Əliyev Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə
bir daha dilə gətirdi. İnanırıq ki, bu görüşlərin münaqişənin
həllinə müsbət təsirləri olacaq”.
Prezident İlham Əliyevin bəzi fransız şirkətlərinin Dağlıq
Qarabağda qanunsuz fəaliyyəti haqda Parisdə səsləndirdiyi fikirlərə
də toxunan F.Muradov bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı
hüquqi tədbirlər həyata keçirir.
“Azərbaycan dövlətinin mövqeyi qətidir. Bu yaxınlarda Avropa
Parlamentində açıq şəkildə bildirdik ki, müxtəlif ölkələrin,
həmçinin, Fransanın bəzi şirkətləri Dağlıq Qarabağda və işğal
olunmuş digər rayonlarda qanunsuz fəaliyyət göstərirlər. Prezident
İlham Əliyev də bunu bir daha vurğuladı. Qeyd etdi ki, qanun hamı
üçün eynidir. Beynəlxalq qanunvericilik var və hər kəs buna uyğun
fəaliyyət göstərməlidir”, - deyə Milli Məclisin üzvü diqqətə
çatdırıb.
Asif